0
Friday 31 December 2010 - 08:57

Hicab… Mükəmməl araşdırma

Story Code : 48609
Hicab… Mükəmməl araşdırma
Hicab… Mükəmməl araşdırma
(I məqalə)

Avropanın bir çox ölkələrindən və Türkiyədən sonra islam simvollarına qarşı Azərbaycan cəmiyyətində də açıq mübarizə başladı. Bəli, Azərbaycan cəmiyyətində, yəni o cəmiyyətdə ki, əhalisinin doxsan faizindən çoxunun müsəlman olduğu etiraf edilir. Məhz o cəmiyyətdə ki, ölkə prezidenti öz prezidentlik fəaliyyətinə başlayanda Konstitusiya ilə yanaşı İslam dinin müqəddəs kitabına, yəni Qurana da and içir. Maraqlıdır ki, islam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə “dünyəvilik” pərdəsi altında aparılır.
Hicaba qoyulan qadağaların arxasında hansı məkrli siyasətin dayandığını başa düşmək üçün hər şeydən əvvəl 1) hicabın hansı mahiyyət daşıdığını, 2) hicaba qoyulan qadağaların vicdan azadlığına nə dərəcədə təhdid olduğunu, 3) kimlərin və nə üçün hicabdan qorxduqlarını, 4) hicabın dünyəviliyə təhlükə olub-olmadığını, 5) milli özünəməxsusluqla hicabın bağlılığını, 6) hicaba qadağaların qoyulması ilə qloballaşma prosesinin əlaqəsini və sair araşdırmağa çalışaq.
Qeyd edək ki, Azərbaycanda hicaba qarşı mübarizə öz formasına və mahiyyətinə görə digər ölkələrindəkindən xeyli fərqlənir. Belə ki, Fransada hicaba qadağanın qoyulması “ibtidai və orta məktəblərdə bütün dini atributların qadağan edilməsi” adı altında aparılırdı. Lakin hamıya bəlli idi ki, bu qadağanın əsas məqsədi İslam dininin əsas atributlarından biri olan hicaba qarşıdır. İnsan hüquqlarına açıq-aşkar zidd olan bu qadağa, Fransanın müsəlman əhalisini cəmiyyətdən təcrid etməklə bərabər, təhsil almaq imkanlarını da xeyli məhdudlaşdırırdı. Lakin Fransa hökuməti, heç olmazsa, vəziyyətdən müəyyən qədər çıxış yolu da qoyurdu. Belə ki, müsəlman məktəblərinin açılması və ya “məsafədən təhsil” imkanları müəyyən qədər saxlanılırdı.
Əhalisinin əksər hissəsinin müsəlman olduğu iddia edildiyi Azərbaycanda hicaba qadağanın qoyulması qəribə şəraitdə baş verdi. Birincisi, bu qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşayiət olunmadı. Təhsil naziri tərəfindən şifahi tərzdə verilən bir göstəriş, yerlərdə bütün məktəb rəhbərlərini, parlamentdə isə xeyli sayda deputatları hərəkətə gətirdi. Birincilər hicablı qızları məktəbə buraxmadılar, ikincilər isə “dünyəvilik” prizmasından belə hüquq pozuntusuna haqq qazandırmağa çalışdılar. Azərbaycan cəmiyyətində hicaba qoyulan qadağaya Milli Məclis üzvləri, siyasilər və ictimai təşkilatlar tərəfindən verilən qiymətlər Azərbaycan cəmiyyətində vahid bir ideoloji xəttin olmadığını bir daha nümayiş etdirdi.
“Dünyəvilik” yolunu tutduğunu bəyan edən cəmiyyətlərdə vaxtaşırı mübahisə predmetinə çevrilən hicab nədir? Dini inanclı insanların baş örtüyü olan hicab nə üçün Fransa və Azərbaycan kimi müxtəlif özünəməxsusluğu olan ölkələrdə hakimiyyətə qorxu yaradır?
