QR CodeQR Code

Moskvada şənbə iğtişaşlarından sonra gərginlik qalmaqdadır

15 Dec 2010 09:49

IslamTimes - Ötən şənbə Moskvanın mərkəzindəki iğtişaşlardan sonra şəhərdə gərginlik davam edir


Xatırladaq ki, futbol azarkeşləri və millətçi qrupplaşmaların toplaşdığı nümayiş qeyri-slavyan görünüşlü şəxslər və milisə hücumlarla bitib.
Xəsarət alanlar arasında Azərbaycandan olan bir gəncin də olması xəbər verilir. Hazırda Moskvadakı bir çox milli diasporlarda vəziyyətlə bağlı narahatlıq bildirilir, onlar arasında Azərbaycan icması da var.
"Birbaşa azərbaycanlı tələbələr xəsarət almayıblar, ancaq başqa tələbələr arasında yaralanan var. Şənbə günü metroda bir qrup şəxs bizim tələbəni döyüblər".
Bunu Moskvadakı Birinci tibb Universitetinin aspirantı Samir Əliyev deyib. O bildirib ki, Manej meydanındakı iğtişaşlardan sonra təhsil aldığı ali məktəb tələbələri arasında müəyyən narahatlıq var.
Onun sözlərinə görə, ən qorxulusu metrodur və bir çox azərbaycanlı tələbələr bu nəqliyyat növündən istifadə etməkdən çəkinirlər.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin başçısı İlqar Hacıyev öz təşkilatının azərbaycanlıları ehtiyatlı olmağa çağırdığını deyir:
"Müraciətimiz odur ki, insanlar küçələrdə, metroda gec olmasınlar. Bütün bu məsələlərin hüquqi çərçivədə həll olunması üçün vaxt lazımdır və müddət ərzində insanlar özlərini gözləməyə çalışsınlar."
Eyni zamanda İlqar Hacıyev gəncləri müxtəlif nümayişlərdə iştiraka çox ehtiyatla yanaşmağa çağırır.
Xatırladaq ki, Moskvadakı milli azlıqların bəzi nümayəndələri son hadisələrlə bağlı öz etirazlarını bildirmək istəyirlər.
Belə mümkün aksiyalara münasibət müxtəlifdir. Bəzilərinə görə, bu vəziyyəti daha da gərginləşdirə bilər. Moskvadakı Azərbaycan icmasının fəallarından Ağadadaş Kərimova görə, bununla milli azlıqlar hazırkı vəziyyəti qəbul etmədiklərini göstərirlər.
Bu arada rəsmilər deyirlər ki, Manej hadisələri ciddi araşdırılır. Prokurorluq 11 cinayət işini açıb, işlərin əksəriyyatı "xuliqanlıq" maddəsiylə açılıb.


Story Code: 46949

News Link :
https://www.islamtimes.org/az/news/46949/moskvada-şənbə-iğtişaşlarından-sonra-gərginlik-qalmaqdadır

Islam Times
  https://www.islamtimes.org