0
Friday 19 June 2015 - 15:23

AİP sədrinin karserə salınması qınandı

Story Code : 467950
AİP sədrinin karserə salınması qınandı
AİP sədrinin karserə salınması qınandı
M.Səmədov bu yaxınlarda qapali tipli həbsxanada olmasına rəğmən qeyri-müəyyən vaxtlıq karserə salınıb.

Bununla bağlı Cenubnews.com İnternet Qəzeti ictimaiyyətdən münasibət alıb.

Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev:

“Mən zərrə qədər də olsun şübhə etmirəm ki, Dr. hacı Mövsüm Səmədov bu hakimiyyətin sifarişi ilə şərlənib tutulubdur. Hakimiyyət hətta həbsxanada da onu rahat buraxmır və çeşidli işgəncələrə məruz qoyur. İnanclı insanlar yüksək əqidəli şəxsiyyətlər sayılır və bu sayaq insanlar bu rejimin düşmənləri hesab olunur. İnanmaq olmaz! Əqidəli, mənəviyyatlı, əxlaqlı olmaq olmaz! Vətən üçün, xalq üçün yanmaq olmaz, mental dəyərləri qoruyub hifz etmək olmaz! Bu hakimiyyət belə insanları özlərinə potensial düşmən qismində görür. Yaltaqlıq, məddahlıq elə- bu, olar, hətta qiymətləndirilir də. Siman, şəxsiyyətin, ləyaqətin olmasın- lap yaxşı. Yaxşı yaşamaq üçün bu keyfiyyətlər heç lazım da deyil!..

Təki düz yaşamaq sevdasına düşməyəsən: bu sevdaya düşən kimi rejimin səhv və günah bataqlığında olduğunu görəcəksən axı…

Mövsüm Səmədov kimi əxlaqlı, əqidəni bir mömin insanın yeri əlbəttə ki, bu rejimdə həbsxana və əzablı karserlərdi. Amma bu bədbəxtlər anlamırlar ki, hacı Mövsüm elə o karser içərisində də bunlardan qat-qat azaddır. Çünki alnına Allahın qulu olmaq yazılmış insan heç vədə kimsənin nökəri olmaz!”

İlahiyyatçı-alim hacı Zülfüqar Mikayılzadə:

”İlk olaraq bu xəbəri məhkum edirik.Hacı Mövsüm Səmədova qarşı təzyiq bütün dindarlara qarşı təzyiqdir və Azərbaycan xalqına hörmətsizlikdir. Çünki hacı Mövsüm Səmədov bu xalqın oğludur və bu xalqın alimlərindən biridir. Nə qədər ki, bu işin arxasında duranlar bilmirlər dost kimdir düşmən kimdir onda hələ onlar böyük səhvlər edəcəklər və bu səhvlərinin bir gün cavablarını verəcəklər. Bu gün bütün Avropaya yaltaqlıq etmək üçün milyonlarla pullar xərcləyirlər. Amma görürsən ki Avropanın cavabı necədir. Onlar Avropa üçün pul xərcləyir, onları tərifləyir, amma Avropa onlara öz əsl simasını göstərir.Azərbaycan xalqının övladlarına, alimlərinə belə təzyiq göstərmək böyük bir cinayətdir və təbii olaraq bunun cavabını xalqa verəcəklər”.

Sosial psixologiya üzrə tədqiqatçı Vüsal Nadiroğlu:

“Əlbəttə ki, belə addımlar cəmiyyəti narahat edir. Bu qətiyyən yolverilməzdir. Bütün bu addımlar şübhəsiz ki, göz qorxutmaq xarakteri daşıyır. Belə halları zaman-zaman müşahidə edirik. Amma bütün bunlar fiziki əziyyət olsa da Hacı Movsümün və digər qardaşlarımızın əqidəsini daha da möhkəmləndirir. Allah səbr və izzətlərini artırsın. Əlbəttə ki, haqqa zülm edənlərin cəzası ağır olacaqdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Adilov:

”Nə qədər qəribə olsa da bu xəbər təəccüblü deyil. Ona görə ki biz Mövsüm Səmədovun “kars”a salınma məsələsinə münasibət bildirməzdən əvvəl mütləq vurğulamalıyıq ki, bu şəxs siyasi məhbusdur, hakim ailəni tənqid etdiyi üçün özü və yaxınları çox sərt bir şəkildə uzun müddətli həbs edilib. Mövsüm Səmədovun bu dəqiqə karserdə saxlanılması ilə saxlanılmamasında elə bir fərq yoxdur. Yəni bu insanın həbsxanada saxlanılması özü elə böyük bir ədalətsizlikdir, qanunsuzluqdur. Düşünürəm ki, hakimiyyət bu qədər kin-küdurətlə Mövsüm Səmədovun həbsxanada həyatına da son qoya bilər. Həm də düşünürəm ki, Mövsüm Səmədov hansı yolu getdiyinin fərqindədir. O öz inancına sadiq adamdır və tarixdən də, keçmişdən də bilir ki, bu yol asan yol deyil, bu yolun şəhadəti də var, əzabı və əziyyəti də var.

