0
Tuesday 8 November 2016 - 15:24

“Bandotdel”də məni dubinka və butulka ilə zorlamaq istədilər”

Story Code : 582015
“Bandotdel”də məni dubinka və butulka ilə zorlamaq istədilər”
Nardaran işi üzrə noyabrın 7-də keçirilən növbəti məhkəmə iclası da tükürpədici ifadələr, şahidlərin işgəncə altında verdikləri yalan ifadələri təsdiqləmələri üçün onlara edilən təzyiqlər, polis rəisinin sürücüsünün yalanının ifşa olunması ilə yadda qalıb. Bütün bunlar barədə bir qədər sonra… “Bu adamları akvariuma salmısız, bircə oranın suyu çatışmır” Nardaran işi üzrə ötən məhkəmə iclasından sonra prosesdə təxminən on günlük fasilə elan olunmuşdu. Bu müddətdə prosesin keçirildiyi məhkəmə iclas zalında dəyişikliklər edilib – dəmir qəfəs sökülərək, yerində üstü istisna olmaqla, qalan hər tərəfi şüşə olan kabinə quraşdırılıb. Bu da Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da daxil olmaqla, 18 nəfər təqsirləndirilən şəxsin etirazına səbəb olub. Elə vəkillər də müvəkkillərinin bu şəraitdə saxlanılmasını onların müdafiə hüququnun pozuntusu kimi qiymətləndiriblər. Bildiriblər ki, belə şəraitdə təqsirləndirilən şəxsin vəkili ilə məsləhətləşmək imkanı məhdudlaşdırılıb. “Heç minlərlə adamın qətlində əli olan faşistləri belə saxlamırdılar. Onları məhkəmədə vəkillərinin yanında oturdurdular. Bu adamları akvariuma salmısız, bircə oranın suyu çatışmır”, – deyə vəkil Nemət Kərimli etiraz edib. Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, heç bir hüquq pozuntusundan söhbət gedə bilməz, tədricən bütün məhkəmə zallarında təqsirləndirilən şəxslərin saxlanılması üçün bu cür kabinələr quraşdırılır. Polis rəisinin sürücüsünün yalanı Daha sonra məhkəmədə zərərçəkmiş qismində Afiq Şükürov ifadə verib. O, ötən il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsdən buraxılması tələbilə Sabunçu Rayon Polis İdarəsinin qarşısında adamlar toplaşarkən xəsarət aldığını iddia edib. Bildirib ki, mülki geyimdə kütlənin qarşısına çıxıb, başına daş parçası dəyib və dərhal da huşunu itirib: “Ağlım başımdan çıxdı. Bir də ayıldım ki, Daxili İşlər Hazirliyinin hospitalındayam. Məni Təcili Tibbi Yardımla idarədən hospitala aparıblar. On gün orada müalicə almışam”. Dindirmə zamanı məlum olub ki, Şükürov Sabunçu RPİ-nin rəisi Eldar İlyasovun sürücüsüdür. “Rəisin sürücüsünün aksiyada nə işi vardı?” sualına cavab olaraq, deyib ki, o həm də idarənin əməkdaşıdır, polis serjantıdır. “Bu qədər adamın qarşısında yalan danışmaqdan utanmırsan?” Vəkillərin vəsatəti əsasında Afiq Şükürovun istintaqdakı ifadəsi elan olunub. Həmin ifadədə yazılıb ki, başına daş dəyəndən sonra yıxılıb, tibbi yardım göstəriləndən sonra özünə gəlib və birtəhər evinə gedib. Vəkillər ona hansı ifadəsinin doğru olduğu barədə çoxsaylı suallar versələr də, polis rəisinin sürücüsü ziddiyyətə aydınlıq gətirə bilməyib. Dindirmə zamanı Fuad Qəhrəmanlı ilə Afiq Şükürov arasında belə bir sual-cavab olub: – Bu qədər insanın qarşısında yalan danışmaqdan utanmırsız? – Yalan danışmıram