0
Tuesday 16 September 2014 - 09:28

İctimaiyyət SDU-dakı hicab qadağasını qınadı

Story Code : 409935
İctimaiyyət SDU-dakı hicab qadağasını qınadı
Belə ki, adları açıqlanmayan 3 tələbə hicablı olduqları üçün universitetə buraxılmayıb.
 
İslamazeri.az İnternet Qəzeti məsələ ilə bağlı ictimai-siyasi şəxslərdən münasibət öyrənib.
 
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, “Əgər orta məktəblərdə və digər təhsil müəssisələrində vahid geyim forması təyin olunursa və bu formaya bəzi imkansız ailələrin gücü çatmırsa hökumət bu ailələrə yardım etməlidir. Bu Sovet dövründə də belə olub, Türkiyədə də hal-hazırda belədir, digər ölkələrdə də belədir. Qaldı ki, hansısa qərar qəbul edib insanların təhsil hüququna müdaxilə etməyə, bu, qəbul edilməzdir. Vahid forma geyinmək öhdəlik və ya borc deyil. Bu, Konstitusiyada təyin olunmayıb. Amma təhsil almaq hüquqdur. Sən kimsən ki, formanı və ya qanunda olmayan başqa şeyi bəhanə edib insanların təhsil hüququnu tapdalayasan. Bu açıq-aşkar Konstitusiyanı pozmaqdır. Bu məsələyə icra hakimiyyəti və qanunverici orqan müdaxilə etməlidir. O universitetin vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərinin qarşısı alınmalıdır və tələbələr azad şəkildə təhsillərini almalıdırlar.”
 
Azərbaycan Ziyalılar Birliyinin sədri, rejissor Eldəniz Quliyevi bildirib ki, “Bu hadisə artıq bütün əndazələri aşdı. Azərbaycan hakimiyyətinin hicabla bağlı qadağası yoxdur. Bu suala bir başa Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xarici kiv nümayəndəsinə müsahibəsi zamanı cavab verdi. O dedi ki,”Bizdə demokratiyadır və bizdə qadağa yoxdur. Bundan sonra bunlar belə edirlərsə həm konistutisiyaya qarşı gedirlər, həmdə ölkə rəhbərinin göstərişinə qarşı gedirlər. Bundan əlavə Azərbaycanda demokratik quruculuğa qarşı gedirlər. Bunlar hətta deyərdim ki, Allahsızlıq edirlər. Allah bunların üzlərini qara eləsin. Orta məktəblərdə narkomaniyaya qurşanan uşaqlar var. Bununla məşğul olmalıdırlar. Azərbaycan təhsilinin səviyyəsi pis gündədir. Bununla məşğul olmalıdırlar. Düşüblər 3 nəfər qızı arxasınca. Mən bunların əvəzinə utanıram. Ayıb olsun bu qadağanı tətbiq edənlərə.”
 
Milli Şura üzvü, hüquqşünas Vidadi Mirkamal deyib ki, “Azərbaycan Resbublikasının Konstitusiyasında vətəndaşların hüquq və vəzifələri aydın göstərilmişdir. Orada vicdan azadlığı hüquqi qanunvericilik yolu ilə təsbit edilmişdir. Bu hüquqlara hamı hörmət etməyə borcludur. Həmçinin SDU-nin rəhbərliyi kimi hər bir qurum da özü istədiyi kimi qanuna təfsir verməyə haqlı deyildir. Bu insan hüquqlarının kobud surətdə pozulmasıdır.”
 
Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Ruhullah Novruzzadə bildirib ki, “Bağışlayan və Mehriban Allahın adı ilə. Əvvəla, bunu deyim ki, hicabın müasirliklə heç bir əlaqəsi yoxdur. Müasir dedikdə "əsrlə, dövrlə uyğunlaşan" mənası zehndə yaranır. Gəlin qəbul edək ki, ölkəmiz müasirliyi xarici ölkələrdən, xüsusən qardaş ölkə Türkiyədən əxz edir. Lakin Türkiyədə hicab müasirliyə zidd bir əməl kimi qeydə alınmır. Əksinə ölkə başçısının xanımı da hicabla konfrans və görüşlərdə iştirak edir. Bu sözü deyən (hicabı müasirliyə zidd bilən), cənab Ərdoğanın xanımını müasirlikdən uzaq bilir? İnanın ki yox, mən tam əminliklə deyirəm ki, bunu deyən şəxsin gücü yalnız bizim hicablı bacılarımıza çatır. İkincisi, bu şəxs şəxsiyyət vəsiqəsində çəkilən fotoya istinad edir. Halbuki biz bu işin də yanlış və qanunsuz olduğunu bildiririk. Mən hər dəfə bu barədə düşünəndə, özü-özümə deyirəm: Axı biz niyə o zamanlar bu məsələnin üzərinə layiqincə düşmədik? Bu şəxsin bu barədə söz açması yaxşı oldu. Allahın izni ilə bu minvalla bu məsələni qabartmaq və əziz ana-bacılarımızı yad gözlərdən qorumaq üçün yaxşı fürsət əldə etmişik - deyə düşünürəm. Baxın! Azanın səsi kəsilir ki, sakinlər şikayət edir. Yəni bu barədə xalqın fikri qeydə alınır. Lakin biz şikayət etdiyimiz zaman bizim səsimizə səs verən yoxdur. Bu o deməkdir ki, bəzilərinə xalqın sözü yox, İslamın əleyhinə olan sözlər maraqlıdır. Hər halda biz hüquqlarımızın bərpasından başqa bir şey istəmirik. Yas mərasimlərində israfçılığa fikir və münasibət bildirən əziz qardaşlarımdan bu mövzuya da fikir bildirmələrini xahiş edirəm. Niyə də bildirməyək, axı bu bizim qanuni haqqımızdır. Fikrimcə bu gün minbərlərdə bu problemlərdən danışılmalıdır. Allah hamımızı vəzifəsini bilib əməl edənlərdən qərar versin. Üçüncüsü, bu şəxs təklifdən danışır. Deyir "Biz də öz növbəmizdə tələbələrimizə təklif edirik ki, universitetə hicabsız gəlsinlər." Axı təkliflə qanun ayrı bir şeydir. Təklif yəni məsləhət, nəinki qanun. Bu təklifi qəbul etməyən niyə universitetə buraxılmamalıdır ki? Anlamıram. Ona qalsa, biz də sizə təklif edirik ki, hicablıların girişinə maneə törətməyəsiniz.”
 
Müsavat Partiyasının divan üzvü Tural Abbaslı açıqlamasında vurğulayıb ki, “Əvvəla, onu qeyd edim ki, 21-ci əsrdə hələ də belə məsələlərin problem kimi təqdim olunması və problem halına gətirilməsi təəssüfləndiricidir. Bu sırf insanların vicdan azadlığı məsələsidir və bu məsələ hər kəsin şəxsi işidir. Kiminsə hicablı olub və ya kiminsə hicabsız olması isə qətiyyən müasirlik və ya gerilik əlaməti kimi tanına bilməz. Əgər böyük bir universitetin rektoru bunu belə qəbul edirsə, bu, ancaq həmin adamın nə qədər dar düşüncəli olmasının göstəricisidir. Müasir Azərbaycanda kimə isə dininə, milliyyətinə, cinsinə görə ayrıseçkilik salırsa, bu, qanunlara və ən əsası da Konstitusiyaya ziddir. Məncə buna qanuni qiymət verilməlidir və həmin rektor qanun qarşısında cavab verməlidir.”
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirib ki, “Şübhəsiz ki, bu hadisə vətəndaşların hüquq və azadlıqlarına qarşı aşkar hörmətsizlikdir, eyni zamanda təhsil sektorunda xaosun olmasına dəlalətdir. Çünki hicabla təhsil müəssisəsinə gəlməyi qadağan edən heç bir qanun yoxdur. Bu işi kimlərsə Roma papasından çox katolik görünmək üçün edir və böyük də səhvə yol verirlər. Özünü müəllim, pedaqoq sayan şəxs insanların maariflənməsində, təhsil almasında maraqlı olmalıdır, min bir bəhanə ilə xalqın balasını təhsildən kənar saxlamamalıdır. Bu hadisəni kəskin pisləyirəm və haqsızlıqla üzləşən hər kəsdən öz təhsil hüququnun bərpası üçün israr etməyi tövsiyə edirəm. Cəmiyyət də artıq papağinı qabağına qoyub fikirləşməlidir ki, belə barbar idarəetmə bizi hara aparır?”
 
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyub qeyd edib ki, “Deyilən məsələ ilə bağlı bildirirəm ki, ölkədə insan hüquq normaları bərabər qorunmalı, vətəndaşların azadlıqları əhəmiyyət daşımalıdır. İnsanların siyasi və dini baxışlarına hörmət olunmalıdır. Hicab fərdidir və insan özünün daxili qərarına uyğun hərəkət edirsə, bu dəyərlər qorunmalıdır. İnsanın daxilən azadlığı üstündür. Güclü dövlətlər o yerdə olur ki, orada fərdi-mənəvi azadlıqlar var.”
Comment