0
Monday 25 April 2011 - 08:08

Cəmiyyətə yeni mesajlar

Story Code : 67679
Cəmiyyətə yeni mesajlar
Cəmiyyətə yeni mesajlar
“Bütün rejimlər çökdüyü kimi bu rejim də xalq qarşısında çökəcək”; 2 aprel aksiyasında işgəncəyə məruz qalanlarla bağlı dəyirmi masa keçirildi
Ötən gün saat 12-də Müsavat Partiyasının qərargahında 2 aprel aksiyası ilə bağlı həbs edilənlərin müdafiəsi üçün yaradılmış Müdafiə Komitəsinin “Sərbəst toplaşma azadlığı, ifadə azadlığı, həbslər, İşgəncələr...rəylər” mövzusunda dəyirmi masası başlayıb.
Tədbiri giriş sözü ilə açan Müdafiə Komitəsinin sədri, İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bildirdi ki, bu komitənin əsas vəzifələrindən biri 2 apreldə tutulanların və işgəncəyə məruz qalanların hüquqlarını müdafiə etmək olub: “Ancaq tutulanların sayı artdı və fəaliyyətimiz genişləndi. Fəaliyyətə başlayarkən hakimiyyət orqanlarına müraciət etdik. Biz onlara izah etdik ki, bu həbslər siyasi xarakterlidir və əsassızdır. Ancaq hakimiyyət repressiyaları davam etdirir. Artıq 2 və 17 aprel aksiyalarına görə 12 nəfər haqqında cinayət işi qaldırılıb”.
Vaqif Hacıbəyli: “Aksiyaçılara açılan cinayət işləri qondarmadır”
Müdafiə Komitəsinin üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı mitinqdə tutulanlarla bağlı statistik məlumatlar verdi. Qeyd etdi ki, aprelin 2-də saxlananların sayı 300-dən çox olub: “17 aprel mitinqinə görə isə bəzi məlumatlara görə 166 nəfər saxlanılıb. Onlardan 18-i mitinq ərəfəsində saxlanılıb, 3-nə sutka həbs verilib. Mitinq günü isə 6 nəfər haqda sutkalıq həbs cəzası verilib. 26 nəfər məhkəmələrdə, 18 nəfər polis idarələrində cərimələnib. 21 nəfərə isə xəbərdarlıq edilib. Bir neçə nəfər iş yerindən çıxarılıb”.
G.Aslanlı tutulanların bəzilərinin adlarının siyahıya düşməsinə razı olmadıqlarını da bildirdi. Buna səbəb onların iş yerlərini itirməkdən və yaxud yaxın qohumlarına ola biləcək təzyiqlərdən ehtiyatlanmasıdır.
Komitənin digər üzvü Vaqif Hacıbəyli də açılan cinayət işlərini qondarma ittihamlar adlandırdı: “Heç bir videogörüntüdə mitinqçilərin əlində kəsici alət və ya daş əks olunan məqam yoxdur. Polisi vuran mitinqçi göstərə bilməzsiniz”.
Partiyalar meriyanı və Baş Polis İdarəsini məhkəməyə verə bilər
İctimai Palatanın üzvü, politoloq Ərəstun Oruclu çıxışında diqqəti tələbələrin siyasi fəaliyyətinə görə ali məktəblərdən xaric olunmasına yönəltdi. Politoloq həmin tələbələrin də müdafiə olunmasının vacibliyini vurğuladı.
Vəkil Əshabəli Mustafayev bildirdi ki, vəkillər özləri də təpki altındadır: “Vəkillərin fədakarlığını qiymətləndirmək lazımdır. Vəkillər gecə saatlarına qədər polis idarələrində olur. Onlara ictimaiyyətin dəstəyi lazımdır. İctimai dəstək artsa, bizə qoşulan vəkillərin də sayı artacaq”.
