0
Thursday 3 September 2020 - 14:23

Lukaşenko: "Merkelin zəhərlənmə barədə bəyanatı quramadır"

Story Code : 884047
Lukaşenko: "Merkelin zəhərlənmə barədə bəyanatı quramadır"
APA-nın RİA Novosti agentliyinə istinadın verdiyi məlumata görə, A. Lukaşenko deyib ki, Almaniya kansleri Angela Merkelin Aleksey Navalnının kimlərsə tərəfindən zəhərlənməsinə dair bəyanatı quramadır: "Danışığı bizim radioelektron hərbi kəşfiyyat ələ keçirib".

A. Lukaşenko “bunun qurama olduğunu aydın sübut edən həmin maraqlı söhbət”in səs yazısını Rusiya tərəfinə təqdim edəcəklərini bildirib.

“Navalnının heç bir zəhərlənməsi olmayıb. Mən belə başa düşürəm ki, mütəxəssislərdən ibarət qrup Merkel, onun administrasiyası üçün faktlar, ola bilsin bəyanat hazırlayıb, hansını ki, o səsləndirib. Bunu ona görə ediblər ki, Putini Belarus məsələsinə qarışmaqdan çəkindirsinlər. Biz səs yazısını Moskvaya göndərəcəyik ki, bunun kimə lazım olduğunu aydınlaşdırsınlar”, - deyə Belarus lideri qeyd edib.

Qeyd edək ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.