0
Saturday 11 April 2020 - 00:29

ABŞ Konqresi Trampın koronavirusa qarşı tədbirlərinin effektivliyini araşdırmağa başladı

Story Code : 855906
ABŞ Konqresi Trampın koronavirusa qarşı tədbirlərinin effektivliyini araşdırmağa başladı
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “ABC” kanalı məlumat yayıb.

Nümayəndələr palatasında çoxluq təşkil edən demokrat qanunvericilər Birləşmiş Ştatların respublikaçı administrasiyasının böhrana əvvəldən hazırlıqlı olub-olmadığını yoxlamaq istəyirlər. Bundan başqa demokratlar koronavirusla əlaqədar ölkə iqtisadiyyatının bərpası üçün ayrılan 2 trilyon dolların neçə bölüşdürüləcəyi ilə maraqlanırlar.

Xatırladaq ki, həmin tədbirlər hər bir vətəndaşa gəlirindən asılı olaraq, 1200-1400 dollar arası yardım edilməsini, uşaqlara isə 500 dollar ayrılmasını nəzərdə tutur. Həmçinin federal proqramla kiçik biznesin dəstəklənməsi üçün 367 milyard dollar, iqtisadiyyatın ayrı-ayrı strateji sahələrinə isə 500 milyard əlavə pul verilməsi təsdiq edilib. 117 milyard dollar xəstəxanalar və veteranlara tibbi xidmət göstərilməsinə, 350 milyard dollar orta biznesə kredit şəklində ayrılacaq. Özü də kiçik sahibkarlar bu pulu sırf işçilərinə maaş və icarə haqqı üçün verdikləri təqdirdə onlardan həmin borc silinəcək.

Lakin demokrat konqresmenlərin diqqətini ən çox pandemiya günlərində Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin fəaliyyəti cəlb edib. Nümayəndələr palatasının Nəzarət və Təhlükəsizliyin təmin komitələri Federal fövqaladə hallar üzrə agentlikdən (FEMA) kürəkən-müşavirlə əlaqələrini sübut edən sənədlərin surətini tələb ediblər. Məlum olub ki, Cared Kuşnerə bağlı bəzi firmalar agentlik vasitəsilə tibbi avadanlıqların tədarükü işinə girişib. Konqres FEMA-dan həmin əməliyyatlarda Cared Kuşnerin nə dərəcədə rol oynamasını öyrənmək istəyir.

Kanalın verdiyi xəbərə görə, ABŞ administrasiyası çətin ki, Konqresə belə bir informasiyanı təqdim etsin. Əgər demokratlar işi məhkəməyə daşısa, Ağ Ev həmin sənədlərin məxfiliyinə istinad etməyi planlaşdırır.