0
Tuesday 5 April 2011 - 19:02

Cəlilabadda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları açıqlanıb

Story Code : 63361
Cəlilabadda qətl
Cəlilabadda qətl
Azərbaycanın Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 5-də saat 11.30 radələrində Cəlilabad şəhərinin Azərbaycan küçəsində qeydə alınıb.

1996-cı ildə Cəlilabad rayonunun Şatırlı kəndində anadan olmuş və hazırda şəhərin 7 saylı orta məktəbinin VIII sinfində oxuyan Vasif Təzəxan oğlu Mirələmov həmin məktəbin X sinif şagirdi, 1995-ci il təvəllüdlü Cavanşir Həsən oğlu Həsənliyə bıçaqla ağır bədən xəsarəti yetirib. Qara ciyərindən yaralanan C. Həsənli Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib. Hadisəni törətmiş V. Mirələmov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. İlkin versiya kimi, qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

V. Mirələmovun atası, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmov isə APA-ya açıqlamasında hazırda Bakıda olduğunu, hadisədən telefon vasitəsilə ailə üzvlərindən xəbər aldığını bildirib: “Hazırda 2 aprel aksiyasında aldığım xəsarətlərlə əlaqədar paytaxtdakı xəstəxanalardan birindəyəm. Hadisəni oğlumun törətdiyi dəqiq deyil. Təkcə onu bilirəm ki, bir gün əvvəl mübahisə ediblər. Rəhmətə gedən oğlan mənim oğlumu yenidən davaya təhrik edib. Bir də o dəqiqdir ki, ölən oğlan davaya gedəndə əlində bıçaq olub”.

T. Mirələmov bu gün onun yaşadığı evin qarşısında etiraz aksiyası keçirildiyini də söyləyib: “Evimin qarşısında aksiya keçiriblər. Ancaq aksiya müxalifətə qarşı təşkil olunub. Hətta “Baxın, müxalifət uşaq öldürəndir” kimi şüarlar da səsləndiriblər. Belə olmaz axı...”

T. Mirələmov C. Həsənlinin atasının sabiq polis işçisi olduğunu da əlavə edib.
Comment