ki. Olanı deyirəm. – Burada deyirsən ki, hospitala aparıblar, istintaqda deyirsən ki, evimə getmişəm. Bu, yalan deyil? Sənin ölçüdə adamın özündən getməsi üçün gərək başına kubik dəyəydi… – Daş dəyib, yaddaşım pozulub. – Bildirdiniz ki, daş dəyib, ağlınız başınızdan çıxıb. Sonradan ağlınız yerinə qayıtdı? Hakim bu sualı çıxarıb və ona görə də sürücü onu cavablandırmayıb. Vəkil Yalçın İmanov məhkəməyə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından alınmış arayışı təqdim edib. Orada göstərilib ki, hadisə günü idarədə Afiq Şükürova tibb yardım göstərildikdən sonra onun durumu yaxşılaşıb və o, heç yerə aparılmayıb. “Polislərin yalanını malalayırsız” Təqsirləndirilən şəxslər, yalan danışdığına görə, Şükürovun məsuliyyətə cəlb olunmasını tələb etsələr də, hakim məsələyə əhəmiyyət verməyib. Təqsirləndirilənlər hakimi bu cür mövqeyinə görə qınayıblar. “Siz, açıq-aşkar, özünüzü yalançının vəkili kimi aparırsınız. Polislər gəlib burada nə yalan danışırlar, siz də onu malalayırsınız. Əgər müstəqil olsaydınız, əksinə, yalanı ifşa etməyə çalışardınız. Ayıbdır, axı. Bəsdirin də…”, – Fuad Qəhrəmanlı etirazını bildirib. “Şalvarımı aşağı çəkəndə, dözmədim…” Daha sonra Xələcdəki 5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mötəbər Babayev şahid qismində dindirilib. O, ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyatdan dörd gün sonra həbs olunub və CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsilə 2 il 6 ay azadlıqdan məhrum edilib. Mötəbər Babayev deyir ki, ona cəza verilmiş silah ittihamı da, istintaqda işgəncə ilə Taleh Bağırzadənin əleyhinə alınmış ifadə də yalandı. O, başına açılan oyunlar barədə ətraflı danışıb: “Məhərrəm ayı idi. Hoyabrın 25-də İmam Hüseyn ehsanına görə Nardarana getmişdim. Ayın 26-da səhər oradan çıxdım, gəldim metronun “Koroğlu” stansiyasına. Metro ilə “20 Yanvar”a, oradan da qaldığım Biləcəri qəsəbəsinə gəldim. Günorta eşitdim ki, Nardaranda belə bir hadisə olub. Namazdan sonra getdim ora. Qəsəbədə yolları bağlamışdılar, postlar qurmuşdular deyə, dörd gün qayıda bilmədim. Ayın 30-da buraxdılar, çıxdım getdim Sabirabaddakı evimizə. Axşam 17.00-18.00 radələrində yarım saat olardı ki, çatmışdım, birdən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları gəlib məni apardılar. Əvvəlcə dedilər ki, guya, küçədə söyüş söymüşəm, polis mənə deyib ki, “söymə”. Mən də cavab vermişəm ki, “əcəb eləyirəm”. Əlbəttə ki, yalandır, mən söyüş söyən adam deyiləm, bunlar da məni evdən aparıblar. On sutka verdilər ki, orada saxlasınlar. Sonra boynuma silah qoymaq istəyirdilər. Əliafğa, Mahir (Sabirabad RPŞ-nin rəis müavini Əlifağa Kazımovu nəzərdə tutur) məni döydülər. Hecə döydülər, bir Allah bilir. Amma nə qədər döydülər, boynuma götürmədim. Şalvarımı aşağı çəkəndə, dözmədim, yalvarıb-yaxardım ki, bunu eləməyin. Axırda Əlifağa dedi ki, “aparın, kənddə həyətlərinə heroin qoyun, atasını götürüb gəlin bura”. Onda dedim ki, atamın 51 yaşı var, heç vaxt şöbə-filan