0
Friday 22 October 2010 - 12:25

Həzrət Ayətullah əl üzma Xamenei Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə görüş

Story Code : 41289
Həzrət Ayətullah əl üzma Xamenei Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə görüş
Həzrət Ayətullah əl üzma Xamenei Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah əl üzma Xamenei bu gün səhər alimlər, fəzilətli ruhanilər, ustadlar, mədrəsə müdirləri və Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə izdihamlı və həyəcanlı bir şəraitdə baş tutan görüşdə teoloji təhsil müəssisələrində baş verən dəyişikliklər və bu dəyişikliklərin tənzimlənməsinin müxtəlif aspektləri haqda danışdı. Elmi-teoloji mərkəzlərlə İslam rejiminin qarşılıqlı münasibətləri ilə bağlı mövcud olan yanlış fikirlərə toxunan Ali Məqamlı Rəhbər İslam düşmənlərinin İslam dövlətini zəiflətmək, teoloji təhsil müəssisələrini və ruhaniləri bir küncə çəkilməyə vadar etmək məqsədilə cürbəcür taktikalardan istifadə etdiklərini dedi.

İmam Xomeyninin (r.ə) gecə ibadətgahında, Məscidi-əzəm qarşısındakı Sahibəz-zəman meydanında və Həzrət Fatimeyi-Məsumə (s) hərəmi qarşısındakı Atabəy meydanında yüzlərlə alim, ustad, ruhani və tələb qarşısında çıxış edən Ali Məqamlı Rəhbər Qum şəhərini “İslam dünyasının bilik və mərifət mərkəzi” adlandıraraq bunları əlavə etdi: “Qum şəhəri Həzrət Məsumənin (s) şəhərə mübarək gəlişindən sonrakı dövrdə olduğu kimi, bu gün də Əhli-Beyt (s) maarifinin başlıca dayağıdır. Bu şəhər sağlam və fəal bir ürək kimi, bilik, bəsirət və ayıq-sayıqlığı “İslam ümməti” adlı vahid bir orqanizmin hər bir nöqtəsinə axıtmaq iqtidarındadır”.

On minlərlə tələbənin islami biliklərə yiyələnmək və sonradan onları təbliğ etmək məqsədilə Qum şəhərində böyük səy və həvəslə təhsil almasını misilsiz bir reallıq adlandıran Həzrət Ayətullah əl üzma Xamenei Qum Elmi-teoloji Mərkəzinə qlobal aspektdən yanaşmaq lazım olduğunu qeyd edərək dedi: “Qum şəhəri dünyada gedən dəyişikliklərə və beynəlxalq proseslərə heç vaxt bugünkü qədər təsir göstərməyib və məhz buna görə də, heç vaxt bugünkü qədər dost-düşməni olmayıb”.

Həzrət Ayətullah əl üzma Xamenei Elmi-teoloji Mərkəzin siyasi məsələlərə qarışmasının bu təhsil müəssisəsinə qarşı düşmənçilikləri artırdığını, onun nüfuzunu isə aşağı saldığını təbliğ edən yanlış söz-söhbətlərə də toxundu.

Ali Məqamlı Rəhbər bu söz-söhbətlərə cavab olaraq, belə bir reallığı qeyd etdi ki, bir kənara çəkilməklə və neytral davranışlarla heç bir nüfuzlu təşkilat heç bir zaman özünə həqiqi hörmət qazana bilməz. Çünki yalnız canlı varlıqlar fəaliyyətdə olmaq, ətrafa müəyyən təsir göstərməklə dostlarında, hətta düşmənlərində belə özlərinə qarşı gerçək ehtiram oyadırlar.

Qum Elmi-teoloji Mərkəzinin bir küncə çəkilməsini və qeyri-dinamikliyini nəzərdə tutan yanlış mülahizəni rədd etmək üçün arqumentlər gətirməkdə davam edən Həzrət Ayətullah əl üzma Xamenei bu təhsil müəssisəsinin passiv və seyrçi mövqedən çıxış etməsinin sonda onun tədricən meydandan silinməsinə gətirib çıxaracağını qeyd edərək dedi: “Şiə ruhaniliyi bir bütöv olaraq, daim ictimai-siyasi hadisələrin kontekstində olmuşdur, məhz buna görə də dünyada heç bir müsəlman, yaxud qeyri-müsəlman ruhani kollektivinə xas olmayan dərin nüfuza malikdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, elmi-teoloji mərkəzin siyasi və beynəlxalq məsələlərdə dinamiklik nümayiş etdirməsinin vacibliyinə ikinci dəlil bunun İslamın gücləməsinə səbəb olmasıdır. O, əlavə etdi: “Ruhanilər dinin əsgərləri və xidmətçiləridir. Onların passiv davranışı, sözsüz ki, dinə zərbə vuracaq. Bu isə ruhanilərin varlığının fəlsəfəsi ilə ziddiyyət təşkil edir”.
Source : leader
Comment