QR CodeQR Code

AİP Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Faktxeber , 20 Jul 2021 10:23

Islamtimes - Azərbaycan İslam Partiyası Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edir.


Qurumun Mətbuat Xidmətindən redaksiyamıza daxil olan təbrikdə deyilir:
“Allah Təalanın təqdiri və vəhyi-əmrilə Həzrət İbrahim Peyğəmbərdən yadigar qalan, O Həzrətin  Allaha bəndəçiliyinin  ən uca məqamını, fəlsəfi  mahiyyətini, həm də Uca Yaradanın insana rəhməti və sonsuz sevgisini göstərən əzəmətli  Qurban bayramı sevindirici və düşündürücü əlamətləri ilə günümüzə qədəm qoyur. Bu əzəmətli bayram münasibətilə həmvətənlərimizi,  bütün  qardaş və bacıları, dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirik. 
Qurban bayramı Allahın təqdir etdiyi  əlamətdar hadisələrdən biri kimi İnsanlıq durduqca Yaradanın bəşər övladına  sevgisinin və rəhmətinin  daimi göstəricisi olaraq qeyd ediləcək. Bu bayram həm də fəlsəfi mahiyyətinə görə bizlərə cəmiyyətin bütövlüyünü, onun təbəqələri arasında olan insani münasibətləri qorumağı  və tənzimləməyi , mənəvi göstərici kimi zəruri ictimai dəylərləri  təlqin edir. Bu müqəddəs məqam  vasitəsilə Uca Yaradan bəşəriyyəti  haqqa və ədalətə, ləyaqətli bəndəçiliyə çağırır. Sübut edir ki,  İnsan malik olduğu bütün varlıqlardan və ən əziz nemətlərdən belə  Allah üçün, Onun əmrini yerinə yetirməyə rəğmən dəyərlənir,  ucalır, əbədi olan rəhmət nemətinə qərq olur. 
Allah-Təala bu nümunəni -Həzrət İbpahim Peyğəmbərin  yeganə əziz-xələfi olan İsmailin Allah yolunda qurban kəsməyə hazır olması və İsmailin anası Hacərin güclü imanı və bu üç şəxsiyyətin tərəddüd etmədən düzgün seçimini bəşəriyyətə təqdim etməklə insanın həqiqi kamillik yolunu göstərmişdir.
Təəssüflər olsun ki, Allah-Təalanın bu imtahanından düzgün nəticə çıxarmaq əvəzinə insanlığa qarşı bəzən yersiz və ciddi haqsızlıqlar törədilir, ədalətsiz müharibələr, qətliamlar və zülmlər həyata keçirilir. Bu qeyri-adekvat münasibət hakim zümrələrin sadə insanlara, Allah, vətən, torpaq, din yolunda hər şeydən keçə bilən möminlərə, hətta din alimlərinə qarşı münasibətində də baş verir. Ölkəmizdə din xadimlərinə, alimlərinə qarşı baş verən həqarətlər, İslam dəyərlərinin həqiqi  daşıyıcılarınin cəmiyyətdən təcrid olunaraq zindanlara salınması biz müsəlmanlara, xalqımızın əsl düşmənlə mübarizədə birliyinə   zərərdən başqa bir şey vəd etmir.  Bütün bunlar İraqda, Suriyada, Fələstində, Əfqanıstanda, Yəməndə, Kəşmirdə və başqa müsəlman məmləkətlərində baş verən haqsızlıqlara və buna  xristian ölkələrinin, dünyanın demokratik təsisatlarının, insan haqlarını müdafiə etməli olan beynəlxalq təşkilatların susması və biganəliyinə səbəb olan amillərə xidmət edir. 
 Biz Allahdan hər növ haqsızlıqlar törədən qövmlərin, ayrı-ayrı  hakimlərin tezliklə hidayət olunmasını, işğal altında olan bütün müsəlman  torpaqlarının istismarçı siniflərdən azad edilməsini  diləyirik. Arzu edirik ki, İnşaAllah dindar qardaşlarımız, o cümlədən Hacı Mövsüm, Hacı İlham, Hacı Abgül və digər ruhani alimlərimiz tezliklə haqq etmədikləri zindanlardan azad olsunlar, ailələrinə qovuşaraq bu əziz günləri övladları ilə birgə keçirsinlər. 
Bir daha Azərbaycanımızın  müsəlman xalqını, dünya müsəlmanlarını mərhəmət dolu müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Evlərinizə bol ruzi-bərəkət, qəlblərinizə Allah sevgisi, hər kəsə can sağlığı, xoş axirət diləyirik. Allah mərhəmət və rəhmət niyyətilə kəsdiyiniz qurbanları qəbul etsin!”
 


Story Code: 944344

News Link :
https://www.islamtimes.org/az/news/944344/aip-azərbaycan-xalqını-qurban-bayramı-münasibətilə-təbrik-edib

Islam Times
  https://www.islamtimes.org