0
Tuesday 10 May 2016 - 14:41

Azərbaycan Respublikasının bir qrup ictimai-siyasi xadimi Ayətullah Amili ilə görüşüb

Story Code : 537765
Azərbaycan Respublikasının bir qrup ictimai-siyasi xadimi Ayətullah Amili ilə görüşüb
Erməni işğalçılarının Şuşa şəhərini işğal etməsi və müdafiəsiz əhalini qətliam etməsinin ildönümü günündə Azərbaycan Respublikasının bir qrup ictimai-siyasi xadimləri, partiya və təşkilat rəhbərləri, Qarabağın azadlığı uğrunda çalışan fəallar Vəliyyi-Fəqihin Ərdəbil Əyaləti üzrə nümayəndəsi Ayətullah doktor Seyid Həsən Amili ilə görüşüblər. Görüşdə Qarabağ məsələsinə aid müxtəlif danışıqlar və araşdırmalar aparılıb.
Bu görüşdə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Vəhdət Partiyasının sədri və Milli Məclisin üzvü Tahir Kərimli, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, siyasi-ictimai təhlilçi və jurnalist Zərdüşt Əlizadə, Qarabağ Uğrunda İslam Müqaviməti Hərəkatının rəhbəri Rövşən Əhmədli, jurnalist Qurban Məmmədov, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin KİV nümayəndələri iştirak etmişdir.
Görüşdə Ayətullah Seyid Həsən Amili deyib: “İran İslam Respublikası həmişə bütün dünya məzlumlarını, müsəlman ölkələrinin, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etmişdir. Amma heyiflər olsun ki, bir sıra güclər özlərini haqlı hesab edərək dünyanı idarə etməyə cəhd edir və müasir silahlar əldə etməklə dünya müsəlmanlarını qətlə yetirirlər”.
Ayətullah Amili əlavə edib: “Hər hansı bir millət öz ölkəsi barədə bir qərara gəlmək və Amerikadan asılı olmaq istəmirsə, Amerikanın düşməni hesab olunur. Amerika və qərb dövlətləri İslam ölkələrinin izzət və istiqlalını qəbul etmirlər, müxtəlif yollarla bu ölkələrdə hərc-mərclik, qarşıdurma yaratmağa təlaş edirlər”.
Vəliyyi-Fəqihin nümayəndəsi daha sonra deyib: “Azərbaycanın hökuməti dini mərasimlərdə, o cümlədən Tasua və Aşura günlərində camaatın toplaşmasına mane olmamalıdır. Çünki xalq öz ölkəsini müdafiə etmək üçün səhnədə olmasa, onda hökumət mütləq problemlərlə üzləşər, düşmən qarşısında məğlub olar. Mənim Tasua və Aşura günlərində xalqı hər şəhərdə bir məkanda toplaşmağa çağırışım şiələrin gücünün görünməsi, Azərbaycan Respublikasının düşmənlərinin və ermənilərin ürəyində qorxu yaratmaq üçün idi. Bu, Qarabağın azad olunması üçün önəmli amil ola bilər. Xalqın vəhdətini göstərən belə toplantılar düşmənin, xüsusilə də Ermənistanın gözünü qorxudacaq. Hər hansı ölkədə xalq toplaşması və dəstəyi çox olarsa, xalq meydanda olarsa, onun hökuməti bütün meydanlarda qalib olacaqdır. İslam İnqilabının İranda şah rejiminə qarşı qələbəsi xalqın meydanlarda iştirakına görə oldu”.
Ayətullah Amili vurğulayıb: “Müsəlmanların və İslam ölkələrinin düşmənləri təlaş edirlər ki, müsəlman ölkələrinin rəhbərlərinə, qanun qəbul edənlərinə Amerikadan asılı olmadan iş görməyin mümkün olmadığını aşılasınlar və onları müstəqil hərəkət etməkdən məyus etsinlər. İslam ölkələrinin dövlət xadimləri bu məsələni nəzərə almaqla dünya imperializmi qarşısında vəhdət və birlik nümayiş etdirməli, vahid mövqedən çıxış etməlidirlər”.
Ərdəbilin imam cüməsi bəzi türk ölkələrinin rəhbərlənin İŞİD kimi terrorçu qruplara dəstək verməsi məsələsinə toxunaraq deyib: “İŞİD təkfirçi və terrorçu qrupunun özünü İmam Zamanın (əc) düşməni və onunla müharibə etmək üçün yarandığını elan etməsinə, bəşərin qurtuluşçusu zühur etdikdə o həzrətlə müharibə edəcəkləri kimi bəyanatlarına diqqət etməklə regionun bəzi türk dilli ölkələrinin başçılarının İŞİD-i himayə etmələri İmam Zamanın (əc) düşmənlərini himayə etməkdir. Lakin bilmək lazımdır ki, belə adamların hesabı məntəqədə Əhli-beyt (ə) aşiqi olan türk dilli əhalidən ayrıdır”.
Ayətullah Amili həmçinin bəyan edib: “Biz sizin qardaşınız və qonşunuz olaraq hər zaman Qarabağın azad olunmasını istəyirik. Cümə namazının xütbələrində dediklərim ürəkdən gələn sözlərdir və şüar deyil. Bu işi ötən illərdə hərbi, iqtisadi, hərbi təlim, hətta Qarabağda düşmənin irəliləməsinin qarşısını almaq kimi dəstəklərlə əməldə də göstərmişik. Bundan sonra da hər vaxt lazım olsa, yenə də bunu edəcəyik.
