0
Wednesday 17 March 2021 - 01:15

Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlud günüdür

Story Code : 921946
Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlud günüdür
SalamNews xəbər verir ki, İmam Hüseyn (ə) hicrətin 4-cü ilində şaban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb. İmam ömrünün altı ilini babası peyğəmbər (s) ilə keçirib. Həzrət Peyğəmbər həmişə nəvələri imam Hüseyn və imam Həsənə baxıb fərəh hissi duyar və deyərdi: "Onlar cənnət gənclərinin ağalarıdırlar. Onları incidən məni incidib, Onları sevindirəm məni sevindirib."

Həzrət Fatimə Məhəmməd Peyğəmbərin İmam Hüseyni ilk dəfə görməsi haqda buyurur:

"Hüseynin anadan olduğu gün Allah Rəsulu evimizə gəldi. Sarı parçaya bükülmüş uşağı ona verdim. O, sarı parçanı kənara ataraq uşağı ağ parçaya büküb dedi: "Ey Fatimə, al (bu) uşağı. O, imam və imam övladı, doqquz pak və məsum imam atasıdır və onların doqquzuncusu Qaim imam Mehdidir.”

Bərra ibn Azib belə nəql edir:

"Gördüm ki, Allah Rəsulu (s) Hüseyni qucağına alıb deyir: "Pərvərdigara, mən onu sevirəm, Sən də onu sev!”

İslam Peyğəmbəri (s) buyurub:

"Yer əhlindən hər kim, səma əhlinin yanında ən sevimli olan şəxsi tanıyıb, ona tamaşa etmək istəyirsə, Hüseynə baxsın!”

Məhəmməd peyğəmbərdən İmam Hüseynə itaət etmək haqda maraqlı hədis nəql edilir. Hədisdə deyilir:

"Hüseyn cənnət gənclərinin sərvəri, ümmətin xilas qapısıdır. Onun əmri mənim əmrim, ona itaət mənə itaətdir. Onun yolu ilə gedən məndəndir, ona qarşı çıxan isə məndən ayrıdır!”

İmam Hüseyn Həzrət peyğəmbərin (s) vəfatından sonra otuz il atası həzrət İmam Әli (ə) ilə eyni dövrdə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olub və həmişə atası ilə çiyin-çiyinə islamın təbliği və ədalətin bərpası yolunda çalışıb. İmam Əlinin şəhadətindən sonra qardaşı İmam Həsənə (ə) beyət edib.

İmam Həsən (ə) Müaviyə ibni Əbu-Sufyan tərəfindən şəhid edildikdən sonra İmam Hüseyn (ə) imamət məqamına yetişib.

İmam Hüseynin (ə) həyatının bütün mərhələləri qəhrəmanlıq və şücaət məktəbidir. Əsrlər boyu formalaşan ənənəyə uyğun olaraq, Əhli-beytdən (ə) söz düşdükdə, hər imam fərqli simalarda təsvir edilir. İmam Hüseyn (ə) dünyada fədakarlığın ən bariz rəmzi kimi hər il Azərbaycanda da anılır. Hər il məhərrəm ayında insanlar İmam Hüseynin (ə) fədakarlığını yad edərək, ona olan eşqlərini nümayiş etdirirlər.

İmam Hüseynə aid ayinlərin hər il keçirilməsi də əbəs yerə deyil, və bu hissin əslində mənəvi bir hikməti var.

Məhəmməd Peyğəmbər bu haqda buyurub:

“Hüseynin şəhid olmasına görə möminlərin qəlbində elə bir hərarət yaranıb ki, heç vaxt sönən deyil.”

İmam Hüseynin (ə) mövludu digər ölkələrdə olduğu kimi Azərbaycanda da inanclılar tərəfindən qeyd edilməkdədir.