görməyib, bura gələn kimi ürəyi partlayar. Götürdüm boynuma. Guya, silahı Rövşən adlı adam mənə saxlamağa verib, mən də aparıb kənddə gizlətmişəm. Onların göstərdikləri yerdən silahı götürəndə video-çəkiliş də apardılar”. “İrana işləmirəm, daş sexində fəhlə işləyirəm” Mötəbər Babayevi sonradan Bakıya gətiriblər. Bakıda Həsimi Rayon Məhkəməsinin hakim Şəlalə Həsənova onun barəsində həbs-qətimkan tədbiri seçib. Həbs qərarından sonra – dekabrın 2-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb: “Orada da ki, işgəncələr öz yerində, təhqirlər də öz yerində. Dedilər ki, “sənə silahı Rövşən yox, Hacı Taleh verib”. Etiraz elədim, döydülər. Dedilər ki, “əgər istəmirsənsə, birbaşa Talehin adını yazmayaq. Yazaq ki, Əkbər verib, onsuz da o ölüb. Ya da Abbasın adını yazaq, onu da elə günə qoymuşuq ki, o da bu gün-sabahlıqdır”. Yenə razılaşmadım. Kərim Əlimərdanov, İslam Ağabəyov mənə elə işgəncələr verirdilər, insan ləyaqətinə toxunan elə hərəkətlər eləyirdilər ki, öldürsəydilər, ondan yaxşı idi. Əllərim arxadan bağlı vəziyyətdə elə yerdən vururdular ki, dözmək mümkün deyildi. “Dubinka” və butulka ilə məni zorlamaq istəyirdilər. Ona görə də gətirdilər, qol çəkdim. Yazdılar ki, guya, Hacı Taleh rəhmətlik Əkbərə verib silahı, o da mənə. Xüsusən, onların dediklərini kamera qarşısında təkrarlamağım üçün işgəncə verirdilər. Dekabrın 29-da Kürdəxanı təcridxanasına köçürdülər. Fevralda gəldilər ki “Hacı Talehlə üzləşmədi, gedib üzünə durmalısan”. Nə qədər elədilər, razılaşmadım. Mənə deyirdilər ki, “İrana işləyirsən”. İrana işləyən bu gündə olar? Dedim ki, mən İrana işləmirəm, daş sexində fəhlə işləyirəm”. “Ya dediyimizi eləyirsən, ya da Əli İnsanovun gününə düşəcəksən” Həmin silah ittihamı ilə Mötəbər Babayev barəsində 2 il 6 ay azadlıqdan məhrumetmə hökmü çıxarılandan sonra o, 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Bir müddət əvvəl Nardaran işi üzrə məhkəmədə ifadə vermək üçün Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb. Burada da “bandotdel” əməkdaşlarının “sürprizi” ilə qarşılaşıb: “Oktyabrın 19-da mən “karantində” idim. Gecə saat 11 radələrində məni ya ikinci, ya da üçüncü mərtəbədə bir otağa apardılar, Kərim Əlimərdanov (“bandotdel”in şöbə rəisi) və İslam Ağabəyov (əməliyyat müvəkkili) orada idi: “Mənə dedilər ki, gələn ay üçdə birinin vaxtıdır. İki azyaşlı uşağın var. Əgər dediyimizi eləsən, təşkil eləyərik, gələn çıxıb gedərsən uşaqlarının yanına. Məndən məhkəmədə Hacı Talehin əleyhinə ifadə verməyi, heç olmasa, gəlib burada “istintaqdakı ifadəni təsdiq edirəm” deməyimi istəyirdilər. Razılaşmadım. Dedilər ki, “onda Əli İnsanovun gününə qalacaqsan, buradan çıxmayacaqsan”. Onu da bilirəm ki, dediklərinə əməl eləmədiyimə görə, mənə nəsə eləyəcəklər. Ya Xələcdə nəsə düzüb-qoşacaqlar, ya çıxandan sonra yenə tutacaqlar. Dediyim kimi, özləri də xəbərdarlıq eləyiblər ki, “Əli İnsanovun gününə qoyacağıq səni”. Amma mən adamın üzünə durub olmayan şeyi necə deyim? Mən maşın, ev, var-dövlət