0
Saturday 17 November 2018 - 15:18

Ali Məhkəmə Nardaran işi 3-ün kassasiya şikayətini təmin etmədi

Story Code : 761774
Ali Məhkəmə Nardaran işi 3-ün kassasiya şikayətini təmin etmədi
Noyabrın 16-da Ali Məhkəmə onlar haqqında qərar verib. Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarına əsasən, Nardaran məhbusları haqqında hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
 
Təqsirləndirilən şəxslərin özləri məhkəmədə iştirak etməyiblər. Yalnız üç vəkil – Akif Əliyev, Zibeydə Sadıqova və Şəhla Hümbətovanın iştirakıyla onların kassasiya şikayətlərinə baxılıb.
 
Vəkillər aralarında ilahiyyatçı alim Zülfüqar Mikayılov, Elman Ağayevin də olduğu təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrora çağırış, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd kimi ittihamların əsassız olduğunu bildiriblər.
 
Təqsirləndirilən şəxslərin günahsız olduğunu vurğulayan müdafiəçilər bildiriblər ki, onlardan bütün ifadələr ağır işgəncələr altında alınıb. İstintaq orqanı işgəncə altında imzalanmış və əslində, sübut qüvvəsi olmayan həmin yalan ifadələr əsasında ittiham verib. Vəkillərin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi heç bir araşdırma aparmadan, müdafiə tərəfinin vəsatətlərini təmin etmədən, sübutlarına əhəmiyyət vermədən ittihamı təsdiqləyib: “Sanki ittiham aktı hökmə köçürülüb”.
 
Vəkillər təqsirləndirilən heç bir cinayət törətmədikləri halda, üç ildir günahsız həbsdə saxlandıqlarını vurğulayaraq, onlara bəraət verilməsini istəyiblər.
 
Prokuror elə bir cümlə ilə kassasiya şikayətlərinin təmin olunmamasını, qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.
 
Bir neçə dəqiqəlik müşavirədən sonra hakimlər kollegiyası da “Nardaran-3” üzrə hökmü qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin qərarını haqlı sayıb. Qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
 
Məhkəmədən sonra vəkil Şəhla Hümbətova AzadlıqRadiosu-na bildirib ki, Ali Məhkəmənin qərarını əldə edən kimi Avropa Məhkəməsinə şikayət hazırlayıb göndərəcəklər. /azadlıq.org /
Source : Maide
Tagged
nardaran
Comment