0
Sunday 13 March 2011 - 15:29

Bakını “İstefa!” şüarları bürüdü

Story Code : 59303
Bakını “İstefa!” şüarları bürüdü
Bakını “İstefa!” şüarları bürüdü
Etirazçılar bir saatdan çox hakimiyyətə ciddi dirəniş göstərdilər
Dünən Müsavat partiyası şəhərin mərkəzində etiraz aksiyası keçirdi. Partiya rəhbərliyi Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edərək, mitinq üçün “Təbriz” kinoteatrının qarşısındakı meydanı istəmişdi. Lakin meriya cavabında aksiya üçün ünvan kimi, Bibiheybəti göstərmişdi. Belə olan halda, Müsavat aksiyanı Fəvvarələr meydanında (“Tarqovı”) keçirmək qərarına gəldi.

Mülki geyimlilər yenə iş başında

Aksiya saat 14.00-a təyin olunmuşdu. Aksiya başlamamış artıq partiya fəallarından bəziləri evlərinin qarşısında saxlanılıb polis şöbələrinə aparılmışdılar.
Günorta saat 13.00 radələrində Fəvvarələr meydanı polislərlə dolu idi. Bakı şəhər Baş Polis Idarəsinin rəis müavini Yaşar Əliyev “Mc Donalds”ın arxasında durub polislərə göstərişlərini verirdi. Bu dəfə də aksiyanı dağıtmaq üçün prosesə cəlb olunan mülki geyimlilərin sayı kifayət qədər idi.

“İstefa!”, “Azadlıq!” şüarları

Aksiyanın başlanmasına yarım saat qalmış Fəvvarələr meydanında vərəqə payladığına görə fəal qadınlardan həbs edildi. Bir qədər sonra müsavatçıların ilk qrupu meydanda göründü. Onlar “Istefa”, “Azadlıq!” şüarları səsləndirirdilər. Eyni məzmunlu şüarlar yazılan plakatlar görünən kimi polis dərhal hücuma keçdi. Polislərin hücumu aksiyaçıları daha da coşdurdu. Faktiki olaraq, onları ram etmək olmurdu. Bunu bacarmayan polislər bir-bir etirazçıları həbs edərək maşınlara aparırdılar.

Polis jurnalistləri də tutur

Polislər Müsavat partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılını, başqanın müavini Tofiq Yaqublunu, partiya fəalı Əhəd Məmmədlini, satirik yazar Mirzə Sakiti və daha bir neçə nəfəri həbs etdi. Mirzə Sakit bir qədər sonra sərbəst buraxıldı. Əhəd Məmmədli saxlanılarkən ona qarşı xüsusi amansızlıq göstərildi. Onun gödəkçəsi və köynəyi polis zorakılığı nəticəsndə əynindən çıxarılmışdı.
Aksiya zamanı prosesləri izləyən “Bizim yol” qəzetinin əməkdaşı Əfqan Muxtarlı da həbs olundu.

Polislər zəncir yaratdı

Polis birinci qrup aksiyaçını dağıdarkən başqa bir dəstə göründü. Belə olan halda, polislər aksiyanı dağıtmaq üçün zəncir yaratdılar. Onlar qol-qola girərək, Fəvvarələr meydanını aksiyaçılardan, jurnalistlərdən və baş verənləri sadəcə, müşahidə edən vətəndaşlardan təmizləyirdilər.
Yeri gəlmişkən, şəhər sakinlərinin aksiyaya marağı kifayət qədər böyük idi. Polis onları da ərazidən uzaqlaşdırmaq istəyəndə, öz etirazlarını bildirirdilər, saxlanılanlara qarşı zorakılığa yol veriləndə narazılıq edirdilər.

Polis gənclərin qarşısını ala bilmir

Aksiya zamanı “Dalğa” Gənclər Hərəkatının üzvləri Ilkin Əlisoy və Elmin Hüseynov da həbs olundu. Polis onları qırmızı geyindiklərinə görə saxladı.
Aksiya sakitləşməyə doğru gedərkən qəfildən Nizami küçəsində dindar gənclərin şüarları eşidildi. Onlar “Allahu-Əkbər”, “Allah birdir” şüarları səsləndirirdilər. Dindar gənclərə başqa aktivistlər də qoşuldular. Onlar Nəsiminin heykəlinin yaxınlığında dayanaraq “Istefa!”, “Yumurta!” şüarları səsləndirirdilər. Polisin yaxınlaşdığı xəbərini eşidib bulvara doğru irəlilədilər. Burada polis az olduğundan aksiyaçıların qarşısını ala bilmirdilər. Gənclər aksiyanı bulvarda davam etdirdilər. Aksiyanı dağıtmaq üçün bulvara Çevik Polis Alayının dəbilqəli və dəyənəkli əməkdaşları cəlb olundu. Polislər etirazçı gəncləri əvvəlcədən hadisə yerinə gətirdikləri avtobusa doldururdular.
Aksiya Neftçilər prospektində tıxacın yaranmasına səbəb oldu. Polis maşınlarından durmadan verilən həyəcan siqnalları şəhərə əlavə bir gərginlik yaşadırdı.

Metyu Brayza da gəldi

Aksiya zamanı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da ailəsilə birlikdə şəhərin mərkəzində görünüb. Brayza jurnalistlərə açıqlama verməyib. O, fotosunun çəkilməsinə də razı olmayıb.
ATƏT-in, “Human Rights Watch” təşkilatının, Fransa səfirliyinin nümayəndələri, eləcə də digər diplomatik korpus təmsilçiləri də aksiyanı müşahidə etməyə gəlmişdilər.

Yüzə yaxın aksiya iştirakçısı polis bölmələrində

Təxminən bir saatdan sonra qarşıdurmalar səngisə də, axşam saat 17.00-dək polis şəhərin mərkəzində hazırlıqlı vəziyyətdə qalmışdı.
Daxili Işlər Nazirliyindən bildiriblər ki, aksiyada 50 nəfər saxlanılıb. Onlardan 30-na xəbərdarlıq edilib, 20 nəfər isə məhkəməyə göndərilib. Lakin Müsavat partiyasının yaydığı məlumata görə, 100-ə yaxın saxlanılan var. Onların bir qismi dünən məhkəmənin qərarı ilə bir neçə sutkalıq inzibati həbs cəzası alıb. Həbs cəzası alanlar sırasında Müsavat partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı, “Dalğa” Gənclər Hərəkatının üzvü Ilkin Əlisoy da var. Onlara 8 sutkalıq həbs verildiyi bildirilir.
Qeyd edək ki, həbs cəzası alanların sayı adınə çəkdiyimiz iki nəfərlə məşdudlaşmır. Onların sayı daha çoxdur. Eyni zamanda, tutulanların bəzilərinə pul cəriməsi kəsilib.

Comment