Qeyd edək ki, islamda nəinki qadınlar üçün, həm də kişilər üçün geyim məhdudiyyəti nəzərdə tutulub. Qadınlar üz və əlindən başqa bədəninin bütün hissələrini, kişilər isə ən azı beldən dizinə qədər olan hissələri örtməlidirlər. Bu geyim formaları min dörd yüz ildir ki, insanların bir-biri ilə və ümumilikdə cəmiyyətlə münasibətini nizamlayır. Bu geyim formalarına qoyulan tələblərin əsas mahiyyəti ondan ibarətdir ki, onlar digərlərin nəzər-diqqətini özünə cəlb etməsin və insanda özünə qarşı ciddi münasibət yaratsın. Başqa sözlə desək, ətrafdakı insanların hüquqlarına təcavüz etməsin. Qeyd edək ki, bəşəriyyət yaranandan bu günə qədər istənilən ölkədə, istənilən cəmiyyətdə insanların geyiminə rəsmi və ya qeyri-rəsmi məhdudiyyətlər qoyulub. Belə məhdudiyyətlər özünü demokratik adlandıran istənilən ölkədə bu gün də mövcuddur.
Pedaqoji nöqteyi-nəzərdən şagirdlərin vahid geyim formalarının müəyyənləşməsinin kökündə də məhz tədris prosesində diqqətin yayınmaması və yüksək keyfiyyətli tədrisin təmin edilməsi məqsədi durur. Başqa sözlə desək, Azərbaycan Respublikasının Təhsil Qanununun 14.10. maddəsi ilə müəyyən edilən geyim forması tədrisin əsas məqsədinə xidmət etməlidir və tədris prosesində maraqlı tərəflərlə müzakirə edilməlidir. Qeyd edək ki, təhsil nazirinin öz müsahibələrində istinad etdiyi bu maddədə, baş örtüyünə məhdudiyyət qoyan heç bir ifadə yoxdur. Belə ki, bu qanuna əsasən “...bütün təhsil muəssisələrində təhsil alanların geyim formaları təhsil muəssisəsinin nizamnaməsi ilə muəyyən edilir”.
İslamdan az-çox xəbəri olan istənilən şəxs bilir ki, müəyyən yaş həddindən sonra qızların baş örtüyündən istifadə etməsi və ya islam adətinə uyğun geyim forması seçməsi onun hüquqlarının nəinki məhdudlaşdırılması, əksinə təmin edilməsidir. Dini ayinlərə ardıcıl riayət etməyən, lakin özünü müsəlman adlandıran milyonlarla qadın var ki, baş örtüyündən istifadə etmir. Lakin onların böyük əksəriyyəti, xüsusilə Azərbaycan cəmiyyətində təsdiq edə bilərlər ki, belə geyimlərin istifadə edilməsi onların hüquqlarının kişilərlə müqayisədə məhdudlaşdırılması deyil.
Danılmaz faktdır ki, dünyanın əksər ölkələrində, xüsusilə Qərb ölkələrində, eləcə də Türkiyə və Azərbaycan kimi ölkələrdə hicablı qadınların işlə təminatında ciddi məhdudiyyətlər olduğu üçün inanclı qadınların əksər hissəsi hicabdan istifadə etmək imkanında deyillər. Başqa sözlə desək, hicab qadınların hüququnu məhdudlaşdırmır, hicablı qadınların hüququnu hakimiyyət məhdudlaşdırır. İşlə təminatda hicablı qadınlara məhdudiyyətlərin yaradılması, təhsil müəssisələrində onların sıxışdırılması artıq adi hüquq pozuntusu çərçivəsindən çıxıb, ciddi siyasi problemə çevrilib. Hicablı qadınların işlə təminatı üçün hətta ilkin müsahibə mərhələsində hicabın çıxarılması tələb kimi qoyulur.
Bütün bunlar bir daha sübut edir ki, müsəlman qadınların və qızların istifadə etdiyi hicab islam əxlaqının və dini inancın göstəricisidirsə, islam mədəniyyətinə düşmən kəsilən qüvvələr üçün siyasi və iqtisadi təzyiq vasitəsidir. Hicaba qoyulan qadağa fundamental insan hüququnun pozulması kimi cəmiyyətin eyni hüquqlu vətəndaşlarının siyasi və iqtisadi sıxışdırılmasıdır və ciddi siyasi diskriminasiyadır. Təəssüf ki, ona qoyulan qadağanın aradan qaldırılması özünü dünyəvi hesab edən vətəndaşların ciddi müqaviməti ilə üzləşir. Belə bir hadisə Türkiyədə hicaba qoyulan qadağanın aradan qaldırılmasında müşayiət olunmuşdu. Öz dini inanclarına görə, hicab geyinən qadın və qızların vicdan azadlıqlarının simvolu öz hakimiyyətlərini itirməkdən qorxan siyasilər üçün “dini seçim” statusundan “siyasi seçim” statusuna transformasiya edilir. Bu kimin günahıdır? Öz dininə sadiq olan və həyatını dini inanclar əsasında quran sadə müsəlman vətəndaşların, yoxsa cəmiyyəti siyasi qarşıdurmalara sürükləməklə öz hakimiyyətini təmin etməyə cəhd göstərən siyasi qrupların?
