0
Wednesday 24 August 2011 - 16:48

Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb

Story Code : 94197
Liviya - Azərbaycan
Liviya - Azərbaycan
Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. APA-nın məlumatına görə, bayrağı Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə qaldırıb. O jurnalistlərə açıqlamasında “Bu gün biz Liviyanın bayramını, Liviya inqilabçılarının qələbəsini qeyd edirik. Şükürlər olsun ki, artıq diktator Müəmmər Qəddafi devrilib. Biz bunu sevinclə qeyd edirik”, - deyib.

Müvəqqəti işlər vəkili bildirib ki, bu bayrağın qaldırılması o deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və “diktator Qəddafiyə artıq tabe deyil” deyir.

O, həmçinin bildirib ki, artıq dünyanın 60 ölkəsi Liviyanın Milli Keçid Şurasının legitimliyini tanıyıb: “İnanırıq ki, yaxın zamanlarda Azərbaycan da Liviyanın Milli Keçid Şurasını tanıyacaq”.

Jurnalistlərin suallarını cavablandıran müvəqqəti işlər vəkili bildirib ki, Liviyanın paytaxtı Tripoli şəhəri tam şəkildə Milli Keçid Şurasının nəzarəti altındadır: “Xırda problemlər var, amma o problemlər də yaxın günlərdə aradan qaldırılacaq”.

Diplomat Müəmmər Qəddafinin hazırda yerinin məlum olmadığını deyib.
Comment