Camal Kaşıkçının qətlə yetirilməsi zamanı səfir olan şəxsin vəzifəsi artırıldı
Story Code : 874849
"Daily Sabah" informasiya agentliyinin verdiyi məlumata əsasən, ərəbistanlı jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının Türkiyədəki Konsulluğunda dəhşətli şəkildə qətlə yetirildiyi zaman Səudiyyə Ərəbistanının Türkiyədəki səfiri olmuş vəlid Əl-Xəracinin vəzifəsi daha da yüksəldilib. Sabiq səfir Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini təyin edilib.
Əl-Xəraci 2014-cü ilin dekabr ayından 2015-ci ilin 29 iyul tarixinədək Səudiyyə Ərəbistanının Təsərrüfat naziri olub. Daha sonra Salman bin Əbdül-Əziz onu Nazirlər Kabinetinin üzvü olaraq təyin edib.
Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda xüsusi amansızlıqla, doğranaraq qətlə yetirilməsi zamanı bu ölkənin Türkiyədəki səfiri olan Əl-Xəraci iddia edib ki, bu qətl baş verməzdən öncə uyğun cinayət planı ilə bağlı məlumatlı olmayıb.
Qeyd edək ki, Camal Kaşıkçı 2018-ci ildə evliliklə bağlı sənədini almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna getdiyi vaxt yoxa çıxmışdı.
Ərəbistan onun işlərini həll etdikdən sonra Konsulluğu tərk etdiyini iddia etsə də, daha sonra Ali-Səud rejiminin yalanları üzə çıxıb və jurnalistin Konsulluq binasında qətlə yetirilərək tikə-tikə doğrandığı sübuta yetirilib.