Hakimiyyətə də çağırış edirəm ki, bu cür kobud, zorakı anti-insani rəftara son qoysun. Azərbaycan hökumətinin borcudur, Penitensiar Xidmətin vəzifəsidir ki məhbuslarla oların ləyaqətini qoruyaraq rəftar eləsin. Olara qarşı fiziki işgəncələrə və siyasi baxışlarına görə ayrı-seçkiliyə yol verməsin. Bir daha Mövsüm Səmədova və digər siyasi məhbuslara olan təzyiləri pisləyirəm və həmən insanların arxasında cəmiyyətin durmasının vacibliliyini qeyd edirəm. Nə qədər ki avtoritar rejimin sübutuna nail olmamışıq bu cür kədərli hadisələrlə qarşılaşmağa hazır olmalıyıq.

“Siyası məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəsmisi Elşən Həsənov:

“Birinci hacı Mövsüm Səmədovu qapalı tipli həbsxanaya köçürmək özü qanunsuz əməldir. Hacı Mövsümlə mən Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) tanış olduğum zaman onun artiq dərəcədə qanacaqlı, ziyalı, qanunlara hörmət edən adam olduğunu gördüm. Qapalı həbsxanalara isə qanunları kəskin şəkildə pozanlar köçürülürlər. Ümmiyyətlə ölkədə inançlara qarşı qeyri adekvat, aqressiv münasibət göstərilir. Hacı Mövsüm Səmədovun karserə salınmasını Penitensiar Xidmətinin növbəti qanunsuzluğu və özbaşınalığı kimi dəyərləndirirəm və qətiyyətlə pisləyirəm”.

AİP sədrinin Təşkilatı məsələlər üzrə müavini Vüqar İbayev:

“Bu gunlərdə AİP sədri hacı Mövsüm Səmədovun yenidən karsa salınma xəbərini eşitdik və bu bizi çox narahat etdi. Ümumiyyətlə inanclı insanlara və din xadimlərinə qarşı bu cür rəftar hakimiyyətin onlara qarşı qərəzindən xəbər verir. Cəmiyyətə gizli deyil ki, bu gün zindanlara salınan inanclılar və mübariz ruhanilər şər-böhtan ittihamlarla həbs edilib. Çünki, haqq səsini ucaldan mübariz qardaşlarımızın mübarizə əzmini sındırmaqdan ötrü repressiv üsullara əl atmağı cıxış yolu bilir və bu gün də feodal qanunlarla rəftar edərək həbsxanalarda hətta qapalı rejimli həbsxanalarda belə işgəncələrə məruz qoyur. Bu cür rəftar əminliklə deyə bilərik ki, bir başa hakimiyyətin göstərişi ilə həyata keçirilir. Mənən heç bir vəchlə sındırmağı bacarmadıqlarına görə, mübariz qardaşlarımızı fiziki işgəncələrə məruz qoymaqla sındırmağa çalışırlar. Amma heç vaxt buna nail ola bilməyəcək və dini əqidəsi uğrunda canlarından belə keçməyə hazır olan qardaşlarımızın mübarizə əzmini qıra bilməyəcəklər. Biz bu cür qərəzli rəftara son qoyulmasını tələb edirik. Cəmiyyətin öndə gedənləri Hacı Mövsum, Hacı Abgül, Hacı Tale, Seyyid Fəraməz və digərlərinə qarşı hakimiyyət tərəfindən qərəzli və hikkəli rəftar ölkəni fəlakətə aparır. Çünki doktor Mövsum Səmədova və digərlərinə qarşı belə qərəzli münasibət hakimiyyətin siyasi qisasçılığından və onlara qarşı fiziki terrorundan xəbər verir. Buda xalqla hakimiyyət arasında uçurum yaradır. İstər hacı Mövsümün, istərsə də hacı Abgülun son dövrlərdə səhhətinin pis olmasını nəzərə alaraq dərhal bu işgəncələrə son qoyulmalıdır”.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev:

“Həbsdə olan ictimai-siyasi fəalların, inanclı şəxslərin karserə salınması daha çox onların bir növ ram edilməsi və qisas alınması ilə bağlı olur. Təbii ki, bu hallar yol verilməzdir. Həsbdə olan ictimai fəalların hazırda əksəri yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Siyasi məhbuslar qanunları bilən və ona hörmət edən şəxslərdir. Qanunlara əməl edən dustaqlar adətən “karsa” düşmürlər. Adətən o məhbuslar cərimə otağına salınır ki, ona çətin islah olunan, qanunları tez-tez pozan məhbuslar olurlar. Siyasi məhbusların bu cür cəzalandırılması onların fəallığı, özlərinin və başqalarının hüquqlarını müdafiə etmələri, CÇM-də olan qanunsuzluq, işgəncə və korrupsiya hallarına göz yummamaları ilə bağlıdır. Bu yaxınlarda 14 saylı CÇM- də döyülərək qətlə yetirilən Elşad Babayev cinayətinin şahidləri olan və bu cinayətə etiraz edən siyasi məhbus, jurnalsit Araz Quliyev və digərlərini də əvvəl karsa salınıb, sonra Qobustan Qapalı həbsxnasına göndərilməsi də yuxarıda qeyd etdiyim məqamlarla bağlıdır. Bu siyasət Penitensiar Xidmətin hakimiyyətin sifarişi əsasında son zamanlar siyasi məhbuslara və həbsxanada olan, haqqını tələb edən məhbuslara qarşı aparılır və qanunsuzluqdur. Bu siyasət dayandırılmalı və məhbuslara qarşı münasibət dəyişməlidir.”
Source : Qafqaz
Comment