0
Friday 20 January 2017 - 13:27

Afrikada 2 müsəlman dövləti arasında müharibə başlaya bilər - ƏTRAFLI

Story Code : 601888
Afrikada 2 müsəlman dövləti arasında müharibə başlaya bilər - ƏTRAFLI
İslamazeri.az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Seneqal ordusu Qambiyada prezident seçkilərində qalib gəlmiş Adame Barrounun hakimiyyətə gələ bilməsi üçün bu ölkəyə daxil olub. Bu haqda məlumatı Seneqal ordusunun nümayəndəsi bildirib.

Çərşənbə günü Qambiyanın Milli Assambleyası seçkilərdə məğlub olmuş Prezident Yəhya Cammenin səlahiyyət müddətini uzadıb. Qeyd edək ki, Camme seçkilərin nəticəsinə müvafiq olaraq yanvar ayının 19-u hakimiyyəti yeni seçilmiş prezident Amade Barrouya verməli idi. Bundan sonra Seneqalın Qambiya sərhədinə ordu göndərməsi haqda xəbərlər yayılmağa başladı.

Afrika Ölkələri İttifaqı Şurası yanvar ayının 13-ü bildirmişdi ki, təşkilat yanvar ayının 19-dan etibarən seçkilərdə məğlub olmuş Cammeni Qambiyanın qanuni başçısı kimi görməyəcək. Daha əvvəl bildirilmişdi ki, Nigeriya və digər Qərbi Afrika ölkələri Cammenin tutduğu vəzifədən getməyəcəyi halda Qambiyaya daxil ola biləcək birləşmiş dəstə hazırlayır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib ki, ölkəsi Seneqalın Qambiyaya etdiyi hərbi müdaxiləni dəstəkləyir.

BMT-in Təhlükəsizlik Şurası Seneqalın təqdim etdiyi qətnamə layihəsini qəbul edib. Qətnamə “Qərbi Afrika Ölkələrinin İqtisadi Cəmiyyəti”nə (ECOWAS) Qambiyada prezident səlahiyyətlərinin ötürülməsinə əmin ola bilmək üçün, “bütün lazımi tədbirləri” görməyə icazə verəcək.

TŞ-nin bütün 15 üzvü yekdil şəkildə qətnaməni lehinə səs verib.

Seneqal ordusu bildirib ki, ECOWAS hərbçiləri “Demokratiyanın Bərpası” əməliyyatı çərçivəsində Qambiyaya zərbələr endirməyə başlayıb.

Seneqal ordusunun nümayəndəsi Abdu Ndiayye endirilən zərbələrin hədəflərinin hərbi obyektlər olduğunu qeyd edib.

Daha sonra, Qambiyadakı hərbi əməliyyatın günortaya qədər dayandırıldığı məlum olub. Bu şans isə məğlub olmuş prezident Yəhya Cammeyə hakimiyəti dinc şəkildə ötürməsi üçün verilib.

ECOWAS əməliyyatda təxminən 7 min hərbçinin iştirak etdiyini qeyd edib.

Xatırladaq ki, Qambiyanın seçilmiş prezidenti Adame Barrou Seneqalın paytaxtı Dakar şəhərindəki Qambiya səfirliyində rəsmi şəkildə səlahiyyətlərinin icrasına başlayıb. Andiçmə mərasimi zamanı Nigeriya HHQ Qambiya üzərində kəşfiyyat uçuşları həyata keçirirdi.

Qvineya Prezidenti Alfa Konde cümə günü Yəhya Camme ilə danışıqlar aparacaq. Danışıqların məqsədi Cammeni hakimiyyətdən dinc yolla əl çəkməsinə razı salmaqdır. Qərbi Afrika nümayəndə heyətinin içərisində Liberiya və Mavritaniya lderləri də Qambiyaya gedəcəklər.

ECOWAS nümayəndələri bildirirlər ki, Qambiya münaqişəsinin həll edilməsi üzrə sazişin bəndlərindən biri kimi Cammenin amnistiya edilməsinin mümkünlüyünü də gözdən keçirilir. Bununla belə, Camme Qambiyanı mütləq şəkildə tərk etməlidir. Ona ilk öncə Qvineyaya getmək, daha sonra isə sürgündə yaşamaq üçün ölkə seçməsi təklif olunur.
Source : İslamazeri
Comment