0
Friday 24 December 2010 - 13:27

ABŞ AZƏRBAYCANA MÜHARİBƏ İCAZƏSİ VERİB

Story Code : 47872
ABŞ AZƏRBAYCANA MÜHARİBƏ İCAZƏSİ VERİB
ABŞ AZƏRBAYCANA MÜHARİBƏ İCAZƏSİ VERİB
Rusiya ABŞ-ın Qarabağa dair Bakıya verdiyi gizli mesajdan xəbər tutub. Rusiyanın “Arqumenti nedeli” həftəliyinin yazdığına görə, Moskvanın diplomatik çevrələrində belə söhbətlər gəzir ki, ABŞ administrasiyası Azərbaycan prezidenti İlham Əliyevə Qarabağ məsələsini hərbi yolla həll etmək üçün kart-blanş verib. Belə ki, Vaşinqton Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarmaq üçün hərbi yola əl atmasına mane olmayacağını çatdırıb. Lakin bir şərtlə ki, hər şey kifayət qədər sürətlə həyata keçirilməlidir.

Məlumata görə, ABŞ administrasiyası Bakıya məsləhət görüb ki, məsələni vaxtilə Xorvatiya serb Krainası problemini həll etdiyi formada aradan qaldırsın, yaxud 2008-ci ilin avqustunda Gürcüstanın separatçı Cənubi Osetiya silahlı qüvvələrini cəmi bir günə geri oturtmasını nümunə götürsün. “Arqumenti nedeli” iddia edir ki, ABŞ administrasiyası bunun əvəzində İlham Əliyevdən xahiş edir ki, Azərbaycan ərazisindən İrana qarşı platsdarm kimi istifadə olunmasına icazə versin. Xəbərlərə görə, ABŞ Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat və xüsusi əməliyyatların aparılması üçün platsdarm kimi faydalanmaq istəyir, daha sonra isə İrana qarşı ehtimal olunan irimiqyaslı əməliyyatlar zamanı bu platsdarmdan istifadə oluna bilər.
Lakin Rusiya həftəliyinin yazdığına görə, prezident İlham Əliyev hələ bu məsələdə qərar verməyə tərəddüd edir. Çünki əmin deyil ki, ildırımsürətli əməliyyatlar Azərbaycan üçün istənilən kimi uğurlu olacaq.
Qaqik Bəyləryan“Əgər əməliyyatlarda uğursuzluq baş versə, bunun Əliyevin özünə və Azərbaycandakı daxili siyasətə ciddi təsirləri olacaq. Bununla belə, Azərbaycan və ABŞ rəhbərliyi arasında Qarabağa dair sövdələşmə barədəki məlumatlar Ermənistan rəhbərliyinə çatıb. Radikallar prezident Serj Sərkisyandan tələb ediblər ki, preventiv tədbir olaraq Dağlıq Qarabağı müstəqil dövlət kimi tanısın və ona hərbi yardım göstərsin. Lakin bu mövqeyə qarşı olanlar da var. İrəvan meri Qaqik Bəyləryanın bu günlərdə istefa verməsi Sərkisyan hakimiyyətindəki radikallarla yumşaq qanad arasında mübarizənin nəticəsidir. Məlumdur ki, Bəyləryan Dağlıq Qarabağın tanınmasına qarşı idi və bu səbəbdən ona qarşı təxribat törədildi” - deyə “Arqumenti nedeli” yazır.
Qeyd edək ki, rəsmi Vaşinqton Qarabağ münaqişəsinin hərbi yolla həllinə qarşı olduğunu hər fürsətdə bəyan edir, eyni zamanda Rusiyanın vasitəçiliyi altında münaqişənin dinc yolla nizamlanmasına yönələn səylərə dəstək verdiyini bildirir. Lakin bütün bunlar rəsmi bəyanatlarda və mətbuat konfranslarında deyilənlərdir. ABŞ administrasiyasının Qarabağ münaqişəsinə dair danışıqların Rusiyanın nəzarəti altına keçməsindən, Moskvanın səylərinin əslində münaqişənin həllinə yönəlmədiyindən və sadəcə olaraq situasiyanı nəzarət altında saxlamaq istəyinə xidmət etdiyindən məmnun qalmadığı aydındır. Elə WikiLeaks tərəfindən yayılan ABŞ məxfi sənədlərindən də üzə çıxmışdı ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı rəsmiləri qapalı müzakirələrdə Rusiyanın münaqişənin həllində maraqlı olmadığını deyirlər. Bildirirlər ki, münaqişənin həlli Rusiyanın regionda mövqelərinin zəifləməsinə apara bilərdi və ona görə də Moskvada bunu nəzərə alırlar.