istəmirəm. Mən ibadət eləyirəm ki, axirətimi qazanım, yalandan kiminsə üzünə dura bilmərəm. Məndən tələb eləyirdilər ki, Hacı Talehi söyüm. Axı mən bu adamı niyə söyməliyəm?” “Məsuliyyət sizin, Ramil Usubovun və İlham Əliyevin üzərindədi” Taleh Bağırzadə onun əleyhinə ifadə almaq üçün şahidlərə bu cür zülm olunmasına etiraz edib: “Bizi söyən və söydürən adamlar əsil-nəcabəti olmayan, ana-bacısından xəbərsiz adamlardır. Bu adam adı kimi mötəbərliyini qorudu və mən buna görə Mötəbər qardaşıma minnətdarlığımı bildirirəm. Görün bunlar nə qədər hədlərini aşıblar, Daxili İşlər Hazirliyi əllərini məhkəmə prosesinə uzadır”. Taleh Bağırov xatırladıb ki, hələ 2013-cü ildə “bandotdel”də işgəncə yolu ilə onun əleyhinə ifadə verməyə məcbur edilmiş Hacı Kamran Seyidov sonradan vicdan əzabından intihar etdi. Ölümündən əvvəl də məktub yazıb məhz bu səbəbdən özünü asdığını bildirdi: “O adam vicdan şəhidi oldu və onun ölümünün məsuliyyəti Ramil Usubovun, İlham Əliyevin üzərindədir. İndi bu adamın da özünə və ya yaxınlarına nəsə olsa, məsuliyyət ilk növbədə sizin, Ramil Usubovun və İlham Əliyevin üzərində olacaq”. “Məhkəmə öz acizliyini göstərir” Vəkil Yalçın İmanov Nardaran işi üzrə şahidlərə qarşı bu cür təzyiqləri”Azərbaycanın məhkəmə tarixinə qara ləkə kimi düşən biabırçı hadisə” adlandırıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki qurumların, o cümlədən BMCMİ-nin, Sabunçu RPİ-nin şahidləri hədələdiyini, onları çağırıb işgəncə verdiyini deyən vəkil şahid Mötəbər Babayevin təhlükəsizliyini təmin etmək üçün məhkəmənin müvafiq tədbirlər görməsi barədə şifahi vəsatət qaldırıb: “Bu nə deməkdir, axı? Şahidlərin bir hissəsini Sabunçu polisi aparıb toka verir ki, niyə həqiqəti danışmısan? Bir hissəsini hədələyib tələb eləyirlər ki, gəlib məhkəmədə də istintaqdakı yalan ifadəni təsdiqləsinlər. Mən vəkillik təcrübəmdə ilk dəfədir ki, belə analoqsuz, ağlagəlməz hadisə ilə qarşılaşıram. Kərim Əlimərdanov, İslam Ağabəyov gecə saat 11 radələrində istintaq təcridxanasında nə gəzirlər? Saat 6-da vəkilləri müdafiə etdikləri adamlarla görüşdən çıxarırlar ki, iş vaxtı başa çatıb. Onlara bu icazəni kim verib? Xahiş edirəm, prokurorluğa bütün bu qanunsuzluqlar barədə məlumat verilsin, araşdırma aparılsın. Şahid Mötəbər Babayevin həyatı burada ifadə verəndən sonra, faktik, təhlükə altına düşüb. Bu adamın təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atılsın”. Vəkil Gülşən Salmanova baş verənlərin ilk növbədə məhkəmənin özünə sayqısızlıq olduğunu vurğulayıb: “Məhkəmə öz acizliyini göstərir. Məhkəmə özünə qarşı bu cür hörmətsizliyə görə qətiyyət ortaya qoymalıdır. Nə vaxta qədər belə davam edəcək?”