QR CodeQR Code

"Rusiyanın Medvedyev dövrü başa çatacaq"

1 Oct 2010 16:05

IslamTimes - İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının azərbaycanlı üzvü Cavad Cahangirzadə oktyabrın 1-də jurnalistlərə açıqlamasında Rusiya prezidenti Dmitri Medvedyevin son günlərdə İrana qoyduğu sanksiyalara münasibət bildirib.



“Media forum” saytının məlumatına görə, Cavad Cahangirzadə Rusiyanın İrana S-300 raketlərini verməkdən imtina etməsinin səbəbinə toxunub: “Tehranla Moskva arasındakı əlaqələrdə fasilə yaranmasının nə Rusiyaya, nə də İrana xeyri var. Bu elə Qərbin izlədiyi hədəfdir. Təəssüflər olsun ki, Rusiyanın bəzi siyasətçiləri Qərbin məqsəd və hədəflərinə diqqət yetirmədən onun (Qərbin) meydanında oynayır və nəhayət, bundan ziyan da görəcəklər.
Hesab edirəm ki, Rusiyanın S-300 raketlərini İrana verməklə bağlı müqaviləni pozmasına Tehran səbirlə yanaşmalı, məsələnin hüquqi həlli üçün şikayət etməlidir. Rusiyanın Medvedyev dövrü başa çatacaq. Çünki bu ölkənin siyasi elitası Rusiyanın hazırkı mövqeyi və apardığı siyasətlə razılaşmır”.
Rusiya prezidenti Dmitri Medvedyev sentyabrın 22-də fərman imzalayaraq İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya sistemləri, zirehli texnika, hərbi təyyarə, vertolyot və gəmilər satılmasını yasaqlayıb. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub.
Sentyabrın 30-da isə Dmitri Medvedyev Rusiya ərazisində İran üçün uran hasilatı, nüvə materialları və texnologiyaları istehsalı və ya istifadəsinə aid istənilən növ kommersiya fəaliyyətinə qadağa qoyub.
Kremlin bu qərarları BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları ilə əlaqədardır.
BMT Təhlükəsizlik Şurasının 2010-cu il iyunun 9-da İrana tətbiq etdiyi sanksiyalarla bağlı Moskva Tehrana başqa yasaqlar da qoyub. İranın nüvə proqramına aidiyyəti olan rəsmilərdən Abbas Rza Aştiyaninin (İran Atom Enerjisi Təşkilatının rəhbərlərindən biridir), Məhəmməd İslaminin (İran Müdafiə Sənayesi Elmi-Tədqiqat İnstitutunun rəhbəri) və briqada generalı Məhəmməd Rza Nəqdinin Rusiyaya girişi qadağan olunub. /Mediaforum/


Story Code: 38872

News Link :
https://www.islamtimes.org/az/news/38872/rusiyanın-medvedyev-dövrü-başa-çatacaq

Islam Times
  https://www.islamtimes.org