0
Friday 8 June 2018 - 02:35

FƏLƏSTİNİN HAQQ MÜBARİZƏSİNƏ DƏSTƏK

Story Code : 730279
FƏLƏSTİNİN HAQQ MÜBARİZƏSİNƏ DƏSTƏK
FƏLƏSTİNİN HAQQ MÜBARİZƏSİNƏ DƏSTƏK
“Qüds şəhəri – müsəlmanların ilk qibləsinin yerləşdiyi bu məkanla bağlı son 7-8 ayda baş verənlər İran İslam İnqilabının banisi, böyük din, dövlət, siyasət, elm xadimi Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin uzaqgörənliyinin və vəsiyyətlərinin daim aktuallığının təsdiqidir.”
 
Maide.Az bildirir ki,  “Qələm” Yazarlar Birliyinin sədri, jurnalist Qurban Cəbrayıl İmam Xomeyni (r.ə) tərəfindən Ramazan ayının son cüməsinin Ümumdünya Qüds Günü elanı barədə tövsiyəsini şərh edərkən belə deyib.
 
O bildirib ki, adıçəkilən təklifin səsləndirildiyi 1982-ci ildə Fələstinin tarixi əraziləri sionist rejimin ilhaqına məruz qalsa da, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin gözü qarşısında hələ bugünkü hərtərəfli, qlobal işğala – bir xalqın təkcə torpaqlarına deyil, inanc yerinə,  dini-mənəvi dəyərlərinə, milli adət-ənənələrinə qarşı bu həddə davamlı təcavüz kampaniyasına rast gəlinmirdi:
 
“Mən çox təəssüflənirəm ki, okeanın o tayında Trampın birinci kresloya yiyələnməsi zəminində İsrail rejimi öz havadarını tapdı və hegemon, zorakı, cinayətkar fəaliyyətini həyata keçirmək üçün fürsət qazandı. Ağ Ev sahibinin Qüdsü qondarma İsrailin paytaxtı qərar verərək səfirliyini həmin şəhərə köçürməsi və digərlərinə də yarıxoş-yarızor eyni addımı atmaq məcburiyyəti, imtina edənlərə təzyiq ABŞ-ın indiyədək pərdələndiyi demokratiya maskasını cırıb atmaqdan əlavə, beynəlxalq hüquqa hörmətsizliyinin göstəricisidir.
 
Əslində ötən əsrin altmışıncı illərindən dinc fələstinlilərə hücumlar, onların müxtəlif münaqişələrə çəkilməsi, dinc sakinlərin evləri başlarına uçurularaq doğma yurd-yuvalarından didərgin salınması, vətəndə, başqa ölkələrdə qaçqın-köçkünə çevrilmələri hesabına qeyri-qanuni yəhudi yaşayış məskənlərinin genişləndirilməsi indiki utancverici mənzərəni labüdləşdirirdi. Amma son vaxtlar Təl-əvivin rəsmi Vaşinqtonun siyasi-hərbi dəstəyindən hövüllənib planetin jandarmı kimi davranması, Netanyahunun Qüdsü öz dədə-baba mülkü sayması, İsrail polisinin müqəddəs məkanları müsəlmanların üzünə bağlaması, SAXAL-ın sərhədlərə axışıb dinc aksiyalar keçirən əliyalın insanları atəşə tutması, nəticədə təkcə son 8 həftə ərzində 70-ə qədər fələstinlinin şəhid olması və 3000 nəfərin yaralanması, mətbuat, səhiyyə nümayəndələrinə belə, aman verilməməsi, ən başlıcası isə sadalanan dəhşətlər müqabilində dünya birliyinin susması bütün siyasi-hüquqi-mənəvi konvensiyaların tapdalanması deməkdir. Eyni zamanda, məsələnin daha ilginc və rüsvayçı tərəfi İsrail rejiminin durdurulmaması, törətdiyi qanlı əməllərə görə layiqincə cəzalandırılmamasıdır – artıq neçənci dəfədir ki, BMT TŞ gündəliyinə sözügedən sənədin daxil edilməsinə rəğmən, ABŞ-ın veto hüququndan istifadəsi üzündən lazımi qətnamənin qəbulunun əngəllənməsi həmin qurumlara, ümumiyyətlə dünyada ədalətin mövcudluğuna inamı heçə endirir.”
 
“Qələm” Yazarlar Birliyinin sədri fikrinin yekununda bir daha Ayətullah Xomeyninin 36 il öncəki tövsiyəsinin bu gün də aktuallığını vurğulayaraq, müsəlman aləmini, bütün dünyanın mütərəqqi və sülhsevər qüvvələrini Fələstinin haqq mübarizəsini dəstəkləməyə, təcavüzkar rejimlərə qarşı birləşməyə çağırıb.      
 
Source : Maide
Tagged
qüds
Comment