Azərbaycanın təhsil müəssisələrində hicaba qadağanın qoyulması Azərbaycan KİV-lərində də müzakirə edilməkdədir. Müsahibələrdə diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, mövcud problemin nədən ibarət olduğu ciddi şəkildə gizlədilir. Başqa sözlə desək, adi vətəndaşların vicdan azadlığının kobud şəkildə pozulmasının arxasında hansı siyasi məqsədlərin dayandığı pərdələnir. “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı APA-ya verdiyi müsahibədə bildirib ki, “...orta məktəblərdə qızların hicab taxması məsələsi Azərbaycanın inkişafının qarşısının alınmasını istəyən, o cümlədən xarici ölkələrin sifarişini yerinə yetirən insanların gündəmə daşıdığı məsələdir. Azərbaycan qadını hicabdan 100 il əvvəl qurtulub”. Başqa sözlə desək, Tənzilə xanım elə hesab edir ki, hicab inkişafı ləngidir. Onun fikrincə, ümumiyyətlə türk qadını hicab və çadra taxmayıb və kəlağayıdan baş örtüyü kimi istifadə ediblər. Mən əminəm ki, Azərbaycan məktəblərində nəinki hicaba, ümumiyyətlə hər cür baş örtüyünə, o cümlədən kəlağayıya da qadağa qoyulduğunu Tənzilə xanım bilir.
İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların bu məsələdə seyrçi mövqe tutması, bəzi hallarda isə təhsil nazirinin şifahi verdiyi göstərişi dəstəkləməsi qətiyyən başa düşülən deyil. Belə ki, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə APA-ya bildirib ki, valideynləri tərəfindən azyaşlı qızların məktəbə hicabla göndərilməsi qadın hüquqlarının pozulması deməkdir. O qeyd edib ki, 17 yaşına çatan qadın hicabla bağlı mövqeyini müəyyənləşdirə bilər. Çünki artıq müstəqildir. Məktəblərdə isə hicabdan istifadənin əleyhinəyəm. İslamı dərk edəndən sonra qız hicab bağlaya bilər. Həmçinin azyaşlı qıza öz istəyi olmadan hicab taxdırmaq hüquq pozuntusudur”. Əgər məsələni milli və dini aspektdən yalnız hüquq aspektinə keçirsək, hüquq müdafiəçisi “hicablılığın” məcbur edilməsini hüquq pozuntusu kimi qeyd edəndə haqlıdır. Lakin “hicabsızlığı” tələb edəndə qətiyyən haqlı deyil. Çünki “hicabsızlığın” tələb edilməsi də eyni dərəcədə hüquq pozuntusudur.
Təəssüf edirəm ki, hicaba qarşı media hücumları dünyəviliyin müdafiəsi pərdəsi altında aparılır. Halbuki, dünyəviliyin ən əsas göstəriciləri tolerantlıq, plüralizm və insan hüquqlarına hörmətdir. Məsələn, APA-nın rəhbəri Vüsalə Mahirqızı Lent.az saytında qeyd edir ki, “hicabı orta məktəbə daşımaq istəyənlər dünyəvi dövlətin təməl prinsiplərinə, millətin məhək daşına zərbə endirməyə çalışırlar”. Maraqlıdır, görəsən Vüsalə xanım dövlətin hansı “təməl prinsipini” və “millətin məhək daşını” nəzərdə tutur? Əgər təməl prinsipi kimi dünyəviliyi nəzərdə tutursa, Azərbaycanda din dövlətdən ayrıdır və hicablı şəxslərin, xüsusilə də şagirdlərin öz dini inancları əsasında qərar qəbuletmə proseduruna təsir etmək imkanı yoxdur. Bəs belə hicablılar hansı təhlükə mənbəyidir ki, ondan təcili qorunmağı Vüsalə xanım təklif edir. Məhz Vüsalə xanımın yada saldığı Azərbaycan Konstitusiyasında vicdan azadlığı təsbit edilib. Doğrudanmı hicab Konstitusiyada təsbit edilən dövlət quruluşuna bu dərəcədə təhlükə yaradır?
