QR CodeQR Code

“Əl-Əzhər”in eks-rektorundan mükəmməl müsahibə

30 Jun 2014 17:30

IslamTimes - “Əl-Əzhər”in eks-rektorundan şiələrə dəstək: “Məgər Əbubəkr və Öməri qəbul etmək İslamın əsaslarındandırmı?" - MÜSAHİBƏ


Misirdəki məşhur Əl-Əzhər universitetinin keçmiş rektoru, doktor , şeyx Əhməd Tayyib Misirin Nil televiziyasına verdiyi müsahibəsində sünni-şiə münasibətləri ilə bağlı açıqlamalar verib və bu məsələdə hər hansı problem kimi yanaşanları “mənfur xarici siyasətçilərin işi” adlandırıb. Modern.az  müsahibəni oxuculara təqdim edir.
 
Müxbir:
- Cənab Tayyib, Sizin nəzərinizə görə, şiələrin əqidəsində problem varmı?
 
Dr Tayyib:
- Xeyr, onların əqidəsində heç bir problem yoxdur. 50 il bundan qabaq “Əl-Əzhər”in baş müftisi olmuş şeyx Şəltut şiə məzhəbinin İslam məzhəblərinin 5-ci məzhəbi olduğuna dair fətva vermişdi. O vaxtdan şiəlik digər İslam məzhəbləri kimi (hənəfi, hənbəli, maliki, şafei) İslam məzhəbi sayılır. 
 
Müxbir:
- Son zamanlar ölkəmizdə və digər bölgələrdə kütləvi şəkildə şiə məzhəbinə qoşulanlar var. Hətta Əl-Əzhər universitetinin ustadlarının övladlarından da bu məzhəbi qəbul edənlər var. Buna görə biz nə etməliyik?
 
Dr Tayyib:
- Yaxşı, olsunlar. Bir şəxs əgər hənəfi məzhəbindən maliki məzhəbinə keçərsə,biz ona etiraz edirikmi? Bunlar da dördüncü məzhəbdən beşinci məzhəbə keçiblər və bunun heç bir eybi yoxdur.
 
Müxbir:
- Cənab doktor, şiələrin bizimlə qohum olmasına, qız alıb-verməsinə necə baxırsız?
 
Dr Tayyib:
- Bunun heç bir narahatlığı yoxdur, məzhəblər arasında evlilik azaddır.
 
Müxbir:
- Deyilənə görə, şiələrin Quranı əsl Qurandan fərqlidir. Bu haqda nə deyə bilərsiz?
 
Dr Tayyib:
- Bu sözlər qoca arvadların xurafat sözlərindəndir. Şiələrin əlində olan Quranla bizim Quranın heç bir fərqi yoxdur. Hətta heç bir hərfi əskik, ya artıq deyildir.
 
Müxbir:
- Səudiyyə Ərəbistanından olan 23 ruhanı alimi (müftilər) şiələrin kafir və rafizi olduğuna dair fətva veriblər.
 
Dr Tayyib:
- Dünya müsəlmanları üçün fətvanı yalnız Əl-Əzhər verə bilər. Onların verdiyi fətvaların heç bir əhəmiyyəti yoxdur.
 
Müxbir:
- Bəs şiə və sünnülər arasında olan bu qədər ixtilaflara münasibətiniz necədir?
 
Dr Tayyib:
- Bu ixtilafların yaradılması və alovlandırılması mənfur xarici siyasətçilərin işidir. Onlar müsəlmanları bu yolla zəiflədib tərəqqidən saxlamağa çalışırlar.
 
Müxbir:
- Mənim sizə ciddi bir sualım var, şiələr Əbubəkr və Öməri qəbul etmirlər. Siz bunları necə müsəlman hesab edirsiz?
 
Dr Tayyib:
- Bəli, qəbul etmirlər. Məgər Əbubəkr və Öməri qəbul etmək İslam dininin əsaslarındandırmı? Bu usuli-dindəndirmi?
Onların məsələsi tarixi bir məsələdir və tarix əqidə əsaslarından deyil.
 
Verilən cavablardan heyrətə gələn müxbir yenidən soruşur:
- Şiələr belə bir iddia edirlər ki, onların 1000 ildən çox yaşı olan İmam Zamanları vardır, buna münasibətiniz necədir?
 
Dr Tayyib:
- Bəli, mümkündür. Niyə də mümkün olmasın? Amma bizim onların əqidəsində olmağımız üçün dəlilimiz yoxdur. (əhli-sünnə bu əqidədədi ki, İmam Mehdi doğulacaq).
 
Müxbir:
- Möhtərəm ustad, 8 yaşlı bir uşağın imam olması mümkündürmü?
 
Dr Tayyib:
- Beşikdə bir körpə peyğəmbər (İsa peyğəmbər) olursa, 8 yaşlı bir uşağın imam olması da mümkündür. Ola bilər ki bizim əhli-sünnə olaraq buna etiqadımız olmasın, lakin bu mövzu İslama heç bir xələl gətirmir...


Story Code: 396385

News Link :
https://www.islamtimes.org/az/news/396385/əl-əzhər-in-eks-rektorundan-mükəmməl-müsahibə

Islam Times
  https://www.islamtimes.org