QR CodeQR Code

ÇL: "Qarabağ" bu gün İtaliyada "Roma" ilə qarşılaşır

5 Dec 2017 11:52

IslamTimes - Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.


“Report” bildirir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.
Avropanın müxtəlif ölkələrində baş tutacaq 8 matçdan sonra 1/8 finala vəsiqə qazanan komandaların sayı 12-ə çatacaq. Sözügedən 4 vəsiqəyə 7 iddiaçı var. Bunlar "Mançester Yunayted", "Bazel", MOİK, "Roma", "Atletiko", "Sportinq" və "Yuventus" komandalarıdır.
Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək. Kollektiv qrup mərhələsinin VI turu çərçivəsində “Roma”nın qonağı olacaq.
Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən “Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub. Ağdamlılar İngiltərə çempionu “Çelsi”yə həm evdə, həm də səfərdə (0:6, 0:4), “Roma”ya isə Bakıda məğlub olub (1:2). Azərbaycan Premyer Liqasının qalibi yalnız İspaniya “Atletiko”suna hər iki görüşdə gücünü göstərə bilib. Buna rəğmən, artıq “Qarabağ”ın qrup sonuncusu olması dəqiqləşib.
Romada baş tutacaq görüş Ağdam klubu üçün formal xarakter daşısa da, imic baxımından önməlidir. “Köhlən atlar” ilk dəfə mübarizə apardıqları turnirdən müsbət təəssüratlarla ayrılmaq istəyirlər. Meydan sahiblərinin durumu isə fərqlidir. “Canavarlar” qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. “Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər. Bunun üçün “Atletiko”nun Londonda “Çelsi”yə qalib gəlməməsi şərtdir.


Story Code: 687833

News Link :
https://www.islamtimes.org/az/news/687833/çl-qarabağ-bu-gün-italiyada-roma-ilə-qarşılaşır

Islam Times
  https://www.islamtimes.org