0
Tuesday 4 May 2021 - 03:13

Müsəlmanların birinci imamı Həzrəti Əlinin (ə) şəhadət günüdür

Story Code : 930606
Müsəlmanların birinci imamı Həzrəti Əlinin (ə) şəhadət günüdür
SalamNews xəbər verir ki, hər il olduğu kimi bu il də ramazanın 21-i İmam Əlinin şəhadəti və ikinci qədr gecəsi birgə qeyd edilir.

Hicrətin 40-ci ilində Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb. İmam iki gün sonra yəni ramazanın 21-də aldığı həmin yaradan şəhid olub.

Ona görə bu gün Qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda məsum İmamın şəhid olan günü kimi də tarixə düşüb.

Bununla əlaqədar, Azərbaycanın müsəlman əhalisi də Qədr gecəsinin ibadətlərini yerinə yetirməklə yanaşı, imamları üçün əzadarlıq keçirirlər. Əza məclislərində İmam Əlinin (ə) saysız hesabsız fəzilətlərindən və islam dini yolunda göstərdiyi xidmətlərdən danışılır. Sadəcə bu fərqlə ki, bu və ötən il koronavirus pandemiyasına görə, ramazanın 21-i gecəsi əzadarlıq və ibadətlər camaat halında deyil, fərdi şəkildə həyata keçirilir.

Rəvayətlərə görə imam terrora məruz qaldıqdan sonra üzünü oğlu Həsən ibni Əliyə (ə) tutub deyir: Əgər mən dünyadan köçsəm, bu qatilə yalnız bir zərbə vurarsınız. Necə ki, mənə bir zərbə vurmuşdu. Əgər sağ qalsam, özüm nə edəcəyimi bilirəm. İmam sonra əmr etdi ki, İbni-Mülcəmə yemək və su versinlər.

Əlavə edək ki, Qədr gecəsinin ikinci gününün bəzi əməlləri İmam Əlinin və digər məsum imamların şəninə həyata keçirilir.

Bəndə Qədr gecəsində Quranı başa qoyaraq, Peyğəmbərin, İmam Əlinin və sair imamların adını çəkir və dualarının qəbul olmasında bu müqəddəs şəxsləri Allah dərgahında vasitə salır.