0
Tuesday 22 July 2014 - 13:00

“SOCAR və Ərdoğanın oğlu BTC neftini İsrailə satır”

Story Code : 400859
“SOCAR və Ərdoğanın oğlu BTC neftini İsrailə satır”
Qəzet bunu Ərdoğan hökumətinə ittiham olaraq vurğulayıb.
Məsələ burasındadır ki, İsrail rejiminin Qəzzanı bombalaması Türkiyənin daxili siyasətində də istifadə mövzusuna çevrilib. Ərdoğan və ona yaxın olan media bu mövzuda İsrail rejimini kəskin şəkildə pisləməklə yanaşı, müxalif düşərgəni Qəzza faciəsinə səssiz qalmaqda, İsrail rejimini müdafiə etməkdə suçlayır. Belə ittihamlardan birini də “Star” qəzeti irəli sürüb və bu zaman Ərdoğana müxalif mövqeyi ilə seçilən “Tərəf” qəzetinin adını hallandırıb.
“Tərəf” buna cavabında yazır ki, “Star” öz ittihamlarında haqsızdır və diqqəti İsrail rejiminə işbirliklərindən yayındırmaq istəyir. Belə olmasaydı, hazırkı sahibi SOCAR-ın İsrailə neft satdığını nəzərə alardı.
“Tərəf” yazır ki, SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company hazırda Aralıq dənizində İsrail rejimi üçün neft axtarır. Bundan başqa SOCAR BTC vasitəsilə İsrail rejiminə neft satır. Qəzetə görə, “Star”ın başqalarını “İsrail yanlısı” deyə ittiham etməsi öz sahibi SOCAR-ın adının Qəzzadakı vəhşətlə yanaşı çəkilə biləcəyi qorxusundan doğur.
“Tərəf”in yazdığına görə, Ərdoğanın oğlu da BTC neftinin İsrail rejiminə satılması ilə məşğuldur. Qəzet bu məsələ ilə bağlı CHP lideri Kılıçdaroğlunun baş nazir Ərdoğana müraciətlə dediklərini də sitat verib: “Əgər sən doğrudan da İsrailə dərs vermək istəyirsənsə, Malatyadakı radar stansiyasını bağlayarsan. Sənin oğlun İsrailə neft daşıyır. Orada havaya qalxan qırıcıların, hərbi gəmilərin, tankların yanacağını sənin oğlun verir”.
Yazıda Enerji və Enerji Təhlükəsizliyi Mərkəzinin eksperti Tuğce Varola istinadən bildirilir ki, BTC ilə nəql edilən Azərbaycan nefti hesabına İsrail rejimi neftə olan tələbatının 30 faizini ödəyir.
Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə bu ittihamlara cavab olaraq deyib ki, Türkiyə hökuməti İsrail rejiminə hər hansı neft və ya neft məhsulları satmır: “Tamamilə yalan iddia ilə qarşı-qarşıyayıq. Əgər İsrailə dair siyasət qurmaq fikriniz varsa, bunu yalan üzərində quraşdırmayın. Türkiyə hökuməti İsrailə hər hansı neft satmır. Tranzit satışlar var. Yəni bu, Türkiyədəki başqa firmaların, ölkələrin gördüyü işdir. BTC-dən nəql edilən neftin getdiyi onlarla ölkə var. Bunu BP sata bilər, hər hansı başqa şirkət sata bilər”.  /Azadliq.info/
Comment