QR CodeQR Code

ABŞ İraqdan çıxmaq istəmir

8 Apr 2011 14:21

IslamTimes - Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeyts İraqa səfər edib.


Səfər çərçivəsində Robert Qeyts İraq prezidenti Cəlal Talabani ilə görüşüb. Robert Qeyts səfərin Pentaqon rəhbəri kimi İraqa son səfəri ola biləcəyini bildirib. O, İraq hökumətini ölkədə ABŞ qüvvələrinin mövcudluğu müddətinin 31 dekabrdan sonra uzadıb-uzatmamağa dair tez bir zamanda qərar verməyə çağırıb. Onun sözlərinə görə, qərarın tez verilməsi İraqın təhlükəsizlik qüvvələrinə təlimin keçilməsini davam etdirmək üçün lazımdır.

Pentaqon rəhbəri həmçinin Bağdad yaxınlığındakı "Azadlıq düşərgəsi" adlı Amerika hərbi bazasına da baş çəkib. Hərbçilərlə görüşündə Robert Qeyts ABŞ hərbi qüvvələrinin 2011-ci ildən sonra da bir müddət İraqda qalmasının tərəfdarı olduğunu deyib. Müdafiə naziri Amerika hərbçilərinin Əfqanıstanda, Liviyada əməliyyatlara cəlb olunduğunu deyib, ABŞ-a məxsus 19 hərbi gəminin və 18 min hərbi heyətin Yaponiyada zəlzələ və sunamidən sonra, eləcə də AES-də yardım etməsinin çoxlarının nəzərindən qaçdığını vurğulayıb. Onun sözlərinə görə, "əgər İraqda da xalq Amerika hərbçilərinin qalmasını istəyirsə, bu, ABŞ-a tezliklə bildirilməlidir və ölkə ona görə hərəkət etməlidir".

Qeyd edək ki, hazırda İraqda 47000-dək Amerika hərbçisi var və onların hissə-hissə ölkəni tərk etməsi bu ilin yay-payız aylarında başlayacaq. /Dəyərlər/


Story Code: 63940

News Link :
https://www.islamtimes.org/az/news/63940/abş-iraqdan-çıxmaq-istəmir

Islam Times
  https://www.islamtimes.org