0
Saturday 1 February 2020 - 12:28

İranda parlament seçkiləri keçiriləcək

Story Code : 841987
İranda parlament seçkiləri keçiriləcək
Hər 4 ildən bir fevralın 21-də İranda parlament seçkiləri keçirilir.
APA xəbər verir ki, bu il İslam inqilabından sonra 11-ci parlament seçkiləri keçiriləcək.
İranda seçkiləri bir sıra dövlətlərdə olduğu kimi, Mərkəzi Seçki Komissiyası və buna bənzər qurum deyil, Daxili İşlər Nazirliyinin nəzdindəki Milli Seçki İdarəsi təşkil edir və namizədlərin nümayəndələrinin iştirakı ilə səsləri hesablayır. Yaşı 30-dan 75-ə qədər olan İran vətəndaşları parlamentdə təmsil olunmaq üçün namizədliyini irəli sürə bilər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək, onların seçkidə iştirakına qərar verir. Bu Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz.
Hazırda 82 milyon əhalisi olan İranda 55 milyon insanın səsvermə hüququ var. İran parlamenti 290 deputat yerindən ibarətdir və əhalinin hər 190 min nəfərini parlamentdə 1 deputat təmsil edir.
İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzlinin açıqlamasına görə, bu il parlament seçkilərində iştirak etmək üçün 15 min nəfər namizədliyini irəli sürüb. Bu isə o deməkdir ki, hər bir deputat yerinə 17 namizəd iddialıdır. Nazir qeyd edib ki, səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.