0
Friday 12 August 2011 - 23:31

"Oruc tutan, namaz qılan insanlar hara, narkotik hara?!"

Story Code : 91396
"Oruc tutan, namaz qılan insanlar hara, narkotik hara?!"
"Oruc tutan, namaz qılan insanlar hara, narkotik hara?!"
Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinlədilər.

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Bu işdə Allahdan tofiqat diləyən xətib, Ramazan ayında olduğumuzu və bu ayın Allahın ziyafət ayı olduğunu xatırlatdı.

Sonra cümə xətibi İmam Səccaddan (ə) bir mübarək hədisi xatırlatdı: “Adəm övladının ən ağır üç anı var: ölüm mələyi gəldiyi an, qəbrindən çıxarıldığı an və Allahın dərgahında durduğu an”.

Hədisin şərhində Hacı İlqar hər üç anı ayrı-ayrılıqda izah etdi. “Diqqət etsək görərik ki, bu anlar elə bir anlardır ki, hər bir kəs yaşayacaq. Bu anlardan qaçmaq və yayınmaq qeyri-mümkündür. Əgər qaçılmaz anlardırsa, gərək oturub bu barədə fikirləşək. Anlayacağıq ki, bu anlara hazır olmaq lazımdır. Əvvəlcədən hazırlaşmaq lazımdır ki, əziz İmamın (ə) sadaladığı bu üç ağır an gəldikdə, onları yaşamaq daha rahat olsun. Ramazan ayı bunun üçün böyük fürsətdir. Öz günümüzü, vaxtımızı, əməllərimizi tənzimləmək üçün ciddi fikirləşməliyik. Yaşayacağımız bu üç qaçılmaz anı yadımıza salmalı, Ramazan ayının geridə qalan günlərindən faydalanmalıyıq. Bir neçə gündən sonra əhyalar gələcək. Ondan sonra da demək olar ki, ay bitir. Ona görə də tələsmək lazımdır. Ramazan ayı - özünü düzəltmə ayıdır. Allahdan istəyək ki, bizə bu ayı doğru yaşamağı nəsib etsin”.

İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Xətib israrla vurğuladı ki, əgər ilahi təqva olmasa, insanın həyatı tamamən mənadan məhrum olan bir nəsnəyə çevrilər.

Xütbənin davamında dünyada və ölkədə baş verən hadisələrə toxunan xətib, imzatoplama kampaniyası haqqıda danışdı: “Həmd olsun Allaha ki, hicab qadağasının ləğvi üçün başladılan yüzminlik kampaniya atrıq son mərhələsindədir. 131 mindən çox imza toplanıb. Artıq dövlət başçısına təqdim etmə prosesi yaşanır. Mən imza toplamada iştirak edən, qol çəkən, dua edən hər kəsə təşəkkür edirəm. Allah Təala bu izzətli zəhmətləri qəbul etsin, ibadətdən yazsın, inşəallah”.

Xütbənin davamında xətib Somalidə yaşanan faciəyə toxundu: “Somalidə insanlar aclıq içindədir. Nə etməli barədə düşünmək lazımdır. Biz bilməliyik ki, hər şey düşünməkdən asılıdır. Maddi köməyin böyüklüyü çox da önəmli deyil. Bəzən bizim önəm vermədiyimiz çox kiçik pul Somalidə bir insanı, bir körpəni doyura bilər”.

Cümə xətibi son günlərdə baş verən dindar həbslərindən də danışdı: “Dindarlara qarşı təqiblər yenidən başlayıb. İnsanları narkotik ittihamı ilə tuturlar. Ramazan ayını yaşayırıq. Oruc tutan, namaz qılan insanlar hara, narkotik hara?! Bu ayda baş verən bu təqiblər xüsusilə üzücüdür. Ümumiyyətlə keçən ilin fevralından Peyğəmbərin (s) mövludunda həbs edilən Peyğəmbər (s) məhbusları, Nardaranda həbs edilən Quran müəllimi və hal-hazırda hicaba görə həbsdə olan qardaşlarımız - bizim diqqətimizdədirlər. Hər bir kəs onların tez bir zamanda azadlığa çıxması barədə düşünməlidir. Ümid edirik ki, hicab məsələsi həll olunan kimi bu məsələlər də inşəallah həllini tapar. Həmişə bu haqda demişik. Hicab qadağası bizim dövlətçiliyimizə ziyandır. 2012-13-cu il də Azərbaycan BMT-nin xüsusi üzvu olaraq seçilə bilər. Və müsəlman ölkələri bizə səs verəcəklər. Bu baxımdan İslama ehtiram, inanc əhlinə diqqət - bizim həm dovlət maraqlarımıza, həm də milli maraqlarımıza xirmət edir”.

Hacı ilqar həmçinin inanc əhlıini fitnəyə getməməyə çağırdı: “Belə dövrlərdə fitnələr daha yaxşı qıdalana bilir. İnanc əhli gərək fitnələrə getməsin. Dinimiz tədbirliliyi əsas götürür”.

Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
Comment