Minsk qrupu kimi beynəlxalq təşkilatlar, Türkiyə və Amerika kimi ölkələr heç vaxt Qarabağ münaqişəsinin həll olunmasını istəmirlər. Ötən bir neçə onillik boyu bunu əməldə də göstəriblər. Onlar daha çox şüar səsləndiriblər. Şərq və qərb supergücləri həmişə İslam torpaqlarında müsəlmanlar arasında müharibə, düşmənçililk yaratmaq ardınca olublar.
Amerika kimi ölkələr istəyirlər, Qarabağ konflikti o qədər uzansın ki, sonda xalq yorulsun və referenduma razılıq versin. Mən Azərbaycan hökumətinə tövsiyə edirəm ki, bunun qarşısını alsın”.
Ayətullah Amili cümə namazları xütbəsində Azərbaycan dövləti haqqında səsləndirdiyi fikirlərə də aydınlıq gətirərək deyib: “Cümə namazının xütbələrində mənim Azərbaycan Respublikası barədə hansısa sözü deməyim, ölkənizin hökumətinin işlərinə müdaxilə etmək üçün deyil. Mən bir din alimiyəm və dini elmlər hansısa coğrafiya ilə məhdudlaşmır”.
O, Azərbaycan hökumətinə verdiyi tövsiyələrin davamında deyib: “Azərbaycan hökuməti zahiri səbəblərə söykənməməli, əksinə Allahın iradəsinə və xalqın dəstəyinə arxalanmalıdır. Dini inanclar xalq arasında nə qədər çox genişlənsə, bir o qədər hökumətin xeyrinə olacaq. Hökumətin ən böyük iftixarı onda olar ki, müxaliflərini özü ilə birgə edə bilsin”.
İran İslam Respublikasının Azərbaycana dəstəyini bir daha önə çəkən Ayətullah Amili vurğulayıb: “İran İslam Respublikası Qarabağ müharibəsində Azərbaycana çoxlu xidmətlər etdi. Qarabağ müharibəsi zamanı on minlərlə müharibə köçkününə öz torpaqlarında yer verdi, sərhədlərini onların üzünə açdı, onları qəbul etdi. Bəsicilər və sərdarlar hərbi təlim sahəsində və silah-sursat göndərməkdə sizə böyük xidmətlər göstərdilər. Bu yardımların sənədləri, foto və videoları mövcuddur”.
Görüşün davamında Ədalət partiyasının sədri İlyas İsmayılov bəyanlarına görə Ayətullah Seyid Həsən Amiliyə təşəkkür edib. Özünün o zaman ədliyyə naziri olaraq, İranın müxtəlif sahələrdə köməklərinin şahidi olduğunu bildirən ictimai-siyasi xadim İranın köməklərinə, dəstəyinə, Qarabağ müharibəsində həm ötən illərdə, həm də son günlərdəki müharibədə çəkdiyi zəhmətlərə görə minnətdarlığını bildirərək deyib: “Biz qədirbilməz insanlar deyilik və bizim xalqımıza edilən xidmətləri unutmayacağıq. Buyurduğunuz kimi, biz heç vaxt şüarlara yox, əmələ baxmalıyıq”.
Milli Məclisin üzvü və Vəhdət partiyasının sədri Tahir Kərimli deyib: “Qarabağ İslam torpağıdır və sizin sözləriniz gözəl niyyətinizi, qədim dostluq və əməkdaşlığınızı göstərir. Belə sözlər xalqın ruhiyyəsinin güclənməsinə, ölkələrimizin xalqları arasında münasibətlərin artmasına səbəb olur.
Ayətullah Xamenei düşmənlərə qarşı sərt çıxış etdikdə onlar hamısı geri çəkilirlər. Bu, bütün xalqın və onu sevərlərin ürəyində sevinc yaradır. Mən bütün vücudumla arzu edirəm ki, Qarabağ ölkəmizə qayıtsın”.
Görüşün davamında Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Qulliyev, Ayətullah Amilini Ziyalılar Birliyinin fəxri üzvü kimi görmək istədiyini bildirərək deyib: “Siz unikal şəxsiyyətlərdənsiniz. Mənim sizə bir doğma qardaş kimi xüsusi hörmətim vardır. İrana daxil olduqda sanki, öz torpağıma ayaq basıram”.
Ayətullah Amili də onun lütf və məhəbbət bildirməsinə təşəkkür edərək, bu təklifi qəbul edib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu görüşün Şuşanın işğalı ilə eyni vaxta düşməsini Allahın bir təqdiri və yaxşı əlamət hesab etdiklərini bəyan edərək deyib: “Arzu edirik ki, belə bir gündə Qarabağın azad olunmasını sizin yanınızda bayram edək. Azərbaycan Respublikasında sizin xüsusi yeriniz vardır və xalq sizə xüsusi hörmət bəsləyir”.
Analtik Zərdüşt Əlizadə deyib: “Mən jurnalistika sahəsində fəaliyyət göstərdiyim 25 il müddətində başa düşmüşəm ki, qərb və şərq gücləri daim iki qonşu və dost ölkənin münasibətlərini pozmaq istəyirlər. Biz bütün ölkələr arasında dostcasına və səmimi münasibətlər qurulmasını istəyirik. İki ölkənin hökumətləri zəncir kimi bir-birlərinə bağlıdır və heç bir güc bizi bir-birimizdən ayıra bilməz. Həzrət-alinin minnət qoyaraq mənə etdiyiniz Şeyx Səfiəddin Ərdəbili Türbəsinin Qəyyumlar Şurasında üzvlük təklifini iftixarla qəbul edirəm”.
Jurnalist Qurban Məmmədov da İran İslam Respublikasının dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etməsinə görə təşəkkür edərək deyib: “Biz, başda Ayətullah Xamenei olmaqla İran hökumətindən xahiş edirik ki, öz köməklərini bizdən əsirgəməsinlər”./qafqaz.ir/





Source : Qafqaz.ir
Comment