0
Wednesday 3 February 2016 - 16:28

Jurnalistin ölümü ilə bağlı məhkəmədə qalmaqal – zala bibər qazı buraxdılar

Story Code : 517907
Jurnalistin ölümü ilə bağlı məhkəmədə qalmaqal – zala bibər qazı buraxdılar
İlhamə Mədətova: «Azərbaycanda üç təpikdən adam ölür, başqa ölkədə isə İbrahim Tatlısəsin başının bir hissəsindən güllə girib o biri hissəsindən çıxır, onu xilas edirlər…»

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda qalmaqal yaşanıb. Məhkəmə zalına gözyaşardıcı qaz buraxılıb…

“İstintaqda dindirəndə mənə təzyiq göstərdilər”

Amma bundan əvvəl məhkəmədə şahidlər dindirilib. Əvvəlcə şahid Anar Muxtarov ifadəsində mərhum jurnalistin döyülməsini gördüyünü deyib. Amma onu konkret kimin vurduğu yadında deyil.

Anar Muxtarovun istintaqa ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb. Onun istintaqa ifadəsində təqsirləndirilən şəxslərdən Elşən Ismayılovun əlində pul qabı gördüyü qeyd olunub. Lakin məhkəmədə o, Elşənin əlində pul qabı görmədiyini deyib: “Bir əlində açar var idi, o biri əlində də nə isə qara bir şey. Dəqiq deyə bilmərəm ki, nəidi. Mən istintaqa da belə demişəm”.

Elşən Ismayılov bildirib ki, həmin vaxt əlində özünə məxsus mobil telefon olub vəonun hadisə yerindən Rasim Əliyevə məxsus pul qabını götürməsi barədə deyilənlər yalandır.

Növbəti şahid Pərviz Qabilzadə təqsirləndirilən Elşən Ismayılovun dayısı oğludur. O, hadisə baş verən gün Elşənlə aralarında olan söhbəti danışıb: “Elşən zəng elədi ki, ”Bayıla gedirəm, məni söyüblər”. Dedim, lazım deyil, başını burax. Dedi ki, “yox, gedəcəm, ”Bayıl Market”in yanında görüşməliyik”. Məşq yoldaşım Samirə zəng eləyib dedim ki, dayım oğlu gələcək, nəsə söhbətləri var, get, qoyma. Samirin nömrəsini Elşənə göndərdim. Həmin gün qonaqlarım vardı, axşam Samir zəng eləyib məsələni danışdı. Sonra saytlardan oxuyub məsələni bildim. Elşənə dəfələrlə dedim ki, getmə…”

Şahid Asim Səmədov isə ifadəsində bildirib ki, Rasim Əliyevgilin qonşusudur: “Mən bərbərəm, günorta Rasim dedi ki, ”qonaqlarım gəlir, çayxanaya gedəcəyik, sən də gəl”. Dedim əlimdəki işi qurtarıb gələcəm. Bir müddət sonra Rasimin anası gəldi, onu soruşdu. Dedim ki, çayxanada olmalıdır. Elə anasından eşitdim ki, “Bayıl Market”in yanında onu döyüblər”.

Sonuncu şahid Elnur Süleymanov hadisə baş verərkən mağazada olub: “Səs-küyəçıxdım, Rasimin ayaqqabısının bir tayı mağazanın qarşısında idi, bir də eynəyini gördüm. Hər ikisinin yerdən götürüb, aparıb o biri səkidə Rasimə verdim”.

Elnur Süleymanov istintaqda dindirilərkən təzyiqə məruz qaldığını deyib: “Dindirəndədedilər ki, pulqabını sən götürmüsən. Mən nə pulqabı götürmüşəm, nə də götürəni görmüşəm. Mənim adımdan ifadə yazıblar. Məhkəmədə nə danışdımsa, bu düzdür”.

“Rasim Əliyev həm də həkim səhlənkarlığının qurbanı olub”

Bununla da iş üzrə əsas şahidlərin dindirilməsi başa çatıb. Bundan sonra zərərçəkmişin nümayəndəsi Fariz Namazlı Rasim Əliyevin ölümündən əvvəl xəstəxanada onunla ünsiyyətdə olmuş dostları, yaxınlarının, eləcə də 1 saylı Kliniki Tibbi Mərkəzdəmərhum jurnalisti müayinə və müalicə etmiş həkimlərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb: “Biz hesab edirik ki, Rasim Əliyev həm də həkim səhlənkarlığının qurbanı olub. Ona görə, həmin şəxslərin də məsuliyyətə cəlb edilməsinin tərəfdarıyıq. Onlar məhkəməyə gələrək ifadə verməli, bizim sullarımızı cavablandırmalıdır”.

Təqsirləndirilən şəxslər və onların vəkilləri də zərərçəkmiş tərəfin həkimlərlə bağlı vəsatətini müdafiə ediblər.

Amma məhkəmə vəsatəti təmin etməyib. Bu da təqsirləndirilən şəxslər və onlarının yaxınlarının etirazına səbəb olub. Onlar Eldar Ismayılovun sədrlik etdiyi hakimlər kollegiyasını işə qərəzli və sifarişlə baxmaqda ittiham ediblər. Məhkəmə zalında səs-küy yaranıb.