Bu baxımdan Vaşinqtonun Azərbaycana işğal edilmiş ərazilərinin bir hissəsini sürətli hərbi əməliyyatlar vasitəsilə geri qaytararaq münaqişə ətrafında status-kvonu dəyişməyə kart-blanş verməsinə dair məlumat xeyli ciddi sayıla bilər. Əgər Azərbaycan işğal edilmiş ərazilərin bir hissəsini geri qaytarsaydı, o zaman Ermənistanı münaqişənin beynəlxalq normalar çərçivəsində həllinə məcbur etmək çətin olmazdı. Lakin Rusiya amili var və belə görünür ki, Bakının tərəddüdləri də məhz bununla bağlıdır.
Qətiyyən şübhə yoxdur ki, Vaşinqtondan Bakıya sürətli müharibə planı ilə bağlı mesaj verilibsə, bu barədə məlumatı Ermənistan rəhbərliyinə çatdıran məhz Rusiyadır. Görünür, heç də təsadüfi deyil ki, ATƏT-in Astana sammitində Ermənistan prezidenti planlaşdırılan danışıqları pozdu, onun ardınca Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti zamanı prezident Dmitri Medvedyevin hüzurunda Azərbaycanın hərbi əməliyyatlara başlayacağı halda İrəvanın “DQR”i tanıyacağı haqda bəyanat verdi.
O vaxt rusiyalı ekspertlər qeyd edirdilər ki, Sərkisyan Kremllə razılaşdırmadan bu cür bəyanatı Medvedyevlə bir masa arxasında otura-otura səsləndirməzdi. Deməli, Rusiya ABŞ-ın gizli mesajından xəbər tutaraq Ermənistanı daha sərt və barışmaz mövqe tutmağa, hətta cəbhə xəttində təxribatlara təhrik edir. Məsələn, bir neçə gün əvvəl Ermənistan ordusu cəbhə xəttində atəşkəsi “Qrad” qurğusu ilə pozdu.
Azərbaycan rəhbərliyinin də işğal edilmiş əraziləri qaytarmaq üçün qısamüddətli hərbi əməliyyatlara başlamaq variantı üzərində neçə vaxtdır ciddi surətdə düşündüyü barədə dəfələrlə yazılıb. Bu günlərdə Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlər qarşısında bildirdi ki, Azərbaycanın danışıqlara, yoxsa hərbi yola üstünlük verəcəyini “yaxın günlərdə” hamı görəcək. Dünən isə Z.Əsgərov Ermənistanı silahlandıran Rusiyanı tənqid edib. “Münaqişənin sülh yolu ilə həll edilməsi missiyasını öz üzərinə götürmüş həmsədr ölkələrdən biri olan Rusiya yenə də Ermənistanı silahlandırır” deyən Ziyafət Əsgərov onu da bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması bu ölkənin sülhyaratma missiyasına xələl gətirir: “Biz hələ Boris Yeltsinin vaxtında demişik ki, bu məsələnin qarşısı alınmalıdır. Çox təəssüf ki, müəyyən komissiyalar yaradılsa da bunun heç bir nəticəsi olmadı. Bu gün də sülhyaratma missiyasını həyata keçirməyə borclu olan dövlət Ermənistanı silahlandırır”.
Z.Əsgərov onu da deyib ki, dünyadakı siyasi proseslər Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dəyişib və hamı bunun şahidi olacaq. “Azərbaycanın işğal altındakı ərazilərinin azad ediləcəyi gün uzaqda deyil” - deyə vitse-spiker vurğulayıb.

Siyasət şöbəsi
Source : musavat
Comment