0
1
comments
Monday 28 March 2011 - 08:46

Şeyx, bizi anlatsana!

Story Code : 61844
Şeyx, bizi anlatsana!
Şeyx, bizi anlatsana!
Rəhman və Rəhim Allahın adı ilə

Mən, Azərbaycan Respublikasının vətəndaşı Arzu Eyvazov hazırda İİR-in Qum şəhərində yaşayır və ədəbi fəaliyyətlə məşğul oluram. 48 yaşım var, ali təhsilliyəm, müxtəlif institutlarla müqavilə əsasında dini mətnlərin redaktəsi ilə məşğul oluram.
Hörmətli Şeyx, bu məktubu siyasi gediş yox, səmimi müraciət kimi qəbul etməyinizi arzulayıram. Məktubda Sizə sərt görünəsi ifadələrin arxasında yalnız Din, Vətən, Xalq sevgisi və bu sevgidən doğan ağrılar dayanır.

Məni narahat edən ilk amil mahacirətdə yaşayan və sayı milyonu keçmiş Azərbaycan vətəndaşının məcburi olaraq Vətəni tərk etməsidir. Burada müxtəlif amillər var. Amma Mənə və Siz Şeyxə aidiyyatı olan amil dini amildir. Nə üçün heç bir cinayətə yol verməmiş, əksinə xalqı doğru yola çağıran, bu istiqamətdə fəaliyyət göstərən dindar soydaş doğma yurdunda rahat yaşaya bilməməlidir? Bu sualın dünyanın super güclərinə, beynəlxalq təşkilatlara, Azərbaycan hökumətinə aidiyyatı olduğu kimi Siz Şeyxə də aidiyyatı var. Bu gün dini təşkilat olaraq sizin əlinizdə dindar mühacirlərin siyahısı varmı? Bu insanların ölkədəki təzyiqlərdən, mühacirət həyatından çəkdiyi ağrılara görə özünüzü Allah qarşısında məsul bilirsinizmi? Riyakar müraciətlərin bir xüsusiyyəti budur ki, əvvəlcə başqa mövzulara toxunan müəllif sonda öz dərdini dilə gətirir. Mənsə səmimiyyəti hər nədən üstün tutan bir fərd kimi elə öz dərdimdən başlayıram. Əgər Vətən qarşısında zərrəcə təqsirim, lap cinayətim varsa, özüm özümü məhkəməyə verməyə hazıram. Göstərin o ədalətli məhkəməni, suallarına cavab verim. Birinci etirazım şəxsən özüm və öz simamda dini haqları pozulduğundan ölkəni tərk etmiş dindarlara münasibətdə biganə mövqe tutmağınızadır. Əgər Şeyxülislam, ölkədə dini vəzifələrini yerinə yetirə bilmədiyindən Vətəni tərk edən dindarlardan xəbərsizdirsə,
nədən xəbərdardır?!

Bizim səsimiz yalnız Allaha çatır. Hansı müsəlman ölkəsinə mühacirət etsək, bu ölkənin öz milli mənafeləri var və iqtidarda olan dövlətdən mühacirə mühacirət ağrısını unutdurucaq qayğı gözləmək, üzr istəyirəm, axmaqlıdır. Əgər Allah Onun yolunda mühacirət edənlərə açılış, qurtuluş vəd edibsə, bu vədi dünya həyatına aid etmək düzgün olmazdı. Bəli, Allah Onun müqəddəs dini yolunda yurd torpaqlarındakı köklərindən qırılıb xaricdə ömür yox, həsrət yaşayanlara mükafat verəcək, amma öncə axirət mükafatı! Dünya ağrılarımıza görə isə dövlət başçıları, dini rəhbərlər həmişə məsuliyyət daşıyıb və daşıyacaq. 

Bəziləri “axı Şeyx nə edə bilər, dövlətlə dövlətlik edəsi deyil ki!” – deyib Sizə haqq qazandırırlar. Mən sizi şəxsən tanımıram və tanımadığı bir adama qarşı qərəzli olacaq səviyyədə aşağı deyiləm. Sizə müraciətim bir Şeyxülislama müraciətdir. Şeyxülislamın öncə Allah, sonra dövlət qarşısında vəzifələri var. Əgər dövlət Allah qanunlarına zidd mövqe tutursa, Şeyxülislam dövlətə etirazını bildirməlidir. Vəzifədən çıxaracaqlarmı? Özləri də bir gün taxtdan enəsidir. Sərvətinizi əlinizdən alacaqlarmı? Özləri də olanlarını dünyada qoyub gedəsidirlər. Öldürəcəklərmi? Özləri də bir gün öləsidirlər. Onlar sizə toxunmasalar da, bir gün vəzifədən çıxacaq, sərvətinizdən ayrılacaq, dünya həyatını tərk edəcəksiniz. Sizin bugünkü ikili mövqeyiniz qorxu yox, siyasətdirsə, mən belə siyasəti anlamıram. 

Açıq-aşkar elan olunub ki, Azərbaycan dindarları hakimiyyət istəmir. Bunun da ilahi səbəbləri var. Azərbaycan xalqı qərb dəyərlərinə dini dəyərlərdən daha artıq meyl göstərirsə, dindarları hakimiyyətdə görmək marağında deyilsə, belə bir hakimiyyət tiranlara lazımdır, dindarlara yox. Dindar o zaman hakimiyyət istəyər ki, xalq ayağa
qalxıb dini liderin qapısında dayansın və ondan hakimiyyətə sahib durmasını tələb etsin – necə ki, Təqvalılar Əmiri həzrət Əlidən (ə) tələb etdilər. 

