0
Sunday 20 June 2021 - 13:30

Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq istəyir!

Story Code : 939084
Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq istəyir!
Mövlud Çavuşoğlu: “Bu gün Ermənistanda reallaşmaqda olan seçkilər təbii ki, Ermənistan xalqının öz seçim haqqıdır. Amma ümid edirəm ki, seçkidən sonrakı rəhbərlik daha öncəki xətalardan dərs alaraq regionda sülhün tək yolunun qonşularla yaxşı davranmaq olduğunu anlayacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Antalya şəhərində “Antalya Diplomatiya Forumu” keçirilib. Nazir bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırıb.

M.Çavuşoğlu deyib ki, Azərbaycanın 44 günlük müharibə ilə öz torpaqlarını işğaldan azad etdikdən sonra, regionda rifah yaratmaq üçün addım atmaq qərarlılığı var: “Bunu hər zaman həm İlham Əliyev, həm də Tayyib Ərdoğan vurğulayır, bütün dünya da buna şahiddir”.

Nazir deyib ki, bir çox layihələrin həyata keçirilməsi imkanı var ki, bundan da ən çox qazanc əldə edən ölkə Ermənistan olacaq: “Ermənistan keçmişdəki xətalı siyasəti üzündən Cənubi Qafqaz ölkələri ilə müqayisədə geridə qalıb, bu da öz qəbahətidir. Ermənistan kin-küdurəti bir kənara buraxıb artıq qonşularla yaxşı davranmasını düşünməlidir”.

Nazir deyib ki, bu halda mərhələli şəkildə Ermənistanla münasibətlər normallaşa bilər: “Bu mövzularda Azərbaycanla bərabər qərar verə bilərik. Ermənistanla sərhədlərin açılması məsələsi var. Bir çox quru yol və dəmiryolla bağlı layihələr mövcuddur. Məqsəd nədir, sərhədləri açmaq. Bununla da ticarət, yatırımlar artar, buna da imkanlar var. Türkiyə-Azərbaycan əlaqələri əlbəttə bu sülh mühitinə daha çox dəstək verər. Bizim əlaqələrimiz zatən bir millət iki dövlət prinsipi əsasında qurulub”.