0
Sunday 15 February 2009 - 09:08

Türkiyədən İsrailə nota

14 fevral 2009
Story Code : 686
Türkiyədən İsrailə nota
Türkiyə İsrailə nota verib. APA-nın xəbərinə görə, notaya səbəb İsrail quru qoşunlarının komandanı Avi Mirzahinin açıqlamalarıdır.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, bu gün İsrailin Türkiyədəki səfiri Gebbi Levi XİN-ə çağırılıb.

Nazirliyin açıqlamasında daha sonra İsrail quru qoşunlarının komandanının bəyanatının diplomatik etikaya, tarixi və bugünkü reallıqlara uyğun olmadığı, hətta daban-dabana ziddiyyət təşkil etdiyi vurğulanıb: “Bu açıqlama baş nazirimizə və ölkəmizə aid qəbul edilməz ittihamlar və hədyanlarla doludur. Ona görə də bu açıqlamanı rədd etməyimizi bir nota ilə bildirdik. Notada bu cür bəyanatların qəbul edilməzliyini vurğulamaqla yanaşı, bu vəziyyətlə bağlı İsrail rəsmilərindən təcili olaraq izahat istənilib”.

Qeyd edək ki, İsrail quru qoşunlarının komandanı Avi Mirzahi Davos Forumunda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla İsrail prezidenti Şimon Pereslə arasında yaşanmış diplomatik gərginliyə münasibət bildirib.

Bir beynəlxalq tədbirdə danışan Mirzahi “Ərdoğan, aynaya baxsın” deyib. O, Türkiyənin “ermənilərə qarşı qətliam törətdiyini”, indi də “eyni siyasəti kürdlərə tətbiq etdiyini”, Kiprin bir hissəsini “10 ildir ki, işğalda saxladığını” iddia edib.
General baş nazirin İsrailin BMT üzvlüyündən çıxarılması ilə bağlı çağırışını xatırladaraq “belə bir məqamda Türkiyə də İsrailin yanında olmalıdır” deyib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri də bu açıqlamaya etiraz edən bəyanat yayıb. Silahlı Qüvvələrin bəyanatında yəhudi generalın açıqlaması “reallıqdan kənara çıxan, məqsədini aşan, lazımsız, heç bir şəkildə qəbul edilməyən, tutduğu vəzifənin məsuliyyəti ilə üst-üstə düşməyən, iki ölkə arasında milli mənafelərə zərər verən” açıqlama kimi qiymətləndirilib və İsrail Silahlı Qüvvələrindən məsələ ilə bağlı açıqlama gözlənildiyi vurğulanıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İsrail prezidenti Şimon Peresə ““Öldürməyi Siz daha yaxşı bilirsiniz. Ölkənizdə baş nazir olmuş şəxslərin sözləri var. Tankların üzərində Fələstinə girdiyimizdə özümü xoşbəxt hiss edirəm deyən baş nazirləriniz vardı” demişdi.
Source : www.lent.az
Comment