0
Thursday 18 November 2010 - 06:32

“Azərbaycanın təhlükəsizliyi və inkişafı İran üçün böyük əhəmiyyət daşıyır”

Story Code : 44412
“Azərbaycanın təhlükəsizliyi və inkişafı İran üçün böyük əhəmiyyət daşıyır”
“Azərbaycanın təhlükəsizliyi və inkişafı İran üçün böyük əhəmiyyət daşıyır”
Necə ki, qardaşım hörmətli Prezident qeyd etdi - Azərbaycan və İran xalqları iki qardaş xalqdır. SİA-nın məlumatına görə, bunu İran Prezidenti Mahmud Əhmədinejad keçirilən brifinqdə deyib
İran Prezidenti qeyd edib ki, bu qardaşlıq tarixin, mədəniyyətin, iki millətin dini inanclarının dərinliyindən əmələ gəlib: “Bu, qardaşlıq bir günlük və keçici deyildir. Bunun dərin kökləri vardır və həmişə də olacaqdır.
Bu gün Azərbaycan-İran münasibətləri çox yaxşıdır. Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün bizim müştərək baxışlarımız, yanaşmalarımız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Necə ki, mənim əziz qardaşım vurğuladı, ölkələrimizin potensialı mövcud əməkdaşlıqdan qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir”.
Mahmud Əhmədinejad bölgə və Xəzər barədə baxışlarımız eynidir deyib: “Hər ikimiz bu fikirdəyik ki, Xəzər sülh və qardaşlıq dənizidir, hamı Xəzərin sərvətlərindən ədalətli şəkildə bəhrələnməlidir. Azərbaycan və İranın Xəzər dənizində rolu böyük və təyinedicidir. Azərbaycan Respublikasının möhtərəm Prezidentinin rəhbərliyi və təşəbbüsü ilə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. İnanıram ki, Azərbaycan Prezidentinin bacarığı və digər dövlət başçılarının iştirakı ilə bu sahədə çox yaxşı qərarlar qəbul ediləcək, böyük addımlar atılacaqdır”.
Beynəlxalq məsələlərdə baxışlarımız tamamilə müştərəkdir deyən İran dövlətinin başçısı diqqətə çatdırıb ki, biz həmişə və bütün təşkilatlarda bir-birimizin yanında olacaq və bir-birimizi dəstəkləyəcəyik: “Biz də Qarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq, ədalət və beynəlxalq hüquq çərçivəsində qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq. Azərbaycanın təhlükəsizliyi və onun inkişafı İran üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir”.
“Bu gün Allahımıza şükür edirik ki, Azərbaycan qardaşım, hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf mərhələsini yaşayır. Hər gün biz əziz Azərbaycanın inkişafı barəsində yeni-yeni xəbərlər əldə edirik və buna sevinirik. Düşünürəm ki, inkişaf naminə əməkdaşlığımız davam edəcəkdir. Təcrübəmizi paylaşacaq və hər iki millətin xeyrinə bütün imkanlardan istifadə edəcəyik.
Mənim səfərim evimə, qardaşlarımın yanına olan səfərdir. Biz elə hiss edirik ki, qardaşlarımızın arasındayıq və inanırıq ki, azərbaycanlı qardaşlarımız da İrana səfəri zamanı eyni hissləri keçirirlər. Ümidvarıq ki, bu hisslər hər gün dərinləşəcək və güclənəcəkdir. Biz çox səmərəli və faydalı müzakirələr apardıq. Aramızda heç bir fikir ayrılığı və anlaşılmazlıq yoxdur. Bütün ikitərəfli əlaqələr müstəvisində, eləcə də regional və beynəlxalq məsələlərdə fikirlərimiz üst-üstə düşür. Biz iqtisadi, mədəni məsələlərdən tutmuş siyasi, regional və beynəlxalq əməkdaşlıq məsələlərinə qədər bütün məsələləri diqqətlə nəzərdən keçirdik. Əməkdaşlığımız, gələcəkdə birgə işlərimiz üçün çox aydın konturlar cızıldı.
Çox səmimi və mehriban qarşılanmaya görə, əziz qardaşıma təşəkkürümü bildirirəm. İnanıram ki, bu səfər zamanı apardığımız danışıqlar və əldə etdiyimiz anlaşmalar həm ikitərəfli əlaqələrdə, həm regional çərçivədə, həm də beynəlxalq miqyasda iki millətin xeyrinə və mənafeyinə, dünyada sülhə və sabitliyə müsbət töhfələrini verəcəkdir”, İran Prezidenti Mahmud Əhmədinejad deyib.
Comment