0
Tuesday 9 August 2016 - 14:03

Bu gün Ərdoğanla Putin arasında tarixi görüş olacaq

Story Code : 559207
Bu gün Ərdoğanla Putin arasında tarixi görüş olacaq
Prezidentlər Vladimir Putun və Rəcəb Tayyib Ərdoğan məlum təyyarə insidenti ilə korlanmış ikitərəfli əlaqələrin bərpasından sonra ilk dəfə bir araya gələcəklər.

Rəsmi məlumatlara görə, tərəflər aradakı soyuqluq nəticəsində geriləmə qeydə alınmış bütün sahələr üzrə konstruktiv müzakirələr aparacaq. “Liderlər hazırkı bütün problemləri müzakirə edəcəklər. Öncə Ərdoğan və Putin təkbətək görüşəcək, sonra heyətlər arasında görüş olacaq” - Ərdoğana yaxın mənbə bildirib.

“Ümid edirəm ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”. Bunu prezidenti Rəcəb Tayyib Ərdoğan Peterburqa yola düşməzdən öncə bəyan edib. “Rusiya ilə bütün münasibətlərimizi inkişaf etdirəcəyik”. Bunu isə o, “əl-Cəzirə” telekanalına verdiyi müsahibəsində deyib.



Müsahibədə o, Putinlə keçirəcəyi görüşlə bağlı maraqlı açıqlamalar da verib. “Vladimir Putin çevrilişə cəhddən bir gün sonra mənə zəng etdi. Şəhidlərimiz üçün başsağlığı verdi, yaralılarımıza şəfa dilədi. Rusiyanın hər zaman bizim yanımızda olduğunu dedi. Çərşənbə axşamı Rusiyaya gedəcəyəm. Yanımda Rusiyada böyük sərmayələri olan böyük iş adamları da olacaq. Ticarət, hərbi, iqtisadi və siyasi münasibətlərimizi gücləndirməyə çalışacağıq” - Ərdoğan bildirib. Türkiyə lideri Peterburq görüşü zamanı iki dövlətin regiondakı maraqlarının da müzakirə ediləcəyini deyib.

Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım isə ölkə rəhbərlərinin iki ölkə münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün “Yol xəritəsi” hazırlayacaqlarını söyləyib. “Əminliklə deyə bilərəm ki, bu, tarixi bir görüş olacaq. Biz bir aydır ki, bu görüşə hazırlaşırıq” - səfir vurğulayıb.

Prezident Ərdoğan da TASS-a münasibətində bunun tarixi bir görüş olacağını deyib. “Bu - tarixi bir səfər, yeni başlanğıc üçün görüş olacaq” deyən Ətrdoğan Putini dost adlandırıb. “İnanıram ki, dostum Vladimirlə danışıqlarda ikitərəfli əlaqələrdə yeni səhifə açılacaq. Qarşıda bizim ölkələrimizin birgə görəcəkləri çox iş var ” - Türkiyə lideri vurğulayıb.

***
Xarici KİV-lərin də səfərə marağı böyükdür. Bunu ən əvvəl siyasi şərhlərdən görmək olar. “Avqustun 9-da Sankt-Peterburqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçiriləcək. Görüş Ankaranın Moskvaya meyl etməsinin başlanğıcı olacaq”.

Bu iddia ilə “Foreyn Polisi foreignpolicy.com” nəşri çıxış edib. Nəşrin yazdığınaə görə, tərəfləri birləşdirəcək xüsusi bir səbəb yoxdur. Sadəcə, Suriya prezidenti Bəşər Əsədin mövqeyinin bərpası artıq hər iki tərəfin maraqlarına cavab verir: “Rusiyanın və İranın Suriyada apardığı əməliyyatlar göstərir ki, Bəşər Əsəd hələ uzun müddət öz hakimiyyətini qoruyub saxlayacaq. Türkiyə prezidenti bu inkarolunmaz faktı görməzdən gələ bilməz. Ərdoğanın bu əməkdaşlıqda Əsəddən başqa maraqları da var. O, Kürd İşçi Partiyasını (PKK) və Xalqların Demokrat Partiyasını (HDP) darmadağın etmək istəyir. Bunun üçün onun müttəfiqlərin dəstəyinə - Rusiya və İrana ehtiyacı var. ABŞ Türkiyəyə istədiyi köməyi göstərmədikcə, Türkiyə Rusiyaya can atmağa davam edəcək”.

Bir sıra Qərb analitikləri isə Türkiyədəki uğursuz hərbi çevriliş cəhdindən sonra ABŞ və Avropadan incikliyi artan Ankaranın Moskva ilə daha sürətlə yaxınlaşa biləcəyini, NATO və Avropa Birliyi ilə əlaqələrin isə zəifləyəcəyini proqnoz edirlər.

Peterburq görüşündə Qarabağ məsələsinə də toxunulacağı istisna deyil. Hər halda, bu görüş ən azından konfliktin həlli üçün daha məqbul atmosferin yaradılması baxımından önəmli ola bilər. /Musavat.com/
Source : Musavat
Comment