QR CodeQR Code

Wikileaks: HƏMAS liderini "MOSSAD" öldürüb

30 Dec 2010 01:58

IslamTimes - “Həmas”ın hərbi qanadının liderlərindən birini Dubayda öldürən xəfiyyələr Amerikadan dəstəklənib


“WikiLeaks” saytının qurucusu Culian Assanc yaxın vaxtlarda İsrail rejiminə dair məxfi sənədləri açıqlayacağına dair verdiyi vədə əməl edib. Məlum olub ki, ötən həftə sonu sayt ələ keçirdiyi ABŞ məxfi diplomatik teleqramları arasından İsrail rejiminə dair sənədi yayıb. İsrail rejimi mətbuatına istinadən yayılan xəbərlərə görə, sənəddə “Həmas” liderlərindən Əl-Məbhuhu öldürən “Mossad” agentlərinin adları və kredit kartlarının nömrələri yer alır.
Yoxlamalar göstərib ki, kredit kartlarının hamısı ABŞ-da yerləşən banklar tərəfindən verilib. Bununla bağlı Dubay polisinin sorğusuna Amerika tərəfi rədd cavabı verib. Ötən həftə Assanc “əl-Cəzirə” kanalına müsahibəsində “WikiLeaks” saytının arxasında İsrailin dayandığı haqda iddiaları rədd etmişdi və bildirmişdi ki, əllərində İsrailə dair minlərlə məxfi sənəd var. Həmin sənədlərin yayılması 6 aya qədər vaxt apara bilər.
Bu sənədlərdən birinə görə, Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ABŞ-ın bu ölkədəki səfirindən Dubaydakı sui-qəsdlə bağlı araşdırma çərçivəsində Amerika banklardan biri tərəfindən verilmiş kredit kartları ilə bağlı məlumatların təqdim olunmasını istəyib. Bu ilin yanvarında ABŞ-ın BƏƏ-dəki səfiri tərəfindən göndərilən teleqrama görə, bu ərəb ölkəsinin daxili işlər naziri kredit kartlarının sahibləri barədə ətraflı informasiyanın açıqlanması barədə rəsmi sorğunu ona təqdim edib. Səfir Vaşinqtona bildirir ki, bu şəxslərlə bağlı ən qısa müddət ərzində BƏƏ rəsmilərinə cavab verilsin. Teleqramda “Həmas”ın yüksək rütbəli şəxsini öldürənlərin kredit kartlarının nömrələri də göstərilir. Lakin bir sonrakı teleqramdan məlum olur ki, ABŞ rəsmiləri bu informasiyaları açıqlamayıb. “Həmas” liderlərindən Mahmud əl-Məbhuh ötən il Dubayda bir sıra Avropa ölkələrinin pasportlarını daşıyan “Mossad” agentləri tərəfindən qaldığı oteldə öldürülüb. Daha sonra onlar Dubayı tərk ediblər. Bu hadisə böyük qalmaqala səbəb olub, bəzi ölkələrin “Mossad” agentlərinin onların pasportlarından istifadə etməsinə görə İsraill rejimilə münasibətləri gərginləşib. Qalmaqal “Mossad” üçün də başağrısı olub, çünki bu xüsusi xidmət orqanının keçirdiyi əməliyyatın üstü açılıb. /Musavat/


Story Code: 48513

News Link :
https://www.islamtimes.org/az/news/48513/wikileaks-həmas-liderini-mossad-öldürüb

Islam Times
  https://www.islamtimes.org