Ə.Mustafayev təklifini də irəli sürdü: “Müdafiə işlərini yaxşı qurmaq üçün beynəlxalq təşkilatlarla işləməliyik. Sənədləri ingilis dilinə çevirib Avropa Birliyinə, ATƏT-ə göndərmək lazımdır. İnformasiya bazasını təşkil edəcək xüsusi qrup yaradılmalıdır. Mətbuatda getmiş bütün materialları toplamaq lazımdır. Sonra istintaqda bu materiallardan istifadə edərik. Təklifim odur ki, İctimai Palatadakı hüquqşünaslardan ibarət qrup yaradılsın. Onlar vəkillərə bəzi işlərdə kömək etsinlər. İctimai Palataya daxil olan partiyalar meriyanı və Baş Polis İdarəsini mitinqlərə icazə verilməməsi və güc tətbiq olunması iddiası ilə məhkəməyə bilər”.
Vəkil həmçinin vurğuladı ki, aksiya zamanı monitorinq aparan hüquq müdafiəçiləri rəy bildirməli və press-relizlər yaymalıdır: “Biz Avropa Məhkəməsinə müraciət edən zaman o rəylərdən istifadə edə bilərik”.
Elçin Behbudov: “Polis rəisi Məmməd Mikayılov işgəncə verməkdə ad çıxarıb”
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov işgəncələrin hələ də tətbiq olunmasından danışdı: “Azərbaycan BMT-nin işgəncələr əleyhinə konvensiyasına qoşulsa da işgəncələr hələ də mövcuddur. Mitinqdə monitorinq aparmışıq, təcridxanaya baş çəkmişik. Baş verənlərlə bağlı fikirlərimi beynəlxalq qurumlara bildirmişəm. İşgəncələr əsasən Nəsimi Rayon Polis İdarəsində baş verib. Bu idarənin rəisi Məmməd Mikayılov şəxsən özü işgəncə verməkdə ad çıxarıb. Polis mayoru Süleyman Nemətovun da adı tez-tez hallanır”.
E.Behbudovun çıxışının bu yerində Müsavat Partiyasının başqanı İsa Qəmbər ona “Sizin fəaliyyətinizi bilirik. Amma işgəncələr azalmaq əvəzinə artır”, dedi. Sonra onların arasında belə dialoq oldu:
Elçin Behbudov: “Biz aidiyyəti orqanlara çatdırmışıq”.
İsa Qəmbər: “Aidiyyəti orqanlardan biri də mənəm. Sədri olduğum partiyanın üzvlərinə işgəncə verilir. Bu fakt varsa, birinci mənə bildirməlisiniz”.
Elçin Behbudov: “Beynəlxalq qurumların hamısına çatdırmışıq”.
İsa Qəmbər: “Biz də o rəyi görmək istəyirik. Biz nə edə bilərik ki, bu işgəncələri durdura bilək?”
Elçin Behbudov: “Yalnız məhkəmə hüquqi qiymət verə bilər işgəncələrə. Vəkillərə üzümü tutaraq deyirəm ki, məni şahid kimi məhkəmələrə dəvət edin”.
İsa Qəmbər: “Mitinqlərdən sonra ATƏT bildirir ki, nə hakimiyyət, nə də müxalifət tərəfindən zorakılıq faktları yoxdur. Bu rəyləri ictimaiyyətə təqdim etmək lazımdır”.
Elçin Behbudov: “Mitinqlərdən sonra mənə zəng vurun, mən sizə bütün faktları təqdim edəcəm”.
Pənah Hüseyn: “İşgəncələrin bilinməsinə, açıq-aşkar olmasına çalışırlar”
Daha sonra hüquq müdafiəçisi Leyla Yunus siyasi məhbusların sırasına dini motivlərlə həbs olunanların da adını yazmaq lazım gəldiyini bildirdi. O, təklif etdi ki, internetdə işgəncələrlə bağlı ayrıca sayt yaratmaq lazımdır: “O saytda işgəncə verən polislərin, müstəntiqlərin, sifarişli qərar çıxaran hakimlərin adlarını yazmaq lazımdır. Bu adamların işgəncə faktlarını orada yaymalıyıq”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də dedi ki, cəmiyyət ölkədə gedən proseslər haqqında daha dolğun daha ətraflı biliklər əldə etməlidir: “Biz çalışmalıyıq ki, informasiyaları cəmiyyətə ötürək. İnsanların arasında daha çox söhbətlər aparmaq lazımdır”.
İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə bildirdi ki, işgəncələr şəxslərlə bağlı deyil: “Bu işlər ən yüksək səviyyədə planlaşdırılıb həyata keçirilir. Onlar işgəncələrin nümayişkaranə şəkildə, açıq-aşkar olmasına çalışırlar. Nəsimi polisində mənim gözümün qabağında insanlara işgəncə verirdilər. 50 adamın içində insanları döyüb təhqir etməklə onların şəxsiyyətini alçaltmaq istəyirlər. Bu da ən yuxarı səviyyədə verilmiş göstərişlə olur”.
P.Hüseyn siyasi repressiyaları araşdırmaq üçün İctimai Palata yanında təhqiqat komissiyası yaradılmasını təklif etdi.
İsa Qəmbər: “Mübarizəmiz davam edəcək”
Sonda müxalifət liderləri çıxış etdilər. Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, mübarizə davam edəcək: “Dostlarımız gecə-gündüz işləyirlər, işlər davam edəcək. Bizim gücümüz hədəflərimizin aydınlığı və dinc xarakter daşımağındadır. Hakimiyyətin gücü isə yalan təbliğat mexanizmi və zorakılıqdır. Bu iki qüvvə üz-üzə gəlir. Əvvəlki zamanlar olsaydı, dinc qüvvə zorakı qüvvənin qarşısında dayana bilməzdi. İndi dünya hesabat tələb edir. Ona görə də bütün bu məsələlər beynəlxalq ictimaiyyətə də çatdırılmalıdır. Hakimiyyət işgəncələri nümayişkaranə şəkildə edir ki, cəmiyyətdə qorxu yaratsın. Onda biz də bu işgəncə faktlarını daha qabarıq açarıq. Hamı bilsin ki, bu işgəncə verən hakimiyyətdir. Mübarizəmizi dəqiq və dinc şəkildə davam etdirəcəyik. Bütün rejimlər çökdüyü kimi bu rejim də xalq qarşısında çökəcək”.
Əli Kərimli: “Həbslər, işgəncələr bizi sındırmadı...”
AXCP sədri Əli Kərimli həbs və işgəncələrin insanların mübarizə əzmini sındıra bilmədiyini vurğuladı: “Hökumətə cavabımız odur ki, həbslər, işgəncələr bizi sındırmadı. Həbsdən çıxan dostlarımız da mübarizə ruhundadır. İşgəncələr hökumətin əleyhinə oldu. Psixoloji baryeri aşandan sonra xalqın qarşısını almaq mümkün olmayacaq. Bizim tərəfdən hər şey beynəlxalq standartlara uyğun gedir. Həbs olunanların hüquqi müdafiəsi təşkil olunur. Buna görə vəkillərə təşəkkür edirəm. Amma bu da yetərli deyil. Bütün toplumdan gözləntilərimiz var. Bizim fədakarlığımız cəmiyyətdə arxayınlıq yaradıb ki, bunlar özləri də bacararlar. Doğrudur, öhdəsindən gəlirik. Ancaq bu çox çətin olur. Heç olmasa tutulanlara qayğı kampaniyasına daha çox insanlar qoşulsun. Bundan sonrakı fəaliyyətimizi daha yaxşı koordinasiya etməyə ehtiyac var, daha çox işləməliyik”.
Sonda İctimai Palata adından Avropa İttifaqına, Avropa Parlamentinə, Avropa Şurası Nazirlər Kabinetinə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna, ABŞ Konqresinə, Beynəlxalq İnsan Hüquqları Müdafiə Təşkilatına müraciət ünvanlandı. Müraciətdə deyilir ki, 2 aprel aksiyası ilə əlaqədar 12 nəfərə cinayət işi açılıb və onlara qarşı qondarma ittihamlar irəli sürülüb: “Bunların heç bir hüquqi əsası yoxdur. Onlar dərhal həbsdən azad olunmalıdır. Ümid edirik ki, Avropa Şurasına üzv olan ölkədə baş vermiş bu hadisələr beynəlxalq aləmin diqqətindən yayınmayacaq, həbsdə olanların azadlığa buraxılmasını təmin etmək üçün müvafiq səylər artırılacaq”.
 
Emil SALAMOĞLU
/Musavat/


Comment