0
Saturday 30 May 2020 - 19:50

Üç Avropa ölkəsi İranın ABŞ-ın tərk etdiyi razılaşmaya dönməsini istədi

Story Code : 865651
Üç Avropa ölkəsi İranın ABŞ-ın tərk etdiyi razılaşmaya dönməsini istədi
İngiltərə Xarici İşlər Nazirliyinin rəsmi internet saytında verilən məlumata görə, Fransa, İngiltərə və Almaniyanın XİN sözçüləri, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi ilə birlikdə İranla 5+1 arasında əldə edilmiş razılaşma haqqında ortaq bir bəyanat verib. Avropalı siyasətçilər İranın 5+1 ilə birlikdə imzaladığı Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəçiliklərinə dönməsini istəyiblər.

Bəyanatda deyilir: "Biz ABŞ-ın İranın nüvə fəaliyyətlərinə qarşı, o cümlədən Ərak reaktorunun yenidənqurma layihəsinə yenidən sanksiyalar tətbiq etməsinə görə təəssüf hissi keçiririk. İranın nüvə fəaliyyətləri BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiqlənmişdir. Rəsmi Tehranın nüvə fəaliyyətlərinin dincməqsədli və təhlükəsiz olması sübut edilib."

Avropa ölkələri nümayəndələri əlavə edib: "ABŞ-ın razılaşmadan çıxmaqla bağlı qərarının nəticələrini nəzərdən keçirmək üçün tərəfdaşlarımızla məsləhətləşmələrimizi davam etdirəcəyik."

Avropalı siyasətçilər Hərtərəfli Birgə Fəaliyyət Planının İranın nüvə faəliyyətlərinin dincməqsədli olmasını sübuta yetirən əsas sənəd olduğunu bildirərək, bu səbəbdən rəsmi Tehranın yenidən uyğun razılaşmada imzalanan öhdəçiliklərə tam şəkildə əməl etməsini istəyiblər.

Üç Avropa ölkəsinin İrandan yenidən razılaşmada qeyd olunan şərtlərə sadiq qalmasını istəməsi elə bir şəraitdə baş verir ki, ABŞ iki ildən çoxdur ki, bu razılaşmadan qeyri-qanuni şəkildə çıxıb və Tramp razılaşma sənədini yırtıb. Avropa İrana ABŞ-ın razılaşmadan çıxmasından sonra dəymiş ziyanı aradan qaldıracağı ilə bağlı vədlər versə də, bu günədək heç bir müsbət addım atmayıb.
Source : IslamTimes