QR CodeQR Code

"Sonuncu azan! Hacı Tale ayağa qalxdı"

http://rakurs.tv , 26 Nov 2017 20:07

Islamtimes - Nardaran məhbusları məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar.


Nardaranda keçirilən əməliyyatdan 2 il keçir. 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda, ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfər öldürülüb. Əməliyyat zamanı saxlanılan şəxslərdən “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və Abbas Hüseynov - 20 il, Cabbar Cabbarov – 19; Rasim Cəbrayılov – 17; saxlanılarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev -10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

T. Bağırzadə və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə suçlanır.

Amma onlar ittihamları rədd edərək bildirirlər ki, heç birinin silahı olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.

Nardaran məhbusları məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Rakurs TV-nin məlumatına görə, hərəkatın İdarə Heyətinin üzvü, Nardaran hadisələrinin canlı şahidi, güllələnərək hərəkət qabiliyyətini itirən, hazırda ev nəzarətində olan Əbülfəz Bünyadov "facebook" sosial şəbəkəsində həmin hadisəylə bağlı xatirəsini paylaşıb. Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"26 Noyabr 2015-ci il. Saat 12:30. Günorta azanı verilir. Aşiqlərin qızındığı balaca məkan onların duruşu ilə sıralandı. Namaza hazırlaşan azad ruhlar otağın fəzasını tam olaraq namaz aşiqlərinin mənəvi rahiyələri ilə nurlandırdı. Tale Bağırzadə bu ünvanda son namazını qılmaq üçün irəli keçdi. Bir neçə nəfər üçün də son şəhadət namazı olan ibadət üçün qardaşlardan biri Azan çəkdı. Sonuncu azan! Hacı Tale ayağa qalxdı. Həmişəki adəti üzrə eynəyini çıxardı. Onu düz səcdəcahının aşağı hissəsinə qoydu. Qəddini düzəltdi. İqamə oxudu və nəhayət namaz başadı. Qəribə bir ruhiyyə vardı o namazda. Allah şahiddir ki, sözlə izah oluna bilməyəcək bir qəribəlik. Sankı uzun sürən bir həsrətin vüsal xəbərini gətirmişdi o namaz. Meracın qapıları önündə ruhu hazırlıq yaşayan məşuqların aşiqanə söhbəti idi bu ibadət. Yaşamayanın anlması mümkünsüz olan ümid və qorxu arasında pərvazlanan İlani bir söhbət idi o söhbət. Cismin deyil, ruhun riqqətə gəldiyi azadlıq hissi ilə sərhədlər aşan paklanmış ruhun fəryadı idi o namaz. Həqiqətən də anlaqsızlıq içində geniş bir dərkin aydın tablosu idi o anın ibadəti. Nəhayət namaz bitti. Qardaşlar sonuncu dəfə əl tutub görüşdülər və birlikdə əllərini qaldırıb dua və münacat etməyə başladılar: “Allahummə kun li vəliyyikəl huccətibnil Həsən...” Və dua bitməmiş ətrafı dəhşət dolu atəş səsləri bürüdü."

Əbülfəz Bünyatov


Story Code: 685927

News Link :
https://www.islamtimes.org/az/news/685927/sonuncu-azan-hacı-tale-ayağa-qalxdı

Islam Times
  https://www.islamtimes.org