0
Monday 8 June 2009 - 09:22

OBAMANIN YAXIN ŞƏRQ SIYASƏTI

Story Code : 6356
OBAMANIN YAXIN ŞƏRQ SIYASƏTI
ABŞ prezidenti Barak Obamanın Yaxın Şərqə, bir qədər də konkretləşdirsək, Səudiyyə Ərəbistanına, Misirə, İsrailə səfəri bütün dünyanın diqqətini çəkən məsələ kimi yadda qaldı. İslam dünyası üçün maraqlı məqam isə Amerika dövlət başçısının müsəlman olmasını vurğulaması, müsəlman ölkələrinə müraciəti və bu ölkələrlə ciddi əlaqələrin qurulmasına maraq göstərməsini bəyan etməsidir. Amma bütün bu ifadələrin sadəcə diplomatiya olduğu, yoxsa səmimi notlar üzərində qurulduğu, hansısa müsbət effekt verib-verməyəcəyi hələ ki, məlum deyil. Azərbaycan İslam Partiyası (AİP) sədrinin ictimai məsələlər üzrə müavini Mirhüseyn Haşimi ilə söhbətimizdə də elə bu məqama aydınlıq gətirməyə çalışmışıq.

Müsəlman dövlətlərinə münasibətlə bağlı B.Obamanın siyasətində köklü dəyişikliyin olmadığını vurğulayan AİP funksionerinin qənaətinə görə, sadəcə Corc Buş diplomatiyası bir qədər başqa formada davam etdirilir: "Ümumiyyətlə, Amerikada keçirilən seçkilərin özü şoudur. Siyasi səhnədə ancaq iki partiya fəaliyyət göstərir və hakimiyyətə də yalnız onların nümayəndəsi gəlir. Xarici siyasətin mahiyyəti də dəyişilməz qalır".

B.Obamanın məqsədli şəkildə müsəlman kimi təqdim edildiyini, onun əsl adının müsəlman adı olaraq hallandığını xatırladan M.Haşimi bu adamın İslamdan imtina etdiyini söylədi: "İslamda ən pis şey öz dinindən çıxmaqdır. Müsəlmanlara hörmət etmək istəyən şəxs ilk növbədə İslama hörmət etməlidir. Yəni İslamdan üz döndərmiş bir adamın müsəlman dünyasına əsl münasibəti elə onun bu hərəkətindən aydın görünür. Sadəcə, müsəlman dünyasının başına müsibətlər gətirən Birləşmiş Ştatlar bu ölkələr arasında, bütövlükdə dünyada sürətlə nüfuzdan düşdüyünə görə guya Obamanın müsəlman olmasından istifadə edib mövqelərini bərpa etməyə çalışır".

B.Obamanın Yaxın Şərqə səfəri ilə bağlı bir məqama da xüsusi diqqət yetirməyin vacibliyini vurğulayan Haşimi hesab etdiyini bildirdi ki, burda əsas məsələ onun hansı müsəlman ölkəsini seçməsindədir. Yəni Obama o müsəlman ölkələrinə səfər edir ki, müsəlmanlar həmin ölkələrin başçılarına nifrət bəsləyirlər. Çünki orda diktatura rejimi hökm sürür və həmin rejimlər İslam dünyasına xəyanət edirlər: "Amerika da elə lap əvvəldən bu rejimlərlə yaxın münasibətdə olub, onları dəstəkləyib. Yəqin elə bu dəstəyə görədir ki, Səudiyyə Ərəbistanında, əslində ona sükut payı kimi verilən qızıl "hədiyyə"ni alıb boynuna salır. Xatırladım ki, elə Buş da Yaxın Şərqə səfərə çıxanda həmin ölkələrə gedirdi. Əgər B.Obama həqiqətən də dəyişiklik etmək istəyirsə, onda regiona səfərə çıxmağa ehtiyac yox idi. Elə Ağ Evdə oturub dünyanın gözü qarşısında Fələstində törədilən soyqırımın qarşısını almaq, İsraili yerində oturtmaq olardı. Bir də ki, Misirə, Səudiyyə Ərəbistanına səfər edincə, Qəzzaya gedib şəhərin tükürpədən xarabalıqlarını görmək daha məqsədəuyğun olardı".

BBC-yə müsahibəsində "Amerikanın İraqda axıtdığı nahaq qanlara görə üzr istəyəcəksinizmi" sualına Obamanın "yox" cavabı verməsini xatırladan AİP funksioneri dedi ki, belə bir adamdan hansısa səmimilik gözləmək olmaz: "Onun səfərindən məqsəd heç də müsəlmanlardan üzr istəmək, onların mənsub olduğu ölkələrlə səmimi əlaqələr qurmaq, münasibətləri yaxşılaşdırmaq yox, sadəcə, onları Buşdan bir qədər fərqli formada aldatmaqdır. Xarici siyasətin məzmunu olduğu kimi qalır. Burda yalnız forma dəyişikliyindən söhbət gedə bilər. Bunu hakimiyyətə gəlişindən dərhal sonra Əfqanıstana əlavə hərbi qüvvələr yeritməsi də, Pakistanın bombalanması da təsdiqləyir. Obamanın bu və digər hərəkətləri göstərir ki, onun səmimiliyindən heç bir əsər-əlamət yoxdur. Və elə bu səbəbdən də səfərin hansısa müsbət nəticə verəcəyindən söhbət gedə bilməz. Sadəcə, maska taxıblar. Ancaq mənə elə gəlir ki, bu da onların əsl sifətini gizlədə bilmir".
Source : Faktxeber
Comment