0
Saturday 20 February 2016 - 01:22

Tale Bağırovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Story Code : 522177
Tale Bağırovun məhkəməsi növbəti dəfə təxirə salınıb
Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə fevralın 19-da keçirilməli olan məhkəmə təxirə salınıb. Bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə bu günə təxirə salınmış iclas Tale Bağırovun məhkəməyə gətirilməməsi səbəbindən təxirə salınıb.

Qeyd edək ki, C.Cavadov Tale Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.



Xatırladaq ki, T.Bağırov noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-i polis olmaqla 7 nəfər öldürülüb.

Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və Nardaran hadisələri zamanı saxlanılan 14 nəfərə, o cümlədən Tale Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində T.Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti təmin edilməyib.
Source : Islamazeri
Comment