0
Sunday 25 October 2020 - 11:54

Bu gün 11-ci imam həzrət Həsən Əsgərinin (ə) şəhid edilən günüdür

Story Code : 893940
Bu gün 11-ci imam həzrət Həsən Əsgərinin (ə) şəhid edilən günüdür
SalamNews xəbər verir ki, imam Həsən Əsgəri (ə) hicri-qəməri tarixi ilə rəbius-sani ayının 8-də dünyaya gəlib və rəbiul-əvvəl ayının 8-də zəhərlənərək şəhid edilib.

İmam Mədinə şəhərində doğulub, sonradan zalım Abbasi xəlifələri tərəfindən atası imam Hadi ilə birlikdə İraqın Samirra şəhərinə sürgün edilib. Onun həyatı əsasən zalım şahların nəzarəti altında keçib. Elə buna görə də o həzrətə "imam Əsgəri" (hərbçilərin nəzarətində saxlanılan imam - red.) ləqəbi verilib. Dünyanı zülmdən xilas edəcək imam Mehdinin (ə) bu ailədə göz açacağını eşidən Abbasi xəlifələri imam Həsən (ə) və onun ailəsinə tətbiq edilən təzyiqləri günbəgün artırıblar.

İmamın dini rəhbərliyi hicrətin 260-ci ili, yəni onun şəhid edildiyi vaxtadək davam edib. Şəhid olan imam Əsgəri (ə) elə evindəcə dəfn edilib. Sevənləri Abbasi xəlifəsindən qorxduqları üçün onun məqbərəsini gizli şəkildə ziyarət etməyə başlayıblar.

Hicrətin 333-cü ilində Buveyhi hakimləri İmamın məqbərəsinin təmir edilib ucaldılmasında əvəzsiz xidmət göstəriblər.

Tarix və hədis kitablarında imamın qəbrini ziyarət edənlər üçün çoxlu savab qeyd edilib.

Bildirək ki, imam Həsən Əsgərinin (ə) məqbərəsinə edilən hücumlara baxmayaraq, bu günlərdə o həzrətin ziyarətinə gedən zəvvarların ardı-arası kəsilmir və bu da görünür, İslam düşmənlərini hərəkətə keçməyə vadar edib. Tarixən imamların kinini qəlblərində saxlayan Yezid xislətli insanlar yenidən Peyğəmbər (s) nəslinin əleyhinə hücuma keçiblər.

Xatırladaq ki, 2006-ci ilin qışında və 2008-ci ilin yayında iki imamın Samirradaki məqbərəsinə terror hücumu təşkil edilib. Təkfirçi və radikal sələfilərin təşkil etdikləri bu hücumda məqbərənin günbəzi tamamilə dağılıb, minarələrinə ciddi ziyan dəyib. Lakin imamsevərlər sədaqətlərini bir daha nümayiş etdirərək məqbərəni əvvəlkindən də möhtəşəm şəkildə təmir ediblər.