Vüsalə xanım etiraf edir ki, “universitet tələbəsi, dövlət qurumunun çalışanı, özəl və sivil quruluşlarda hər kəs istədiyi geyim formasında görünə bilir”, lakin o, belə geyimin orta məktəblərdə olmasına etiraz edir. Vüsalə xanımın məntiqinə görə, Təhsil qanununun 14.10-cu maddəsi, yəni “Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir” ifadəsi elə hicaba qadağa deməkdir. Vüsalə xanın demir ki, bu nizamnamələr təhsildə maraqlı tərəflərin birgə müzakirəsi əsasında formalaşmalı və Konstitusiyada təsbit edilən azadlıqları, o cümlədən vicdan azadlığını məhdudlaşdırmamalıdır. O deyir ki, “əslində bu qanunla istər orta, istərsə də ali məktəbin müəyyənləşdirdiyi geyim formasında hicab yoxdursa, ora belə geyimdə daxil olmaq olmaz”. Başqa sözlə desək, itənilən geyimlə girmək olar, yalnız hicabla - Vüsalə xanımım təbirincə desək, “millətin məhək daşına” “zidd olan hicabla” girmək olmaz. Vüsalə xanımın məntiqinə görə, istənilən məktəbin müəyyən etdiyi qaydalar həm Azərbaycan Konstitusiyasının, həm də insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların tələblərindən güclüdür.
Vüsalə xanımım yazısında bir məqam da diqqətçəkəndir. O yazır: “Əgər indi hicab qadağasının əleyhinə olanları doğrudan da Azərbaycanın gələcək nəslinin İslam fəlsəfəsini, dinin mahiyyətini öyrənməsi maraqlandırırsa, onda yanaşma başqa cür olmalı idi. Onda bu adamlar dünyəvi təhsil çərçivəsində övladlarına İslamı, onun fəlsəfəsini, İslam əxlaqı və yaşam tərzinin öyrədilməsini tələb etməliydilər”. Hörmətli Vüsalə xanım, bir daha qeyd edim ki, dünyəvi təhsil dinin öyrənilməsini qadağa etmir. Digər tərəfdən, əgər bu gün Azərbaycan məktəblərində Azərbaycan xalqının milli mənəvi özünəməxsusluğunun əsas daşıyıcısı olan İslam dini öyrənilmirsə, bu Azərbaycan təhsilinin ən çatışmaz cəhətidir. Əgər Azərbaycan vətəndaşları Azərbaycan dövlətindən bunu tələb edə bilmirlərsə və yaxud təhsil sistemində qərar qəbulu prosesinə təsir göstərə bilmirlərsə, bu, cəmiyyətin demokratik idarəetmədən nə dərəcədə məhrum olması deməkdir. Vüsalə xanımın məntiqinə görə, hələ ki, şagirdlər İslam dini və fəlsəfəsi ilə tanış deyillər, onların geyim formasını valideyn yox, təhsil naziri özü müəyyənləşdirəcək.
Azərbaycan məktəblərində hicaba qadağa qoyulmasına heç bir arqumentli cavab tapmayan Milli Məclis üzvləri İslamda “yenilik” etməyə də cəhd göstərirlər. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova “İslamın Azərbaycan modeli”-nin hicabsız olduğunu iddia edir. APA-ya verdiyi müsahibədə Rəbiyyət xanım qeyd edib ki, “Azərbaycanda nənələrimiz, analarımız kəlağayı və yaylıq örtərdilər. Bu gün Azərbaycana təqdim olunan o yad model - qara örtük islamın Azərbaycan modelinə tamamilə yaddır”. Tənzilə xanım kimi Rəbiyyət xanım da yəqin xəbərsizdir ki, məktəblərə nəinki hicabla, heç kəlağayı və yaylıqla da qoymurlar. Təəssüf ki, Rəbiyyət xanım da dünyəvilik prinsipini əsas gətirərək, vicdan azadlığı kimi fundamental insan hüququnun pozulmasına beləcə haqq qazandırır. Yəni problem baş örtüyünün nədən və necə olmasından ibarət deyil, ümumiyyətlə onun olması ilə bağlı yaranan qorxu hissidir. Bəs bu qorxu hissinin mahiyyətində nə durur? Azərbaycan cəmiyyətində dünyəviliyə təhdid, yoxsa İslam inancının güclənməsi ilə ictimai müqavimətin və haqsızlığa qarşı mübarizə əzminin artması ethimalı?

Davamı olacaq

Mayis Güləliyev
/Faktxeber/
Comment