0
Tuesday 11 January 2011 - 23:58

Evindən silah "tapılan" möminin açıqlaması

Story Code : 50117
Evindən silah "tapılan" möminin açıqlaması
Evindən silah "tapılan" möminin açıqlaması
Məlumata görə, onun evindən 10 ədəd əl qumbarası, 40 ədəd güllə və 1 ədəd avtomat silah darağı aşkarlanıb. Bu dəqiqələrədək məlumat rəsmi təsdiqini tapmayıb.
Firdovsi Məmmədrzayev “Media forum”a deyib ki, balaca oğlu xəstələndiyinə görə onu həkimə göstərmək üçün yanvarın 10-da həyat yoldaşı ilə birgə Bakıya gəlib: “Biz burada olarkən evdən ortancıl oğlum zəng etdi ki, evə 20-dək polis gəlib və axtarış aparmağa başlayıblar. Oğlum evdə tək olub. Cavan uşaqdır, ona deyiblər ki, get bibini çağır. Uşaq da bibisinin yox, əmisinin dalınca gedəndə bu silahı evə necə yerləşdiriblərsə, baş açmaq mümkün deyil”.
Firdovsi Məmmədrzayevin sözlərinə görə, yanvarın 11-i səhər Quba Rayon Polis İdarəsinin cinayət axtarışı üzrə şöbə rəisi Azər Tağıyev ona zəng edib: “Azər Tağıyev məndən soruşdu ki, hardasan? Dedim, Bakıdayam. Bu axtarış xəbəri çıxandan sonra ona özüm zəng elədim və dedim ki, bildiniz də, mənim evimdən nələr çıxıb? Dedi, xəbərimiz var. Mən də dedim ki, gedib özümü burada təhvil versəm yaxşı olar, yoxsa Qubaya gəlim? Mənə bildirdi ki, Qubaya gəlsən daha yaxşıdır.
Hər halda məlum məsələdir, Azərbaycan İslam Partiyasınını sədri Mövsüm Səmədov mənim yeznəmdir. Onu həbs ediblər. Guya Hacı Mövsümün həbsindən sonra öz evimdə bu qədər silah gizlətmişəm. Bu axı gülməlidir, gülüncdür. Biz müsəlmanıq, amma Qərbin təqdim etdiyi terrorçu müsəlmançılıqla heç bir əlaqəmiz yoxdur, elə işlərlə məşğul deyilik. Biz hələlik dözürük, görək bunlar daha nə hoqqa çıxaracaqlar... Hələ də başa düşə bilmirik ki, günahımız nədir, yəqin özləri buna aydınlıq gətirərlər”.
Özü barədə məlumat verən Firdovsi Məmmədrzayev Azərbaycan İslam Partiyasının üzvü olduğunu və fəhlə işlədiyini deyib: “Sadə fəhləyəm, 30 ildir bu dövlətə xidmət edirəm. Avtomobil təmiri sexində işləyirəm. Silah saxlamaq, qumbara gizlətmək... bunlar bizim işimiz deyil. Dinə böyük məhəbbətim var və bu mənim vicdan azadlığımdır. Həmişə dinimə sadiq olmuşam, namazımı qılıb, orucumu tutmuşam. Siyasi partiyaya da sıravi üzv kimi keçmişəm və bu da hər bir vətəndaş hüququdur. Mənim heç bir günahım yoxdur. Bundan əminəm və haqqın öz yerini tapmasını gözləyirəm”. /Musavat/

Comment