“Üç təpiklə insan ölürsə, səhiyyəyə ayrılan vəsait hara gedir?”

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Fariz Namazlı məhkəmə zalına qaz buraxıldığını bildirib.

Kənan Mədətovun anası Ilhamə Mədətova da bunu təsdiqləyib: “Hakim zərərçəkmiş tərəfin həkimlərin məhkəmədə dindirilməsi barədə vəsatətini təmin etmədi və biz buna etirazımızı bildirdik. Təqsirləndirilən şəxslərin də, bizim də üzümüzə qaz sıxdılar. Bəzilərinin gözlərinə təsir elədi, məni öskürək tutdu, indi də burnumda qazın iyini hiss eləyirəm. Bəlkə də ekspertiza keçirilsəydi, bunu müəyyənləşdirə bilərdi”.

Ilhamə Mədətova jurnalistin ölümünə görə həkimlərin məsuliyyət daşıdığını bildirib: “Bizim uşaqlarımız törətdikləri əmələ görə cəzalandırılmalıdır. Onlar Rasim Əliyevi öldürməyib. Rasim Əliyev həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Mərhumun anası da öz ifadəsində bildirib ki, övladının bədənində əməliyyat yerini görməyib. Axı bu prezidentin nəzarətində olan işdir. Niyə bu dövləti dünyada pis vəziyyətdə qoyurlar? Azərbaycan tibbi elə bir səviyyədədir ki, üç təpiklə insanı xilas etməmək mümkün olmasın? Bizim ölkədə tibbi sahəyə ayrılan vəsait hara gedir? Mən özüm 25 ilin həkimiyəm, bilirəm ki, qabırğanın sınığından adam ölə bilməz. Əgər qan itirmədən ölübsə, niyə vaxtında onun qan təzyiqi ölçülməyib? Bu halda, daxili qanaxmanın olub-olmadığı müəyyənləşdirilə bilərdi.

Burada açıq-aşkar həkim səhlənkarlığı var. Kamera görüntülərində də var ki, mərhum Rasim Əliyev özü maşınına minib gedib, xəstəxanada müsahibələr verib, onda ölüm izləri olmayıb. Necə olur, Azərbaycanda üç təpikdən insan ölür, başqa ölkədə isəIbrahim Tatlısəsin başının bir hissəsindən güllə girib o biri hissəsindən çıxır, onu xilas edirlər?! Budur bizim səhiyyəmiz?”

Prezident Administrasiyasına yürüş

Daha sonra təqsirləndirilən şəxslərin yaxınlarından ibarət təxminən 20 nəfər məhkəmənin obyektiv keçirilməməsinə etirazlarını bildirmək üçün Prezident Administrasiyasına yollanıblar. Orada təqsirləndirilən şəxslərin hərəsinin bir valideynini qəbul ediblər. Təxminən bir saat davam edən görüşdən sonra jurnalistlərəaçıqlama verən valideynlər bildiriblər ki, onları Prezident Administrasiyasının qəbul şöbəsinin rəhbəri Əli Orucov qəbul edib: “Bizi qəbul edib, dinlədilər, dedilər ki, gözləyin, az sonra cavab deyəcəyik. Bir qədər sonra gəlib bildirdilər ki, ƏdliyyəNazirliyi və Baş Prokurorluqla əlaqə saxlanılıb, orada bizi qəbul edəcəklər. Ora gedəcəyik”.


“Bu işə obyektiv baxılmasa, vətəndaşlıqdan imtina edəcəm”

Təqsirləndirilən Samir Mustafayevin atası Şakir Mustafayev bildirib ki, bu iş üzrəonları narahat edən bütün məsələləri görüş zamanı diqqətə çatdırıblar: “Əli Orucov bizi hörmətlə qarşıladı, dinlədi. Ona da dedim ki, mənim uşağım kimsəni vurmayıb, əksinə, Rasim Əliyevi əl verib yerdən qaldırıb. Əgər kömək edən də bu cür cəzalandırılırsa, daha nə qanunçuluq, nə demokratiya?! Üstəlik, əgər bir təpiklə bu ölkədə adam ölürsə, onda hər gün ən azı, bir adam gərək döyülmədən ölə… Düzdür, Rasim Əliyevə xəsarət yetirilib, amma o xəsarət ölümcül olmayıb. Sadəcə, həkimlərin müayinə və müalicəni düzgün aparmaması ölümlə nəticələnib. Bir nəfər dünyasını dəyişib, beşi də dəmir barmaqlıqlar arasındadır. Insanların həyatına bu cür laqeyd yanaşmaq olmaz axı… Uşaqlar məhkəmədə hüquqlarını müdafiə etmək istədilər, qazı sıxdılar gözlərinə…”

Şakir Mustafayev onu da əlavə edib ki, bu işə obyektiv baxılmasa, ədalətli qərar verilməsə, vətəndaşlıqdan imtina edəcək.

Məhkəmə prosesi fevralın 9-da davam edəcək.(Azadlıq qəzeti)
Source : Azadliq qəzeti
Comment