0
Friday 17 March 2017 - 12:59

Trampın milli təhlükəsizlik müşaviri ruslardan 67 min dolları niyə alıb...

Story Code : 619045
Trampın milli təhlükəsizlik müşaviri ruslardan 67 min dolları niyə alıb...
«Fox News» televiziyası bu haqda sənədləri demokrat konqresmenlərdən birinin üzə çıxardığını xəbər verir. Sənədlər pulların müşavirə ABŞ-da prezident seçkilərindən öncə ödəndiyini göstərir. Nümayəndələr Palatasının üzvü Eliah Kamminqs Tramp administrasiyasından M.Flinnin xarici ölkə və təşkilatlarla əlaqəsi haqda ətraflı hesabat istəyib.
 
33 MİN 750 DOLLAR

Sənədlərə görə, M.Flinn 2015-ci ilin dekabrında – D.Trampın seçki müşaviri təyin ediləndən bir neçə ay əvvəl Rusiyanın dövlət nəzarətində olan televiziyası – «Russia Today»dən (RT) 33 min 750 dollar alıb. Müşavirə bu pul Moskvada hansısa konfransda iştirak etməkdən ötrüverilib. Sənədlər həmçinin, M.Flinnin və onun oğlunun RT hesabına Moskvada bahalı oteldə qaldığını göstərir. Konfransda isə RT keçmiş Hərbi Kəşfiyyat Agentliyi (DIA) rəhbərinin –M.Flinnin Rusiya prezidenti Vladimir Putinlə yanaşı oturduğunu göstərib.
 
M.Flinnin sözçüsü onun Moskvaya səfər edərkən, eləcə də səfərdən qayıdanda DIA-ə məlumat verdiyini söyləyib. DIA bu bilgini təsdiqləyir, M.Flinnin bütün digər keçmiş rəsmilər kimi hərəkət edərək, səfəri barədə agentliyə hesabat verdiyini bildirir.
 
Konqresmen Komminqs isə deyir ki, müşavirin RT ilə əməkdaşlığı ABŞ-ın konstitusiyasına ziddir, təqaüddə olan hərbçilərin xarici dövlətlərdən bəxşiş almasını yasaqlayan əsasnaməni pozur. Ona görə də, keçmiş müşavir həmin pulları dövlətə təhvil verməlidir.
 
Müdafiə naziri Ceyms Mattis  və Federal Tədqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Kominin də prezidentə göndərdiyi məktublarda keçmiş müşavirin konstitusiyaya zidd hərəkət etdiyi, «ABŞ-ın qlobal rəqibinin, ölkə demokratiyasına hücum etmiş» ölkənin agentindən 10 minlərlə dollar aldığı deyilir.
 
TÜRK ŞİRKƏTLƏRİNDƏN DƏ PUL ALIB

Nümayəndələr Palatasının araşdırmaları nəticəsində daha iki rus şirkətinin də M.Flinnə əməkdaşlıq müqabilində pul verdiyi bəlli olub. Ancaq diqqəti daha çox çəkən Rusiyanın dövlət kanalı hesab edilən, dövlətin təbliğat maşınına çevrilən RT kanalı ilə əməkdaşlıqdır.
 
Keçən həftə ABŞ-ın Ədliyyə Nazirliyi M.Flinni və şirkətini xarici agent kimi qeydiyyata alıb, onun lobbiçilik fəaliyyətinin Türkiyə hökumətinə fayda verdiyi güman edilir. Belə ki, Flinnin şirkəti türk biznesmenə məxsus bir şirkətdən ötrü 530 min dollarlıq lobbiçilik edib.
 
«Mən cənab Flinnin Rusiya, Türkiyə və başqa xarici agentlərlə əlaqələri, eləcə də onun xarici mənbələrdən aldığı vəsaitlər haqda tam açıqlama verib-vermədiyini öyrənmək istəyirəm»-konqresmen Komminqsin Ağ evə müraciətində belə deyilir.
 
M.Flinn Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində cəmi 3 həftə qalıb. Onun ruslarla bağlılığı haqda yazılardan sonra prezident D.Tramp onu istefaya göndərib. Kəşfiyyat M.Flinnin Rusiya səfiriylə tez-tez ünsiyyətdə olduğunu, hətta səlahiyyətlərini aşaraq, səfirlə ABŞ-ın Rusiyaya sanksiyalarını müzakirə etdiyini üzə çıxarmışdı. (“Azadlıq” radiosunun xülasəsi)
Comment