. Başqa bir vəkil Zibeydə Sadıqova məlumat verib ki, ötən məhkəmə iclaslarının birində dindirilərkən, istintaqdakı ifadələrindən imtina etdiklərinə görə sonradan Sabunçu RPİ-də işgəncələrə məruz qalan Valeh Abbasov və Samir Babayev bugünlərdə yenidən idarəyə çağrılıblar. Bu dəfə onları hədələyib, heç bir təzyiqə məruz qalmadıqları barədə ərizəyə imza atdırıblar. Onlara bildirilib ki, bu ərizəni imzalamasalar, narkotik satışı ittihamı ilə barələrində cinayət işi başlanacaq. Zibeydə Sadıqova şahidlərə qarşı bu addımları atan polislərin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmənin Baş Prokurorluğa məktub göndərməsi barədə vəsatət qaldırıb. “Cənab hakim, “bandotdel”də sizə də işgəncə verilibsə, deyin bilək” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər heyətinin bütün bu baş verənlərlə bağlı heç bir tədbir görməməsinə etiraz edib: “Cənab hakim, bəlkə sizin özünüzü də “bandotdel”ə aparıb orada işgəncə veriblər, hədələyiblər? Belədirsə, deyin, biz də bilək ki, ona görə məsələlərə belə susqun yanaşırsınız”. Şahidləri polislər aparıb-gətirir Nardaran sakini Əli Gülməmmədov dindirilərkən, məlum olub ki, vəkillərin ötən məhkəmə iclaslarında haqqında bəhs etdiyi, polisə aparılan şahidlərdən biri də odur. Əli Gülməmmədov bildirib ki, oktyabrın 26-da Sabunçu polisinin təşkil elədiyi avtobusla şahidləri, o cümlədən də onu məhkəməyə gətiriblər. Amma proses yarımçıq qalıb və onları elə həmin avtobusla qaytarıb Sabunçu RPİ-yə aparıblar. Orada bir müddət onları saxlayıblar. “Mənim üzrlü işim vardı, dedim, buraxdılar getdim” deyən şahidin ifadəsindən aydın olub ki, noyabrın 7-də də məhkəməyə polisin telefon zəngi ilə gəlib. Hakim Əlövsət Abbasov da təsdiqləyib ki, bu şahidi onlar çağırmayıb. Şahid vəkillərin əksər sualına “bilmirəm”, “xatırlamıram” cavabını verib. Vəkil Yalçın İmanov bildirib ki, bu şahidin qorxudulduğu, rahatsızlığı aşkar görünür. Polisin məhkəmənin işinə bu dərəcədə müdaxiləsi yolverilməzdir: “Onda bu məhkəmə prosesini saxlayın, hökmü elan edin, çıxıb gedək. Belə biabırçılıq olmaz, axı. Şahidləri hədələyib onlardan istintaq vaxtı işgəncə ilə alınan yalan ifadələri təsdiqləməyi tələb edirlər. Biz şahidlərin təzyiq altında olduğunu konkret faktlarla sübut edirik, siz bunun qarşısını almaq üçün məhkəmə olaraq, heç bir addım atmırsız”. “Belə bir çıxışım varsa, qoysunlar ortaya” Əli Gülməmmədovun istintaqa ifadəsində Taleh Bağırzadənin əleyhinə fikirlər yer alıb. Guya, Taleh Bağırzadə deyib ki, “hakimiyyəti devirmək üçün lazım olsa, silaha əl atarıq, dövlət çevrilişi edib, islam dövləti qurmalıyıq” və s. İfadə elan olunarkən şahid bildirib ki, həmin fikirlər ona məxsus deyil. Taleh Bağırzadə deyir ki, şahidləri incidib onların adından belə yalanlar yazmaqla deyil: “Əgər elə çıxışım varsa, çıxarıb qoysunlar ortaya. Qoya bilmirlər, çünki yoxdur. Mən belə çıxışlar eləməmişəm”. Məhkəmədə dindirilən Tural Allahverdiyev adlı başqa bir şahidin istintaqa ifadəsində yazılıb ki, təqsirləndirilən şəxslərdən Abbas Hüseynov onun yanında “Taleh Bağırzadə bizim gələcək liderimiz, prezidentimiz olacaq” deyib. Amma şahid məhkəmədə bildirib ki, o, belə bir ifadə verməyib. İstintaq zamanı ifadəni müstəntiq özü yazıb, o isə oxumadan imzalayıb. Çünki oxumağa imkan verməyiblər. Məhkəmə noyabrın 11-də davam edəcək.
Comment