0
Wednesday 14 November 2018 - 01:08

5 gün ötsə də, Əsədovdan xəbər yoxdur

Story Code : 761050
5 gün ötsə də, Əsədovdan xəbər yoxdur

“Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Mirtağı Əsədov inzibati həbs cəzası alıb.

Bunu AzadlıqRadiosuna onun həyat yoldaşı Şahanə Hacıyeva deyib.

Onun sözlərinə görə, Mirtağı Əsədov inzibati qaydada 30 sutka həbs edilib. Həyat yoldaşı Əsədov haqda məhkəmə qərarını əldə etdiyini bildirir.

Qərarı onun bildirməsinə görə, noybarın 8-də Nərimanov Rayon Məhkəməsi qəbul edib:

“Gürcüstan vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan 8 noyabr tarixli inzibati xəta haqqında protokol tərtib olunub”, xanımının deməsinə görə, qərarda yazılıb.

Şahanə Hacıyeva bildirir ki, Mirtağı Əsədov barəsində inzibati xəta haqqında protokolu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyat müvəkkili İftixar Rüstəmov tərtib edib.

Xanımının deməsinə görə, məhkəmə hesab edib ki, protokolda ifadə edilənlər iclas zamanı öz təsdiqini tapıb.

“Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Mirtağı Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib”, xanımı vurğulayıb.

Şahanə Hacıyeva qərarla razılaşmadıqlarını, vəkillərin apellyasiya şikayəti verəcəyini bildirib.

Mirtağı Əsədovanın xanımının bu açıqlamasına, hələlik, BMCMİ və Nərimanov Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

***

"Mirtağı Əsədova Gürcüstanda heç vaxt təzyiq olmayıb. Çünki onun fəaliyyəti həmişə açıq, ictimaiyyətə bəlli olub...”.

Noyabrın 7-də axşam Azərbaycan sərhədində saxlanıldığı bildirilən “Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Mirtağı Əsədovun həyat yoldaşı Şahanə Hacıyeva “Turan” agentliyinə belə deyib. O, 5 gün ötsə də, həyat yoldaşından xəbər ala bilmədiklərini söyləyib.

Həyat yoldaşının heç vaxt qanundankənar addım atmadığını vurğulayan Hacıyeva rəsmi qurumlara müraciət etdiklərini, ancaq hələ də nə həyat yoldaşı ilə görüşə bildiyini, nə də ona rəsmi məlumat verildiyini qeyd edib:

“Mənə noyabrın 7-də zəng vurub saxlanıldığını xəbər vermişdi. Həmin gündən gündə iki dəfə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət etmişəm. Ancaq mənə cavab verməyiblər. Hesab edirəm ki, məlumat vermirlərsə, ola bilsin, ona təzyiq edirlər”.

Şahanə Hacıyeva məsələ ilə bağlı həm də dünən, noyabrın 12-də Gürcüstanın Bakıdakı səfirliyinə müraciət etdiyini bildirib. Səfrilikdə onu qəbul ediblər. Deməsinə görə, bildiriblər ki, səfirlik Mirtağı Əsədovun məsələsi ilə ciddi şəkildə məşğul olur.

Hacıyeva hüquq xidməti məqsədi ilə vəkillə müqavilə bağladıqlarını deyib. Ancaq vəkil də onun həyat yoldaşından xəbər ala bilməyib.

Tolerantlıq və Müxtəliflik İnstitutu: Əsədov qanunsuz saxlanıb

Mirtağı Əsədovla bağlı məsələləri araşdıran Gürcüstan “Tolerantlıq və Müxtəliflik İnstitutu”ndan vurğulayıblar ki, hələlik, ona qarşı rəsmi ittham irəli sürülməyib. İnstitutun təmsilçisi Şota Tutberidze deyib:

“Saxlanmasının səbəbləri izah edilməyib. Ailəsi də harada olduğunu bilmir. Onun vəkil hüququ da pozulub”, deyən Tutberidze hesab edir ki, Əsədov qanunsuz saxlanılıb:

“Biz həm Gürcüstanın Xarici İşlər Nazirliyi, həm də Azərbaycanın səfirliyi ilə ünsiyyətdəyik. Ümidvarıq ki, bizə məlumat almaqda yardımçı olacaqlar. Azərbaycanın əlaqəli dövlət orqanlarını Mirtağı Əsədova ailəsi ilə görüşmək imkanı və vəkil xidmətindən yaralanma hüququ verməyə səsləyirik”.

Azərbaycanin əlaqəli rəsmi qurumlarından, hələlik, Əsədovun saxlanılması və təzyiqlərlə üzləşməsi barədə deyilənlərə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

“Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin” sədri Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanıldığı bildirilir. Bu haqda həmin idarə açıqlama yayıb.

Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi vurğulanır. Üstəlik, onun ailəsinin Azərbaycanda yaşadığı bildirilir. Verilən məlumata görə, ailəsinə baş çəkməkdən ötrü ildə bir neçə dəfə Azərbaycana səfər edir.
Source : IslamTimes
Tagged
əsədov