0
Monday 18 October 2010 - 18:56

Seçki debütünün ilkin nəticələri

Story Code : 40828
Seçki debütünün ilkin nəticələri
Seçki debütünün ilkin nəticələri
Bu ilki seçkilərin debüt mərhələsini ötən seçkilərin analoji mərhələsi ilə də müqayisə etdikdə bir sıra maraqlı məqamlar ortaya çıxır. Və bəlkə də, debüt mərhələnin yekun nəticəyə necə təsir edəcəyi ilə bağlı da ilkin ehtimallar ortalığa gələ bilər.

NAMİZƏDLİYİN QEYDƏ ALINMASI, DEPUTAT SEÇİLMƏYƏ BƏRABƏRDİR

Bu mərhələnin ən yadda qalan məqamı – məhz namizədlərin qeydiyyata alınması məsələsi oldu. Belə ki, hər bir blokdan namizədlərin qeydiyyata alınması, sanki seçkilərdə qalib gəlməyə, deputat seçilməyə bərabər oldu. Çünki indi göstərəcəyimiz statistik rəqəmləri izləyən bir xarici ölkə vətəndaşı elə hesab edə bilər ki, Azərbaycanda artıq seçkilər keçirilib ( və bu seçkiləri MSK adlı qurum həyata keçirib) və çətin prosedurlardan sonra millət vəkilləri müəyyən edilib. Əslində isə, təbii ki, belə deyil. Bu ilki seçkilərin debüt mərhələsinin kulminasiya nöqtəsi olan namizədlərin qeydiyyata alınması zamanı son nəticələr belədir:
Hakim Yeni Azərbaycan Partiyasının
Namizədliyi qeydə alınan şəxslərdən 111-i YAP-ın, 35 nəfəri “AXCP-Müsavat”, 32 nəfəri “Qarabağ”, 31 nəfəri “İslahat” seçki bloklarının, 30 nəfər KXCP-nin, 21 nəfəri AMİP-in, 20 nəfəri DADP-nin, 19 nəfəri “İnsan naminə” seçki blokunun və s. partiyaların namizədləridir.
Burada xüsusi olaraq onu qeyd etmək yerinə düşər ki, əgər hakim YAP-dan namizədliyi irəli sürülmüş 114 nəfərdən 112-nin namizədliyi qeydə alındısa, aparıcı digər siyasi blok olan “AXCP-Musavat”ın 125 seçki dairəsi üzrə namizədindən cəmi 35 nəfərin namizədliyi qeydə alındı. Yəgin ki, burada əlavə şərhə ehtiyac yoxdur.

NAMİZƏDLƏRƏ DÖVLƏT VƏSAİTİ AYRILMAYACAQ – EFİR VAXTI İSƏ 1 SANİYA = 29 MANAT

Debüt mərhələnin ən yadda qalan anlarından biri də namizədlərin təbliğat-təşviqat kampaniyalarını həyata keçirmələri üçün onlara ayrılan efir vaxtı ilə bağlı oldu. Belə ki, yalnız İTV qismən istisna olmaqla, qalan bütün televiziyalar namizədlərə pulsuz efir vaxtının ayrılmasından imtina etdi, ANS TV isə ümumiyyətlə təşviqat kampaniyasında iştirak etməkdən imtina etdi. İTV-yə gəlincə isə, xaricdən böyük təzyiq və tələblərdən sonra televiziyanın qoyduğu şərtlərə görə, MSK ilə İctimai Teleradionun birgə qərarına əsasən, hər bir namizəd pulsuz efir vaxtından istifadə edəcək. Debatda bütün namizədlərə eyni şərait yaradılır və müəyən olunmuş vaxt çıxışçılar arasında tam bərabər bölünür. İctimai Televiziya seçici aktivliyini artırmaq məqsədilə canlı debatları praym-taymda, yəni axşam saat 21:00-dan 23:00-dək yayımlayır. Bu iki saat ərzində namizədlər öz dairələrindən olan digər namizədlərlə dəyirmi masada çıxış edirlər. Hər gün təqribən 30 nəfər bu proqramda iştirak edir. Hər bir namizədə 4 dəqiqə pulsuz efir vaxtı ayrılır. Bundan kənar isə, televiziya olduqca böyük bir məbləğli efir vaxtı ayırmağa razılıq verdi. Televiziyanın tarifləri belə müəyyənləşdirilmişdir; namizədlərin kanalda 1 saniyə efir vaxtı üçün səhər saatlarında 13 manata, axşam saat 18.47-də 20 manat, 22:47-də isə 29 manat ödəniş nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, seçkilərə startla bağlı Milli Məclisin 18 iyun 2010-cu il Plenar iclasında Seçki məcəlləsinə edilmiş dəyişikliyə görə, qeydə alınan namizədlərə dövlətdən 200 manat vəsait ayrılması qaydası da ləğv olundu. Beləliklə, hər namizəd öz təşviqat kampaniyasını öz hesabına qurmalıdır.

