0
Tuesday 15 August 2017 - 23:33

Doktor Mövsüm Səmədovun Qobustana göndərilməsindən Ali Məhkəməyə şikayət edildi

Story Code : 661585
Doktor Mövsüm Səmədovun Qobustana göndərilməsindən Ali Məhkəməyə şikayət edildi
Bu haqda “Azadliq.info”ya ilahiyyatçının vəkili Yalçın İmanov məlumat verib.

Qaradağ rayon Məhkəməsinin 14 iyun tarixli qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovun təqdimatı əsasında cəzasının 3 ilini çəkmək üçün Qobustan həbsxanasına göndərilib. Qərardan apellyasiya şikayəti verilsə də, nəticəsi olmayıb. Bakı Apellyasiya Məhkəməsi 17 iyul həmin qərarı qüvvədə saxlayıb.

Vəkil deyir ki, Ali Məhkəməyə kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarının ləğvini, cəzaçəkmə müəssisəsinin təqdimatının rədd edilməsinə dair qərarın qəbulunu xahiş edib.

Mövsüm Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Amma ilahiyyatçı ittihamları qəbul etmir, hökuməti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirir.

2014-cü ilin noyabrında da Mövsüm Səmədov müəssisə rəisinin təqdimatı əsasında iki illik həbsxana rejiminə köçürülmüş, 2016-cı ilin noyabrında 12 saylı cəzaçəkmə müəssisəsinə geri qaytarılmışdı. Müəssisəyə gəldiyi gün və ondan sonra da dəfələrlə “karsa” salınan Mövsüm Səmədovun vəkili hələ o zaman bildirmişdi ki, ilahiyyatçını yenidən Qobustandakı qapalı həbsxanaya qaytarmaq planı var. Ona görə də heç bir əsas olmadan, müxtəlif bəhanələrlə onu cəzalandırırlar ki, köçürülmə üçün zəmin yaransın. Müəssisədə sonuncu dəfə Mövsüm Səmədovu özündə saxladığı kiçik “Quran”ı divardan asmaqdan ötrü istifadə etdiyi ipə görə 10 günlük “kars”la cəzalandırmışdılar.

Onu da qeyd edək ki, 2016-cı ilin sentyabrında Konstitusiyaya Azərbaycanda prezidentlik müddətinin artırılması, vitse-prezidentlik institutunun yaradılması, seçkidə namizəd olmaq üçün yaş məhdudiyyətinin aradan qaldırılması və s. dəyişikliklərlə əlaqədar referendum ərəfəsində də Mövsüm Səmədov Qobustan həbsxanasında idi. O zaman ilahiyyatçı bu dəyişikliklərin mürtəce olduğunu bəyan edib, etiraz olaraq, orada aclıq aksiyası keçirirdi.
Source : Nur.az.com
Comment