QR CodeQR Code

ABŞ koronavirusla mübarizədə 6 müharibədən çox adam itirib

8 Apr 2020 01:44

İslamTimes: ABŞ koronavirusla mücadilədə artıq 11 min vətəndaşını itirib.


ABŞ-ın Veteranlarla İş üzrə Nazirliyi bununla bağlı maraqlı məlumat yayıb.

Qurumun təsbitlərinə əsasən Birləşmiş Ştatlar Amerika inqilabı (1783), İngiltərə-ABŞ müharibəsi (1812), hindlilərlə savaş, İspaniya-ABŞ müharibəsi (1899), ABŞ-Meksika müharibəsi (1846) və İran körfəzi müharibəsində (1990) ölənlərin cəmindən daha çox insan itkisinə məruz qalıb. Belə ki, həmin cəbhələrdə Birləşmiş Ştatların əsgər itkilərinin sayı 9961 nəfər olub.

“USA Today” qəzetinin yazıdğına görə, ABŞ rəhbərliyi indi virusla əsl savaş dövrlərindəki metodlarla mücadilə etməli olur. Təsadüfi deyil ki, prezident Donald Tramp hələ 1953-cü il Koreya müharibəsində tətbiq olunan "Müdafiə istehsalatı haqqında qanun"u işə salıb. Bu qanun dövlət başçısına ölkənin strateji şirkətlərini milli müdafiə üçün sifarişləri yerinə yetirməyə məcbur etmək hüququ verir.

Donald Tramp bu həftə çoxlu sayda amerikalının öləcəyi anonsunu da verib. Ölkənin baş cərrahı Cerom Adams da hazırkı yeddi günlüyün “ən ağır və kədərli” olacağını bildirib. “Bizim üçün Perl-Harbor və ya 11 sentyabr terror aktı ilə müqayisə oluna biləcək zaman gəlir”, -deyə o söyləyib.

ABŞ-da demək olar ki, hər gün ən azı min adam koronavirusdan vəfat edir. Bu rəqəm iki təhlükəli xəstəliyin - xərçəng və qripin göstəricilərini 2 dəfə qabaqlayır.

Ölkədə son iki həftədə koronavirusla əlaqədar geniş testlər keçrilib. Hazır testlər isə olduqca qeyri-adi nəticəni ortaya çıxaırb. Məlum olub ki, infeksiyaya məruz qalan və ölən vətəndaşlar içərisində afro-amerikalılar üstünlük təşkil edir.

Məsələn, CNN-in məlumatına əsasən, Çikaqoda COVİD-19-dan həlak olanların 72%-i qaradərililərdir. Halbuki onlar şəhər əhalisinin sadəcə 30 faizini təşkil edir. Şəhər rəsmilərinin informasiyasına görə, aprelin 5-də 4680 virusa yoluxanın 1824-ü qaradərili sakinlər olub. Müqayisə üçün qeyd edilir ki, qalan xəstələrdən 847-i ağdərili, 478 latın amerikalı, 126 nəfər isə Asiya mənşəli insanlardır.

Çikaqo şəhərinin meri Lori Laytfud belə bir məlum statistikanın əslində ölkədəki dərin problemlərdən xəbər verdiyini bildirib.

Çikaqo şəhərinin yerləşdiyi İllinoys ştatının özündə isə Səhiyyə departamentinn məlumatına görə, qaradərililər ölənlərin təqribən 40 faizini təşkil edir. Halbuki afro-amerikalı vətəndaşların ştat əhalisindəki payı sadəcə 14,5%-dir.

Miçiqan ştatında da eyni göstəricilər qeydə alınıb. Viskonsin ştatının mərkəzi Miluokidə qarədərili vətəndaşların sayı ümumi şəhər əhalisinin 26%-nə bərabər olsa da, ölənlərin 81%-i məhz onların arasındadır.

Luiziana ştatında afro-amerikalılar ştat əhalisinin təqribən üçdə biri, yəni 33%-dir. Lakin həlak olanların 70%-i əhalinin bu kəsiminə aiddir. Vəfat edənlərin 40%-i qarədərili əhalinin çoxluq təşkil etdiyi Yeni Orlean şəhərinin payına düşür. Ştat qubernatoru Con Edvards belə bir heyrətamiz gösətriciyə görə ayrıca təhqiqata başlayacaqlarını bildirib. /Musavat/


Story Code: 855318

News Link :
https://www.islamtimes.org/az/news/855318/abş-koronavirusla-mübarizədə-6-müharibədən-çox-adam-itirib

Islam Times
  https://www.islamtimes.org