YAP-DAN SEÇKİ DEBÜTÜNDƏN QOVULMALAR

Seçkilərin Debüt mərhələsinin maraqlı məqamlarından biri də YAP-la bağlı yaşandı. Belə ki, partiyadan namizədlərin irəli sürülməsindən sonra bir neçə partiya üzvü adlarının namizədlər siyahısında olmadığı gördülər və bəziləri müstəqil şəkildə namizədliklərini irəli sürmək qərarına gəldilər. Ən başlıca məqam isə bu oldu ki, namizədliyini irəli sürmüş şəxslərdən üçü partiya sıralarından qovuldu.

Bütün bu sadalananlardan savayı, öncəki illərdə yaşanan problemlər artıq debüt mərhələsindən ortalığa gəldi. Ən ciddi problem kimi isə yenə də kütləvi aksiyaların keçirilməsi üçün təklif olunan yerlərlə bağlıdır. Bakı meriyası və MSK düşünüb-daşınıb bu il də gözdən-qulaqdan (bu rəsmi dildə ictimai asayişin pozulmadığı ərazilər adlanır) uzaq ərazilərin siyahısını hazırladı. Bunlar:

1. Səbayıl rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança,
2. Binəqədi rayonu, Binəqədi qəsəbəsi İdman-Sağlamlıq Kompleksinin stadionu,
3. Nəsimi rayonu, 4-cü mikrorayondakı məhəllə stadionunu,
4. Xətai rayonu Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydança,
5. Qaradağ rayonu, Sahil qəsəbə stadionu,
6. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Azneftgeofizika” trestinin qarşısındakı idman meydançası,
7. Suraxanı rayonu, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin T. İsmayılov adına stadionu,
8. Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksinin stadionu,
9. Xəzər rayonu, Türkan qəsəbə parkının yanındakı meydan,
10. Nizami rayonu, “Təbriz” kinoteatrının qarşısındakı meydan
11. Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının qarşısındakı meydan

Halbuki, bir çox müxalifət partiyaları, bu yerləri qəbul etmir və Bakının mərkəzi yerlərində mitinqlər üçün yerlərin ayrılmasını tələb edir.
Bundan başqa yuxarıda göstərilənlər ilə əlaqədar olaraq indiyə qədər MSK-ya 70-dən çox şikayət ərizəsi daxil olub.

SEÇKİLƏRƏ VƏ YA SAXTALAŞDIRILMAYA BU MƏRHƏLƏDƏ START VERİLİB?

Seçkilərin debüt mərhələsinin ilkin nəticələrini Deyerler.org-a şərh edən politoloq Zərdüşt Əlizadə hesab edir ki, artıq bu mərhələdən seçkilərin nəticələrini söyləmək mümkündür: “Bu mərhələdən çıxan ilkin nəticə budur ki, prezident adminstrasiyasında seçki taktikası hazırlanıb. Strategiyaya – cəmiyyətin boğulması, müxalifətin əzilməsi, qorxudulması daxildir. Özəlliklə, seçki taktikası ondan ibarətdir ki, seçici sayılan müstəqil vətəndaşlar və müxalifətçi vətəndaşların sayı prezident adminstrasiyasında nəzərdə tutulmuş rəqəmə endirilsin. Hakimiyyət namizədlərinin qeydiyyatı üçün əlverişli şərait yaradılıb. Və gələcəkdə seçki saxtakarlıqlarının həyata keçirilməsi üçün münbit şərait var”. Politoloq, namizədlərin qeydiyyata alınmasında yaradılan çətinlikləri qanun pozuntusu hesab edir: “İnsanların üzlərinə durublar, şərləyiblər, qorxudublar, çox səs toplamağa potensialı olan namizədlərlə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları söhbət edib, bəzilərinin adından onların xəbəri olmadan imtina ərizəsi yazılıb. Bütün bunlar nəticələrin də necə olacağından xəbər verir”.
Digər ekspertimiz, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, namizədlərin qeydiyyata alınmaması üçün mərkəzləşdirilmiş siyasət aparılıb: “Bu mərhələdə namizədlərin qeydiyyata alınmaması üçün mərkəzləşdirilmiş siyasət həyata keçirilib. Və xeyli müstəqil və müxalifət namizədləri qeydiyyata alınmayıb. Kifayət qədər sübutlar da var ki, bunlar qanunsuz olub. Əsas məqsəd isə, seçkilərə rəqib namizədlərin qatılmasının qabağını almaq olub. Və artıq demək olar ki, bu mərhələdən seçkilərin saxtalaşdırılmasına start verilib”.
Source : Deyerler
Comment