0
Sunday 16 January 2011 - 16:49

ABŞ rəsmisi: "Biz Azərbaycanı azad olmayan ölkə kimi qiymətləndiririk"

Story Code : 50728
ABŞ - Azərbaycan
ABŞ - Azərbaycan
Xəbər verildiyi kimi, bu günlərdə qərargahı Nyu-Yorkda yerləşən “Freedom House” beynəlxalq insan haqları və demokratiyanın dəstəklənməsi təşkilatı dünyada azadlıqların vəziyyətinə dair növbəti illik hesabatını yayıb. Hesabatda bu dəfə də Azərbaycan qeyri-azad ölkələr sırasındadır və 2003-cü ildən bəri bu mövqeyini “əldən vermir”.
“Freedom House” təşkilatına ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə keçmiş müavini Devid Kremer başçılıq edir. “Amerikanın səsi”nin xəbərinə görə, Vaşinqtonda hesabatın təqdimatı zamanı maraqlı debatlar olub.
Vaşinqtonda yerləşən Xarici Əlaqələr Şurasının Yaxın Şərq araşdırmaları üzrə mütəxəssisi Elliott Abrams diqqəti avtoritar liderlərin həyasızlaşmasına çəkib. Onun sözlərinə görə, 25 il öncə demokratikləşmə hərəkatı başlananda hətta avtoritar liderlər də demokratiya haqda danışırdı, əməldə riayət etməsələr də sözdə demokratik prinsiplərə hörmət etdiklərini deyirdilər. İndi isə Rusiya və Çin kimi qüdrətli avtoritar rejimlər hippokratlıq nümayiş etdirməyə də ehtiyac duymur. Avtoritar liderlər açıq şəkildə öz əzici idarəçilik metodlarına haqq qazandırır və onu müdafiə edir.
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək üzrə müavini Maykl Pozner təmsil etdiyi hökumətin demokratiya və insan hüquqlarına önəm verdiyini vurğulayıb. O, bildirib ki, demokratik prinsiplər ABŞ-a məxsus deyil, onlar universal dəyərlərdir. Bu dəyərlərin aparıcı daşıyıcısı kimi ABŞ hökuməti istibdadla üzləşən xalqlara yardım əlini uzatmağa çalışır. Obama administrasiyasının bu sahədə göstəricilərini müdafiə edən M.Pozner həm ictimai bəyanatlarda, həm də ikitərəfli görüşlərdə demokratiya məsələlərinin mütəmadi olaraq qaldırıldığını bildirib. O, habelə qeyd edib ki, cəmiyyətlərdə müsbət dəyişikliklər, bu cəmiyyətlərin içərisindən gəlməlidir. ABŞ hökuməti isə yalnız daxildə göstərilən səylərə dəstək verə bilər.
Lakin E.Abrams bu məqamda ABŞ rəsmisi ilə razılaşmadığını söyləyib. O, rəsmi Vaşinqtonun demokratiya yönümündə apardığı siyasətin yarıtmaz olduğunu bildirib. Buna səbəb kimi o, ABŞ hökumətinin ritorikası ilə ikitərəfli münasibətlər arasındakı uçurumu göstərib: “Diktator qəzeti bağladığına görə, yaxud müxalifətçini həbs etdiyinə görə hansı cəza ilə üzləşir? Əks təqdirdə bu, quru bəyanatdan başqa bir şey deyil və diktatorlar bunlara məhəl qoymayacaq. Bu baxımdan administrasiya zəifdir. Bəzi hallarda administrasiya düzgün ifadələrdən istifadə edib... Lakin konkret nəticələrə gəldikdə ortada nailiyyət yoxdur. Əgər hüquq pozuntuları ikitərəfli münasibətlərə real təsir göstərmirsə, onda hökumətlər bəyanatlara məhəl qoymur”.
Tədbirdən sonra Devid Kramer Azərbaycanda siyasi azadlıqların boğulmasından dərin narahatlığını ifadə edib: “Biz Azərbaycanı azad olmayan ölkə kimi qiymətləndiririk. Bizi bu yaxınlarda keçirilmiş seçkilər xeyli narahat edir. Biz həmçinin jurnalistlər və bloggerlərə qarşı təzyiqlər, təqiblər və həbslərdən narazıyıq, hərçənd ki, iki blogger azadlığa buraxılıb. Lakin həbs edilmiş bloggerlərin sonradan sərbəst buraxılması pis əməli aradan qaldırmaqdır, öz-özlüyündə yaxşı əməl deyil. Sivil cəmiyyətə basqılar davam edir. Təəssüf ki, Azərbaycan nəinki 2010-cu ildə, ümumiyyətlə, son illərdə heç bir irəliləyiş göstərməyib. Bilmirəm ki, dəyişikliyə nə təkan verəcək? Azərbaycan rəhbərliyi bilir ki, ölkə təhlükəsizlik, iqtisadi və enerji səbəbləri üzündən mühümdür. Zənnimcə, avropalılar və eləcə də amerikalılar tərəfdə indiyədək belə bir tendensiya mövcud olub ki, azadlıq və demokratiya məsələlərindən çox əsas diqqət bayaq sadaladığım məsələlərə verilir”.
Metyu Brayzanın prezident Barak Obama tərəfindən ABŞ-ın Azərbaycana səfir təyin edilməsinə və səfirin bu günlərdə fəaliyyətə başlayacağı ərəfədə şərh verən Devid Kramer ümid etdiyini bildirib ki, demokratiya və insan haqları ABŞ-Azərbaycan münasibətlərində mühüm yer tutacaq: “2009-cu ilin yayından bəri ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Odur ki, ABŞ-ın Azərbaycana səfir göndərməsinin vaxtı çoxdan yetişib. Metyu Brayza ABŞ prezidenti tərəfindən birbaşa təyinat alıb. Bu, onu göstərir ki, ABŞ Azərbaycana böyük önəm verir. Metyu Brayzanı tanıyan adam kimi deyə bilərəm ki, insan haqları və azadlıq onun gündəliyində yer alacaq. Əlbəttə ki, mənim rəhbərlik etdiyim təşkilat bu məsələlərə geniş diqqət ayrılmasını təmin etmək üçün əlindən gələni əsirgəməyəcək”. /Müsavat/

Comment