0
Wednesday 19 July 2017 - 01:00

Milli Şura xalqa çağırış etdi

Story Code : 654423
Milli Şura xalqa çağırış etdi
“İyulun 14-də Azərbaycan hökuməti ölkədə benzinin qiymətini yenidən bahalaşdırdı. Tarif Şurasının qərarı ilə 92 markalı benzinin 1 litri 70 qəpikdən 90 qəpiyə qaldırıldı.

Aydındır ki, benzinin qiymətinin artırılması ölkədə növbəti total bahalaşmaya səbəb olacaq. Bu qiymət artımın ardınca bütün yerli istehsal mallarının, nəqliyyat xərclərinin bahalaşması qaçılmazdır. Artıq yeni bahalaşma dalğası özünü bəzi xidmətlərin və məhsulların, o cümlədən ət və dərmanların qiymətində göstərir.

Beləliklə, İlham Əliyev və komandasının yarıtmaz fəaliyyəti, korrupsiyanı dövlət siyasətinə çevirməsi milyonlarla azərbaycanlının həyat səviyyəsini daha da ağırlaşdırmaqla nəticələnir. Ən pisi isə odur ki, bu yarıtmaz idarəçilik durdurulmasa, vəziyyətin ağırlaşmaqda davam edəcəyi qaçılmaz görünür.

Ölkədə benzinin bahalaşması üçün hər hansı obyektiv sosial-iqtisadi səbəb göstərmək mümkün deyil. Sadəcə İlham Əliyev hökuməti dünya bazarında neftin nisbətən ucuzlaşması ilə ölkə iqtisadiyyatında yaranan çöküşün əvəzini xalqın cibindən çıxarmaq istəyir. Düzgün iqtisadi siyasət qura bilməyən, ölkəni neftdən asılı vəziyyətə salan, korrupsiya və monopoliya ilə bütün mümkün iqtisadi təşəbbüsləri boğan İlham Əliyev hökuməti uzun illər ərzində neftdən gələn gəlirləri də israfçılıqla dağıdaraq, hazırkı acınacaqlı vəziyyətə səbəb olub.

Ölkənin gəlirləri neçə ildir lüzumsuz əyləncələrə, idman yarışlarına sərf olunur. Dövlət neft şirkəti – SOCAR pis idarəçilikdən əziyyət çəkir. Şirkətdəki nəhəng korrupsiya əməliyyatları milyardlarla neft pullarını yoxa çıxarıb. Şirkətin gəlirləri düzgün idarə edilmədiyi və qorunmadığı üçün SOCAR-ın özü hazırda müflis həddinə çatıb.

Hökumətin benzini növbəti dəfə bahalaşdırması həm də xalqa saymazyana münasibətin təzahürüdür. Sanki hökumət bununla xalqın acizliyinə və öz taleyinə biganəliyinə arxayın olduğunu göstərir. Yoxsa əhalinin gəlirlərini artırmaq qayğısına qalmadan, əksinə mövcud həyat şərtlərilə nisbətdə qəpik-quruş olan pensiya və maaşları da vaxtlı vaxtında ödəmədən belə bir qərar vermək hökumətin özünə istefa tələbini gündəmə gətirməsindən başqa bir şey olmazdı.

Milli Şura hökumətin bu anti-xalq qərarını qətiyyətlə pisləyir və onun milyonlarla insanın həyatında özünü göstərəcək ağır nəticələrini aradan qaldırmaq üçün təcili, müvafiq tədbirlər görülməsini tələb edir.

Milli Şura xalqa çağırış edir ki, özünə qarşı hökumətin belə saymazyana davranışına laqeyd qalmasın, kütləvi, lakin dinc və ardıcıl mübarizə ilə taleyinə sahib çıxmaq barədə düşünsün. İstənilən hökumət xalqın qətiyyətli tələbləri qarşısında geri çəkilməyə məcburdur”.
Source : Nur.az.com
Comment