Bu gün Azərbaycan dindarları dini dəyərlərə sayğı, dini təhsilə diqqət, bir sözlə adi vətəndaş azadlıqlarını aşmayan dini azadlıqlar istəyirlər. 

Nə üçün bizim xanımlarımız şəxsiyyət vəsiqəsi üçün örpəksiz şəkil çəkdirməlidir? Bunun dövlətə nə ziyanı ( və ya faydası) var? 

Nə üçün qızlarımız məktəbə örpəksiz getməlidir? Bunun Azərbaycanımıza nə ağrısı var? 

Nə üçün bu gün bütün dini təşkilatlar, dini mərasimlər nəzarət altında olmalıdır? Buna nə əsas var? 

Nə üçün harın bir məmurun yuxusu rahat olsun deyə minarələrdən azan səsi kəsilməlidir? Bunlar İslamın keşiyində dayanmış türk sultanlarından yuxarıdırlarmı? 

Nə üçün dini ədəbiyyat üst-üstə qalaqlanıb yandırılsın? Bu ədəbiyyat mətbuatı, nəşriyyələri, televiziyanı murdarlamış erotikadan zəhərlidirmi?! 

Ən əsası dindarlar rəsmiyyətdə dindar olduğu üçün təqib edilmir, həbsə alınmır. Onlar ən çirkin şəkildə şərlənirlər. Və siz Şeyxülislam Allah xofunu içinizdə boğub, dövlət xofundan bəyanat verir, Hacı Mövsüm kimi təqvalı bir insana hücum edirsiniz. 

Dindarlar ya İrana, ya Türkiyəyə, ya Ərəbistana bağlanaraq təqib edilir. Bəli, dövlət məmurları arasında cinayətkarlar olduğu kimi dindarlar arasında da cinayətkarlar var. Nə üçün iş işə qatılır? Nə üçün radikal, terrora meylli bir ünsürə görə hicab qadağan edilməlidir? Nə üçün dövlət məmuru dövlət çevrilişinə cəhd edəndə dövlət istefa vermir, nə üçün bir molla cinayətə yol verəndə Müsəlmanlar İdarəsi bağlanmır, amma bir dindar dövlət qanununu pozanda bütün dini kəsim cavab verməli olur, dini dəyərlər aşağılanır? 

Dindar
İranla, Türkiyə ilə, Ərəbistanla əlaqələrə görə məhkum olunduğu bir zamanda bu dövlətlərlə Azərbaycan dövləti arasında əməkdaşlıq müqavilələri imzalanır, rəsmilər ağız-ağıza öpüşür. Demək, dindar kəsim bir oyuncaq, siyasi təsir aləti olub. 

Mən bu məktubu Dinimi və Yurdumu sevərək yazdım. Əgər Azərbaycan dövləti öz vətəndaşlarının dini haqlarına ehtiramla yanaşsa, xristianlara və yəhudilərə göstərdiyi təbəssümdən müsəlmanlara da kiçik bir pay ayırsa, uduzmaz, hətta xalqdan güclü dəstək qazanar. Bu dəstək rüşvətxor məmurların və dubinkaların dəstəyindən milyon qat güclü və müqəddəsdir. Xoş bu dəstəyi qazanmış dövlət başçılarının halına! 

Hörmətli Şeyxülislam! Mən öz anladıqlarımı dilə gətirdim və bu arzuların həyata keçməsində ən təsirli simalardan biri yox, ən təsirli sima Sizsiniz. 

Müraciətimin acı üzü də var. Bəziləri zarafata deyirlər ki, əgər Dində həqiqət olsaydı, ona hamıdan qabaq şeyxlər əməl edərdi. Hörmətli Şeyx, Siz bu gün Şexülislam postunda oturub dini hüquqların tapdanmasını, dindarların həbsini seyr edirsiniz. Doğrudanmı dinimizin tapşırığı budur? Doğrudanmı dinimiz öz ardıcıllarından haqqı uğrunda mübarizəyə qalxmağı tələb etməyib? Doğrudanmı başını aşağı salıb eybəcərliklərə göz yummaqla Allahın razılığını qazanmaq olar? Əgər beləsə, nə üçün Kərbəla baş verdi? Nə üçün qətliama zərrəcə şübhəsi olmayan İmam Hüseyn (ə) azyaşlı körpələrini belə qanlı meydana çəkdi? Əgər bütün bunlar bir nağıldırsa, lütfən bizi də anladın, ömrümüzü mühacirətdə, istintaq sorğularında, təqiblərdə, həbsxanalarda keçirməyək, gözümüzü yumub namazımızı qılaq. Amma deyirlər gözüyumulu namaz qılmaq olmaz. Hansı doğrudur, Şeyx?


Arzu Eyvazov
İİR, Qum
E-mail: arzueyvazov@mail.ru
Tel: 0938 290 31 39
Comment


Ikinci defedir ki, bu mektubu oxuyuram. Bu gunedek bu sayaq deyerli bir mektub oxumamişdim. Umid edirem ki, şeyx bu meseleni dovletle muzakire edecek. Mene ele gelir ki, prezident ozu de olkede xalqin desteyini itirmek istemez! Amma Ramiz Mehdivey kimi insanlar heyata kecirdiyi cirkin planlarla dovlet başcisini ucuruma yuvarlayirlar. Bu bir faktdir ki, olkede dindar kutlenin sayi artmaqdadir. Heqiqeten de dovlet dindarlarla yola getse, hakimiyyetin arxasinda guclu xalq dayanar. Umid edirem ki, şeyx bu sozleri yuxarilara anladacaq.
Sonda yene de Arzu muellime derin minnetdarligimi bildirirem