0
Sunday 16 August 2020 - 22:28

Zərif: Bakı ilə münasibətlər daha da güclənəcək

Story Code : 880691
Zərif: Bakı ilə münasibətlər daha da güclənəcək
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İranın yeni XİN sözçüsü Səid Xətibzadə və sabiq sözçü Seyid Abbas Musəvi ilə görüşdə iştirak edib. Zərif Seyid Abbas Musəvinin İranın Azərbaycandakı səfiri təyin edilməsi ilə bağlı deyib: "Bildirdiyimiz kimi qonşularımız xarici siyasətimizdə prioritetdir. Azərbaycan Respublikası İran İslam Respublikası üçün çox-çox mühüm bir qonşudur!"

O əlavə edib: "Cənab Musəvi Avropa və Asiyada daha sadə bir missiya seçə bilərdi. Amma o, qonşu Azərbaycanı seçdi."

İran XİN başçısı deyib: "Əminəm ki, cənab Musəvinin təcrübəsi, bu missiya üçün xüsusi hazırlığı onun Bakıda daha uğurlu fəaliyyət göstərməsinə səbəb olacaq."

Zərif əlavə edib: “Bu gün Azərbaycan Respublikası ilə çox yaxşı münasibətlərimiz var. 11-ci dövlətin fəaliyyətə başladığı ilk günlərdə Azərbaycan Respublikası ilə münasibətlərdə bir qədər soyuqluq var idi. Amma bu gün İranın ən yaxşı, ən isti münasibət qurduğu ölkə məhz qonşu Azərbaycan Respublikasdır. Ümid edirəm ki, inşallah bu münasibətlər cənab Musəvinin təlaşları ilə daha möhkəmlənəcək."

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi Azərbaycanda Cavad Cahangirzadəni əvəzləyəcək. Musəvinin tez bir zamanda Bakıya yola düşəcəyi bildirilir. 
Source : IslamTimes