0
Sunday 10 June 2018 - 04:05

Fələstinli uşaqların kabusları...

Story Code : 730668
Fələstinli uşaqların kabusları...
Fələstinli uşaqların kabusları...
Deyəsən gecədir, çünki qaranlıqdır və biz bir şey görə bilmirik. Ekrana aramsız olaraq baxırıq ki, bəlkə elə indicə nəyisə gördük. Amma əbəsdir – qaranlıqdan başqa bir şey seyr edə bilmirik.
 
Birdən jurnalistin səsi qaranlığı yarır və o, deyir ki, burada elektrik yoxdur.
Qəzzada işıq yoxdur, ona görə səhnəni, hadisə yerini axşamın düşməsi ilə evlərdən gələn işıqların yaratdığı alaqaranlığın köməyi ilə də görə bilmirik.
 
Burada başqa səs də eşidilir. Bu səs qaranlığın təbii halını pozur və buranın təhlükəsiz olmadığından xəbər verir.
Bu havada üçan dronların səsidir.
 
Bir yandan qaranlığın vahiməsi, o biri yandan da bu kəşfiyyatçı dronların yaratdığı təşviş insanı gərginlikdə saxlayır.
Biz çox istəyirik bir balaca nəyisə görək bu qaranlıqda, səbirsizlənirik.
 
11 yaşlı jurnalist Cənnət bizim köməyimizə gəlir. O, bizə burada, bu qaranlıqda nə olduğunu deyir.
Cənnət deyir ki, "inanın ki, izah etmək çətindir – gecə olanda biz düşüncələrimizlə və kabuslarla baş-başa qalırıq. Bizim üçün müharibə elə budur – kabuslarla dolu gecə".
 
Hansı kabuslar?
"Mən öldürüləcəm, yoxsa həbs olunacağam? İsrail rejiminin işğalçı əsgərləri mənim evimi yandıracaq, anam yaralanacaq, atam həbs olunacaq, qardaşım öldürüləcək. Sevdiyim insanları itirəcəyəm və onları yenidən bir daha görməyəcəm".
 
“İsrail rejiminin işğalı təkcə torpaqlarımıza deyiI, ən əsası – bizim düşüncələrimzədir”, - deyir Cənnət.
Gündəlik həyatından danışır Cənnət. O Nəbi-salehdə yaşayır və deyir ki, ən böyük kabuslarından biri – sevdiyi kəsi itirməkdir.
"Və mən sevdiklərimi itirmişəm", - o, deyir.
 
Nəbi-salehin girişində iki qapı var. İsrail rejimi bu qapıları çox vaxt bağladığı üçün Cənnət məktəbə getmək üçün 20 dəqiqə əvəzinə 3 saat sərf edir.
 
Oynamağa dostu demək olar ki, qalmayıb Cənnətin – onların hamısı həbsdədir. Əhəd, Suheyb, Vaid. (Nəbi-salehdən 20 nəfər həbs olunub,onlardan 10-u uşaqdır)
Cənnətin dediyi kabuslar gecə ikən var, elə ki gecə keçir – onlar da yoxa çıxırlar.
 
1948-ci ildə İsrail rejimi bir milyona yaxın fələstinlini evlərindən çıxarıb və onların geri qayıtmasına imkan vermir.
Buna etiraz olaraq bu il – 2018-ci il martın 30-da fələstinlilər Böyük Qayıdış yürüşünə başladılar.
 
O gündən bu günə İsrail rejimi hərbi qüvvələri ən azı 115 fələstinlini öldürüb, 13000-dən çox adam yaralanıb.
 
Yaralılara yardım edən 21 yaşlı tibb bacısı Rəzzan deyir ki, birinci gün onun üçün ən çətin gün olub. O, gözyaşardıcı qazdan 3 dəfə zəhərlənib. Onun tibbi briqadası hədəfdə olub, dostu vurulub, rəfiqəsi əlindən yaralanıb, o biri rəfiqəsinin güllə düz qulağının dibindən keçib, amma onlar – tibbi heyət ilk yardımı göstərə bilib və işini davam etdiriblər.
"Allahın mərhəməti ilə mən bu gün gülləyə tuş gəlmədim, dünən də salamat olmuşam", - Rəzzan deyir, yürüşün baş verdiyi yerdə verdiyi müsahibəsində.
 
"Qazdan zəhərlənmişəm, bir saat huşsuz olmuşam, ayılanda acıqlandım, çünki mən işimi görmək, səfərimə davam etmək istəyirdim. Mən qayğı göstərməyə gəlmişəm, mənə qayğı göstərmələri üçün gəlməmişəm".
 
Rəzzan deyir ki, o, böyük fəxrlə son günə kimi işinii davam etdirəcək.
 
Rəzzana və onun Fələstininə, Fələstin kimi zülmə uğramış bütün torpaqlara azad olmaq, qələbə çalmaq diləyi ilə...
 
Ülviyyə Bədəl
 
Tagged
fələstin
Comment